“Naxçıvan dəhlizi Türkiyənin Azərbaycana və Orta Asiyaya açılan qapısı olacaq” – Rahmi İncəkara

10:07 08.12.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan torpaqları Ermənistan ordusunun işğalından azad edildikdən sonra, Naxçıvanla Azərbaycanın əsas hissəni birləşdirəcək dəhlizin yaradılması planı gündəmi zəbt edib. Xüsusilə də, qələbə münasibətilə dekabrın 8-də Bakıda keçirilən hərbi parad ərəfəsində, Naxçıvan dəhlizi məsələsini Azərbaycanın və bütün türk dünyasının uğuru adlandırılır.

Enerji məsələləri üzrə mütəxəssis, İstanbul Şəhər Universitetinin doktoru Rahmi İncəkara bildirir ki, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsinin ən böyük zəfəri sərhədlərin bərpa olunmasıdırsa, ikinci böyük qələbəsi Naxçıvanla Zəngilan rayonu arasında yaradılacağı gözlənilən dəhlizdir. “Məhz bu dəhliz sayəsində Türkiyə ilə Orta Asiya arasında geopolitik, enerji və ticarət sahəsində yeni dönəm başlayacaq. Bunda sonra, Türkiyə məhsul idxal etdiyi ölkələrlə təbii qaz ticarətində daha güclü mövqedə olacaq. Naxçıvanda həyat yenidən qaynayacaq, sosial-iqtisadi inkişafa stimul veriləcək və təbii ki, bütün hallarda nəticələr Türkiyəyə yalnız uğurlar vəd edir. Yuxarıda qeyd etdiyim kimi, Naxçıvan dəhlizinin bərpa olunması Türkiyəyə həm lojistik, həm geopolitik, həm də enerji dəhlizi baxımından yeni fürsətlər verəcək" deyən R.İncəkaranın fikrincə, əgər sözügedən dəhliz Azərbaycan ərazilərini birbaşa bir-birinə bağlayacaqsa, bu yol həm də Türkiyənin Azərbaycana və Orta Asiyaya açılan qapısı olacaq.

İqtisadçı deyir ki, Türkiyə tranzit yollar üzərində yerləşdiyi üçün daha şanslıdır və dəhlizdən maksimum fayda götürəcəyi şübhəsizdir. O cümlədən, enerji mənbələrinə də asanlıqla bağlana biləcək. Azərbaycanın da böyük gəlirləri olacaq. Onun sözlərinə görə, birincisi, Azərbaycan Naxçıvana qaz göndərmək üçün hər il İrana 15 faizlik rüsum ödəyirdi və bundan sonra həmin qism özünə qalacaq. “Üstəlik, Naxçıvanın Türkiyə ilə birbaşa sərhədinin olması da ona qazandıracaq. Çünki bölgəni qazla təchiz edəcək kəmərin tikilməsi həm Naxçıvanı enerji blokadasından çıxaracaq, həm də Türkiyəyə daha qısa yolla və daha az vəsaitə başa gələcək qaz nəqlini mümkün edəcək. Bu da Türkiyənin bir az daha zəif qalan şimal-şərq vilayətlərinin iqtisadiyyatının inkişafına təkan verəcək. Bu gün Türkiyə hər min kubmetr qaz üçün İrana 490 dollar ödəyir. Hansı ki, Azərbaycandan aldığı qazın hər min kubmetri 335 dollara başa gəlir. Deməli, Naxçıvan üzərindən çəkiləcək kəmərlə Türkiyəyə veriləcək qaz üçün ölkəmiz hər min kubmetr məhsula 155 dollar daha az pul verəcək”, - deyir cənab İncəkara.

İqtisadçı ekspertin sözlərinə görə, ümumiyyətlə, Naxçıvan dəhlizinin açılması ilə İranın mövcud qaz bazarı daha da daralacaq. Çünki, Türkiyənin İranla qaz ticarətinə dair bağladığı sazişin vaxtı 2026-cı ildə başa çatır. Bundan sonra, Türkiyə qaz sazişini yeniləmək üçün İranı ya qiymətləri endirməyə məcbur edəcək, ya da daha ucuz Azərbaycan bazarına yönələcək. Çox güman ki, İran Türkiyə kimi böyük və etibarlı bazarı itirməmək xatirinə güzəştə getməyə məcbur olacaq. Bölgənin çətin keçilən dağlıq relyefə malik olduğunu xatırladan R.İncəkara qeyd edir ki, Azərbaycandan Naxçıvan üzərindən keçməklə Türkiyəyə uzanacaq boru xəttinin tikinti müddətinin vaxtı və maliyyə xərclərinin miqdarı da çox vacibdir. Onun sözlərinə görə, 2017-ci ildə Türkmənistanla Türkiyə arasında təbii qaz ticarətinə dair saziş imzalanacaqdı, amma layihənin baha başa gəlməsi səbəbindən imzalar atılmayıb. Odur ki, Naxçıvan dəhlizinin açılması Türkmənistan qazının bu istiqamətlə Türkiyəyə, oradan da Avropaya ötürülməsi üçün də yaxşı fürsət yaradacaq.