Neft bazarı çalxalanır – Aktual

10:41 10.03.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi fonunda dünya bazarlarında neftin qiyməti durmadan bahalaşır. ABŞ-ın Rusiya neftindən imtinası ilə bağlı qərarından sonra, “qara qızıl”ın qiyməti bir qədər də bahalaşıb. Hazırda brent markalı neftin 1 barelinin qiyməti 136 dollardan baha təklif olunur. Bəzi ekspertlər, hətta  Avropanın da sanksiyalara qoşulacağı halda neftin 200 dollara satılacağını istisna etmirlər.

Bəs, görəsən, növbəti günlərdə neftin qiyməti necə dəyişəcək? Bahalaşma hansı psixoloji həddə kimi davam edə bilər? Qərbin Rusiya neftindən imtina edəcəyi indiki halda nə dərəcədə realdır?

Məsələni hafta.az-a şərh edən ARDNŞ-nin keçmiş prezidenti Sabit Bağırov deyir ki, mövcud vəziyyət Rusiya və Ukrayna arasında münasibətlərin gedişatından asılıdır:

“Hesab edirəm, neft indiki qiymətlərdən təxminən bir qədər də baha satılacaq. Müharbə başa çatandan sonra qiymətlərdə enmə müşahidə olunacaq. Digər tərəfdən, gözlənilir ki, İran və digər ölkələr neft hasilatını artıracaqlar. Təbii ki, bu prosesə Azərbaycan da qoşulacaq. Dünya hasilatında Azərbaycanın payı çox az olduğundan, onun prosesə qoşulması bazar üçün elə də mühüm deyildir. O ki qaldı Avropa ölkələrinin Rusiya neftindən imtina məsələsinə, düşünürəm, Qərb bu prosesə qoşulmağa tələsməyəcək. Bunun üçün bazarda Rusiyanın əvəzedicisi olmalıdır. Bu da ki, hələ yoxdur. Amerika imtima edib, amma bu ölkənin Rusiyadan aldığı neftin payı istehlakda cəmi 3 faizdir. Ona görə ABŞ üçün imtina problem deyil. Britaniya da bu istiqamətdə addımlar atır, yəqin ki, yaxın günlərdə elan edəcəklər. Düşünürəm ki, digər ölkələr bu prosesə qoşulmaqda tələsməyəcəklər və o vaxta kimi müharibə də bitər”.

Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov isə hesab edir ki, ABŞ-ın Rusiya neftindən imtina ilə bağlı qərarı dünya bazarında neftin qiymətindəki artımları daha da sürətləndirəcək:

“Ağ ev Rusiyadan xam neft daxil olmaqla bütün enerji məhsullarının idxalını dayandırır. ABŞ-ın ən yaxın müttəfiqi olan Böyük Britaniya ilin sonunadək Rusiya nefti ilə vidalaşmağı düşünür. Bu zamanadək Böyük Britaniya alternativ mənbələr tapmağa çalışacaq. Aydındır ki, bu addım dünya bazarında neftin qiymətindəki artımları daha da sürətləndirəcək. Sanksiyalar qüvvəyə mindikdən sonra, neftin qiymətinin 150 dollaradək yüksəlməsi çox zaman almayacaq. Bəzi ekspertlər isə Avropanın sanksiyalara qoşulacağı halda neftin 200 dollara satılacağını da istisna etmirlər. Qeyd edim ki, ABŞ və Səudiyə Ərəbistanından sonra dünyada üçüncü ən böyük hasilatçı olan Rusiya qlobal bazara gündəlik 5 milyon barel neft çıxarır. ABŞ üçün Rusiya neftindən imtina qərarı elə də çətin deyildi. Rusiya Birləşmiş Ştatların neft idxalında cəmi 3 faiz paya malikdir. Rusiya enerji ixracatının 50 faizi isə Avropanın payına düşür. Bu baxımdan, Avropada Rusiyadan gələn neft borularının bağlamaq üçün hələlik zaman lazımdır.

Birləşmiş Ştatların isə OPEC-dən və xüsusən də Səudiyyə Ərəbistanından neft hasilatını artırmağı istəyəcəyi gözlənilir. Qərb daha qısa zamanda Rusiya neftinə alternativ tapmağa çalışır. Əks addım olaraq, Rusiyanın da Avropaya mavi qaz nəqlinin dayandırması da istisna deyil. Avropa qaz idxalının 40 faizini hələ də Rusiyadan almaqdadır. Bütün hallarda görünən odur ki, bu həftə birjalarda ciddi çalxalanmalar olacaq. Dünya iqtisadiyyatı da yeni dönəmə daxil olmaqdadır. İnfilyasiyanın sürətlənəcəyi bu dönəmdə “İngilis qaydaları” prosesləri diqtə etməkdədir. Bununla belə, müharibə yalnız qiymətləri artırmır, eyni zamanda neft bazarında "köpüklər" yaradır. Bu "köpüklər" isə hər zaman partlaya bilər. Bu isə o deməkdir ki, qiymətlərin kəskin artımı iqtisadi deyil, psixoloji və siyasi faktorlar ilə bağlıdır. Doğrudur, Rusiyaya qarşı sanksiyalar genişlənsə neft bazarındakı gərginlik hələ bir müddət müşahidə olunacaq. Neftin qiyməti müharibənin başlamasına verdiyi reaksiyanı əks olaraq savaşın bitməsinə də verə bilər. Bu halda yenidən neftin qiymətləri ucuzlaşa bilər. Bununla belə, mövcud status-kvo neftin qiymətlərinin artmasını şərtləndirir. Neft bazarında uzun müddətli dayanıqlıqdan və stabillikdən danışmaq hələlik mümkün deyil”.