“Nəqliyyatda daşınmanı yalnız avtobusların üzərinə yükləmək daha ciddi fəsadlara yol açacaq” – Fazil Mustafa

11:23 06.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Operativ Qərərgahın bu mövzuda nə düşündüyünü bilmirəm, ancaq düşünürəm ki, nəqliyyatda daşınmanı yalnız avtobusların üzərinə yükləmək daha ciddi fəsadlara yol açacaq. Çox sayda vətəndaş bu məsələ ilə bağlı bizə müraciət edirlər və narahatçılığını çatdırırlar. Bunların çoxu da bizim seçicilər olduğuna görə biz də narahatçılıq keçiririk”.

Hafta.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, metro olmadığına görə adam Bakıxanov qəsəbəsindən mərkəzə gəlmək üçün üç avtobus marşurutu dəyişir, həm işə gecikir, həm də virusa yoluxma risqi ilə qarşılaşmalı olur:

“Təsəvvür edin ki, iş yerlərinin bir qismi açılıb, avtobusdan başqa da ictimai nəqliyyat vasitəsi yox. Avtobus sürücüsü də məcburdur ki, yer oldu-olmadı, işə tələsən adamları avtobusa yığsın. Həm də sürücü üçün avtobusa daxil olanlardan maska taxmağı tələb etmək də praktik olaraq mümkünsüzdür”.
Millət vəkili bildirib ki, bizim cəmiyyətdə müsibətlə başa düşənlərin sayı nəsihətlə başa düşənlərdən qat-qat çox olduğuna görə, bir də gördün anlayışsız birisi qəlbinə dəyən sözə görə cumub sürücünü yumruqladı. Və yaxud yekəpər bir qadın zənbilini sürücünün başına çırpdı: “Bu gün müşahidə etdim, avtobuslar ağzına qədər dolu, əksəriyyəti də maska taxmayıb. Bundan rahat koronavirusun yayılma şəraiti ola bilərmi? Düşünürəm ki, ilkin olaraq həm metronun, həm də dairəvi hərəkət qatarının xidmətə başlaması zəruridir. İlkin olaraq metro səhər saat 08.00- 11.00 arası, sonra isə saat 16.00-20.00 arası işləyə bilər. Bu işə gedib-gəlmə saatlarının sıxlığını götürmək üçün məqsədəuyğun olardı. Ancaq heç bir halda metroya maskasız şəxs buraxılmamalıdır. Bu qayda qatarlarda da təmin olunmalıdır. Apteklərdə apardığım müşahidələr onu göstərir ki, maska qıtlığı artıq sezilmir. Yəni bəhanələr də əvvəlki kimi aktual deyil. Bu halda həm avtobusların yükü azalar, həm təhlükəsizlik təmin olunar, həm də sıxlığın qarşısını almaq olar”.