Niderlandlı alimlər kosmosda 5 yeni radiosiqnal aşkar etdilər

11:52 19.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Niderlandda "Westerbork Sintez" Radioteleskopundan istifadə edən alimlər kosmosda 5 yeni radio siqnalı aşkar ediblər.

Hafta.az-ın Phys.org-a istinadən yazdığına görə, bu siqnalların "sürətli radio partlayışları" (FRB) adlı sirli bir fenomenə aid olduğu düşünülür. FRB-lər Günəşin üç gündə istehsal etdiyi enerjidən bir millisaniyədə daha çox enerji buraxan partlayışlardır və bunlar radiodalğalar yayır. Amma alimlərin istifadə etdiyi teleskoplar onları hətta 4 milyard işıq ili uzaqlıqda da aşkar edə bilir.

Hollandiyalı alimlər tərəfindən tutulan radiodalğaların mənbəyi dəqiq məlum deyil. Bununla belə, "Astronomy & Astrophysics" adlı elmi jurnalda dərc edilən araşdırmada bu siqnallardan üçünün təxminən 2,73 milyon işıq ili uzaqlıqdakı Üçbucaq Qalaktikasından keçdiyi ifadə edilib. Siqnalların daha böyük Andromeda Qalaktikasının halosu ilə və nəhayət, Süd Yolunun halo və diski ilə kəsişdiyi müəyyən olunub.

Tədqiqat qrupuna rəhbərlik edən Amsterdam Universitetindən Joeri van Liuven, bu siqnalları tutmağın "Westerbork Sintez" Radioteleskopunda yeniləmə və gücləndirmə işi ilə mümkün olduğunu söyləyib. "Bizim indi çox geniş baxış sahəsinə, həm də çox kəskin görmə qabiliyyətinə malik bir cihazımız var" dedi Liuven.

Bu arada, FRB-lərin aşkarlanması olduqca çətin olduğu bilinir. Çünki bu partlayışları əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Həmçinin, bir FRB yalnız bir millisaniyə çəkir. Yəni gözünüzü qırpırsınızsa, görmək fürsətini əldən verirsiniz.

Elm dünyası uzun müddətdir ki, FRB-lərin mənşəyini müzakirə edir. Bu siqnallar çox vaxt neytron ulduzlarından və qara dəliklərdən gəlir. Lakin nəzəri cəhətdən onların yerdənkənar həyata aid olması mümkündür.

2017-ci ildə Harvard-Smithsonian Astrofizika Mərkəzində bir qrup FRB-lərin ulduzlararası kosmosda səyahət edən kosmik gəmiləri gücləndirən ötürücülərdən gələ biləcəyi ideyası ilə çıxış edib. İnstitutun astrofizika professoru Avi Loeb də bu siqnalların süni mənbədən gəlməsi ehtimalının "nəzərə almağa dəyər" olduğunu bildirib.