Neft bazarında dəyişən qiymətlər - Təhlil

15:14 18.08.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

İlin əvvəlindən qiyməti sürətlə bahalaşmağa başlayan “qara qızıl” son günlər dəyərdən düşməkdədir. Hazırda dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,50 ABŞ dolları, yaxud 0,53 faiz azalaraq 94,11 ABŞ dolları təşkil edir. Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 92,34 ABŞ dollardan satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir. Azərbaycanın builki dövlət büdcəsində isə bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Yeri gəlmişkən qeyd edək ki, 2022-ci ilin ikinci yarısından neftin uçuzlaşa biləcəyi proqnoz edilirdi. Hətta bu yaxınlarda ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə ölkə Prezidenti də dünyada gözlənilən iqtisadi böhrana toxunmuşdu və vurğulamışdı ki, resessiya baş verərsə, ilk növbədə neftin qiymətinə mənfi təsir göstərəcək. Ona görə də gələn ilin büdcəsində neftin qiymətinin düzgün seçilməli olduğunu önə çəkmişdi.

Maraqlıdır, əgər böhran baş verərsə büdcədə neftin orta qiyməti neçədən nəzərdə tutulmalıdır ki, proqnoz özünü doğrultsun? İlin sonuna doğru neft bazarında qiymətlər hansı formada dəyişə bilər? Neftin yenidən kəskin bahalaşması gözlənirmi? Azərbaycanın bu il neftdən əldə edəcəyi gəlirlərin həcmi təxminən nə qədər olacaq?

Məsələni hafta.az-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rərbəri İlham Şaban bildirib ki, dünya bazarında neftin qiymətinin bahalaşması Rusiya faktorundan qaynaqlanırdı:

“Bu ilin ikinci ayında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladı. Güman edilirdi ki, bu müdaxilə maksimum bir həftə ərzində bitəcək. Sonra münaqişə uzunmüddətli dövrü əhatə etdi və nəticə etibarilə bütün ticari əlaqələr zəncirini pozdu. Təbii ki, mövcud risklər, emosionallıqlar bazara kifayət qədər təsir etdi və neftin qiyməti yüksək həddə qalxdı. Martın 7-də neft 139 dollara qədər bahalaşdı. Ondan sonrakı dövrlərdə biz artıq neftin qiymətinin ucuzlaşmasını, ancaq iyun ayının əvvəlində yenidən yüksəlməsini müşahidə etdik. Bu da müharibənin yeni bir dalğası idi və ikinci bir tərəfdən artıq təkrar qiymətdə enmə müşahidə edirik. Nəyə görə belə oldu? İlk növbədə dünya üzrə bütün iqtisadi göstəricilər aşağı səviyyədə korrektə olundu. Yəni, dünyanın iqtisadi inkişaf tempi azalacaq, bununla da az həcmdə enerji lazım olacaq. İkinci bir tərəfdən son bir həftədə açıqlanan məlumatlardan məlum oldu ki, bazara kifayət qədər neft çıxarılır və bu neft həcmləri 2019-cu il həcmlərinə bərabərdir. Baxmayaraq ki, Rusiyanın nə qədər təhdidləri oldu, digər ölkələr, o cümlədən ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, həttaİran belə bazara kifayət qədər neft çıxarıblar. Bu neftin qiymətinin 10 dollardan çox ucuzlaşmasına gətirib çıxardı. Sonrakı ucuzlaşma isə hansı ki, neftin qiymətini 95 dollardan aşağı saldı, Çinin neftin idxalını azaltması ilə bağlı xəbəri oldu”.

Ekspert vurğulayıb ki, ilin sonuna olan proqnozlara görə, dekabr ayına neftin qiymətləri 70-75 dollara qədər ucuzlaşa bilər: “Ancaq ümumilikdə cari il üçün neftin orta qiymətinin 95 dollardan aşağı olmayacağı proqnoz edilir. Bu mənada Azərbaycan üçün hansısa təhlükə yoxdur. Əgər qiymətlərə baxsaq, görərik ki, gərək neftin dəyəri 40 dollara qədər ucuzlaşsın ki, biz həyəcan təbili çalaq. Büdcəyə son dəyişikliklər zamanı maliyyə naziri belə bir rəqəm açıqlamışdı ki, ilin 6 ayında neftin orta qiyməti 103 dollar olub. Hansı ki, bu müddətə qədər büdcədə qiymət 50 dollardan proqnoz edilmişdi. Yəni, bizim üçün hazırda kifayət qədər təhlükəsizlik yastığı mövcuddur. Və Azərbaycan həmin vəsaitlərdən rassional şəkildə istifadə etməlidir. Əgər biz Dövlət Statistika Komitəsinin məlumatlarına baxsaq, bu ilin 7 ayının yekununa görə, büdcənin profisiti 2,1 milyard manatdır. Yəni, bizim gəlirimiz xərcimizdən daha çoxdur”.

Məsələ ilə bağlı hafta.az-la fikirlərini bölüşən millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib ki, ümumiyyətlə, neft bazarında volatillik davam edir: “Son 1 ayın statistikası göstərir ki, neftin dünya bazarındakı qiymətində 14 faizə yaxın azalma qeydə alınıb. Düzdür, dünya bazarında neftin qiyməti hər barel üçün 90 dollardan yüksək satılır. Amma nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsindən sonra uzun müddət neftin bazarda qiyməti hər barel üçün 100 dollardan yüksək idi. Ona görə də bu baxımdan təbii ki, istisna deyil ki, xüsusən də növbəti neftə olan tələbin azalması fonunda qiymətlərin yenidən dəyişməsi mümkündür. Təbii ki, neft bazarı həm də siyasi faktorlarla əlaqəlidir. Ona görə də birmənalı şəkildə qiymətlərin necə dəyişəcəyini proqnozlaşdırmaq praktik olaraq mümkün deyil. Aparıcı neft şirkətləri belə qiymətləri proqnozlaşdırmır. Volatillik yüksəkdir, istənilən zaman bazardakı dəyişikliklər qiymətlərə təsir göstərir. Sözsüz ki, növbəti ilin büdcə layihəsində də neftin dünya bazarındakı qiyməti daha konservativ götürülməsi məqsədəuyğundur. Xüsusən nəzərə alsaq ki, hətta Rusiya-Ukrayna müharibəsi davam etsə də belə, amma müharibənin enerji bazarlarına təsirləri getdikcə minimumlaşır. Bu konteksdən növbəti ildə də mövcud durum neft bazarlarına daha az təsir göstərə bilər. Düşünürəm ki, büdcəyə sonuncu dəyişikliklərdən sonra müəyyənləşdirilmiş qiymətdən, yəni 85 dollardan daha aşağı qiymətin gələn ilin büdcəsində proqnoz edilməsinə ehtiyac var. Bu nəticə etibarilə büdcə layihəsinin konservativliyinin  və reallığının möhkəmləndirilməsi baxımından da vacibdir. Digər tərəfdən, neftin qiyməti Azərbaycan üçün vacibdir.  Azərbaycan ixracatının 85 faizdən çoxunu neft və neft məhsulları təşkil edir. Ona görə də neftin dünya bazarında qiymətinin artması ölkəyə daha çox vəsaitin daxil olması və o cümlədən Neft Fondunun gəlirlərinin artmasına imkan yaradır. Amma Azərbaycan yüksək qiymətlər daha sonrakı dövrdə azalmalarla müşahidə olunduğu üçün daha stabil qiymətlərdə maraqlıdır. Son statistika göstərir ki, məhz neft ölkələri üçün daha məqbul qiymət hər barel üçün qiymətin 80-90 dollar intervalında dəyişməsidir”.

Oxunma sayı 142