Neftin qiymət artımı -SƏBƏB

11:42 24.02.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bazar iştirakçıları məsələyə o səpkidən yanaşırlar ki, Rusiya əsas təchizatçı rolundadır və təchizatda hərbi-siyasi gərginliklə əlaqədar zəncirin qırılması baş verə bilər

“Hazırda neftin 1 barreli 99-100 dollara satılır. Rusiya Prezidentinin sözçüsü Peskov bəyanat verərək qeyd edib ki, Rusiya iki tanınmamış respublikanı özlərini hansı sərhədlərdə tanıyıblarsa, həmin coğrafi koordinatlarda tanıyıb. Hesab edirəm, bu bəyanat gərginləşmiş münasibətləri  nisbətən  səngidəcək”.

Bu fikirləri hafta.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib:

“Əslində, dünən hamı qorxuya düşmüşdü ki, Rusiya Ordusu “Donetsk və Luqansk Xalq respublikaları”nın sovet dönəmindən administrativ əraziləri hesab olunan koordinatlara kimi, Ukrayna Ordusunu geri çəkilməyə məcbur etmək məqsədilə hərbi əməliyyatlara başlayacaq. Bu, baş vermədi. İkinci tərəfdən, həm Avropa Birliyindən Cozef Borrelin, həm də Baydenin sözçüsünün açıqlamasından bilinmədir ki, onlar nə demək istəyirlər. Onlar bəyan etdilər ki, Rusiya Ukrayna ərazisindədir, amma hərbi müdaxilə baş verməyib”.

Onun sözlərinə görə, istənilən hadisə baş verən zaman ona emosional yanaşma olur: “Bu hadisədə də eyni vəziyyətdir. Hazırda “vulkan” yavaş-yavaş səngiməyə doğru gedir. Bazar iştirakçıları məsələyə o səpkidən yanaşırlar ki, Rusiya əsas təchizatçı rolundadır və təchizatda hərbi-siyasi gərginliklə əlaqədar zəncirin qırılması baş verə bilər. Ona görə neftin  qiymətinin 95 dollardan 99 dolları keçməsi halı sırf siyasi riski özündə ehtiva edən qiymətdir. Yəni, bunun  iqtisadi məsələlərə aidiyyəti yoxdur”.

Ukrayna və Rusiya arasında baş verən gərginliyin dərinləşməsi fonunda qazın qiymətinin necə dəyişəcəyinə gəlincə, İ.Şaban  vurğulayır ki, bu, Rusiyaya tətbiq olunacaq sanksiyalardan asılıdır: “Ağ ev ilkin olaraq sanksiyalarını elan etdi və Ağ evdən bildirildi ki, qondarma respublikalarda fəaliyyət göstərən bütün  şirkətlərə sanksiya tətbiq edilir. Axı, bu sanksiyadan dünyaya nə? Yəni, adı olsun  ki, sanksiya tətbiq olundu. Bu, əgər “Qazprom”a tətbiq olunsa, o zaman vəziyyət başqa cür olardı. Təbii ki, Avropaya gedən qazın 40 faizi “Qazprom”un payına düşür. O zaman  vəziyyət gərginləşə bilərdi. Bu, baş verdi, bəs sonra nə olacaq? Alternativ varmı? Tutaq ki, 40 faizin 10 faizi başqa mənbələrdən qarşılansın. Yerdə qalan 30 faiz nəyin hesabına qarşılanacaq? Məsələn, keçən il Rusiyadan 50 milyon ton kömür idxal olunub. Bəs, bu məsələ necə olacaq?   Avropada ötən il 5 dəfə elektrik enerjisinin qiyməti qalxıb. Deməyim odur ki, sanksiya tətbiq edilə bilər, amma bu sanksiyanın enerji sektoruna tətbiq olunacağına inanmıram. O zaman Avropa özü Amerika ilə üz-göz olacaq ki, sanksiya tətbiq edirsənsə, bunun mənə kompensasiyasını ödəməlisən”.