“Yeni əməliyyat döyüşlərin və əhalinin köçürülməsinin yeni mərhələsini gətirə bilər”.
Hafta.az-ın yazdığına görə, iordaniyalı media və təhlükəsizlik üzrə mütəxəssis Məhəmməd əl-Malkavi hesab edir ki, İsrail Fələstin hərəkatını əhəmiyyətli dərəcədə zəiflətmək məqsədilə Qəzza şəhərini Həmas-a hərbi-inzibati nəzarəti ələ almaq üçün əsas baza kimi işğal etmək istəyir.
Onun fikrincə, girov məsələsi təzyiq vasitəsi olaraq qalır: Həmas İsrailə qarşı təsir rıçaqlarını itirməsin deyə, onu bağlamaq istəmir, Benyamin Netanyahunun kabineti isə Qəzza məsələsini gündəmdən çıxarmaqdan faydalanır.
“Hərbi nöqteyi-nəzərdən İsrail özünü çox pis vəziyyətə salıb. Təxminən iki ildir ki, Yaxın Şərqin ən ağır silahlı ordusu olmasına baxmayaraq, Qəzza zolağına qarşı başladığı müharibəni öz xeyrinə yekunlaşdıra bilmir. Bu, Benyamin Netanyahu hökuməti üçün həm siyasi, həm də hərbi məğlubiyyətdir”, - o bildirib.
Ekspert Qəzza zolağına artan təzyiqi Dohada Həmas rəhbərliyinin aradan qaldırılması cəhdinin uğursuzluğu, Qətərlə geniş ərəb-islam həmrəyliyi və hazırda bir neçə Körfəz ölkəsi ilə normallaşmanın dərinləşdirilməsi perspektivlərinin itirilməsi ilə əlaqələndirir. Ekspertin Kazinform-a bildirdiyinə görə, Qəzzanın ən böyük şəhərinin dağıdılması Həmas döyüşçülərini və əhalinin bir hissəsini ruhdan sala bilər.
“Təl-Əvivin hazırkı məntiqi Qəzza şəhərinə nəzarət yolu ilə Həmas-ı zəiflətməyə, sonra isə onu Qərb Sahilində cəmləşdirməyə yönəlib”, - Məhəmməd əl-Malkavi deyir.
Əl-Malkavinin sözlərinə görə, Qəzzə sakinlərinin, xüsusən də gənclərin xaricə qaçması prosesi “Tramp planı” adlandırılan plana uyğun olaraq effektiv şəkildə başlayıb: əhval-ruhiyyənin aşağı düşməsi fonunda xeyli sayda insan “fərdi olaraq deyil, ailə kimi” ərazini tərk etməyə çalışır.
“İsrailin nöqteyi-nəzərincə, fələstinliləri köçürmə hərəkəti iki məqsədə xidmət edir: birincisi, fələstinlilərin evlərinin dağıdılmasından və müdafiəsiz köçkünlüyündən sonra Həmas-a qarşı nifrətini və qəzəbini artırmaq. İkincisi, Qəzza zolağı məsələsini gündəmdən çıxarmaq, Həmas idarəçiliyini mülki idarə ilə əvəzləmək və İordan çayının qərb sahilini ələ keçirmək, Fələstin dövlətinin paytaxtı olan şərqi Qüdsü zəbt edərək onların müstəqil dövlət xəyalının qarşısını almaq”, - deyə o fikrini yekunlaşdırıb.
Məhəmməd əl-Malkavinin fikrincə, İordan çayının qərb sahili irəlidə prioritet olacaq. Yəni mərkəzi Şərqi Qüdsdə yerləşən Fələstin dövlətçiliyi perspektivlərini sarsıdan məskunlaşma fəaliyyətinin genişləndirilməsi və torpaqların müsadirəsinə start veriləcək.