Novruza görə otel kirayələyən iranlıların pullarını kim qaytaracaq? - AÇIQLAMA

12:07 13.03.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olundu. Bu barədə İranın Azərbaycandakı səfirliyi bir neçə gün öncə məlumat yaydı.

Onu da bildirək ki, bir neçə gün əvvəl Novruz şənliklərini Bakıda qeyd etmək üçün İrandan Azərbaycana gələn 24 min turistin otel “reserved” etdiyi məlum oldu.

Bəs onların pulları necə olacaq? Geri qaytarılacaqmı? Kim qaytaracaq?

Ekspertlər hesab edir ki, koronavirus təhlükəsi ilə bağlanan sərhədlər Azərbaycan turizminə xeyli ziyan vurmaqdadır. Üstəlik, turizm mövsümünün açılışının bu cür fors-major halla açılması yaxşı heç nə vəd etmir. İran vətəndaşlarının da iştirak etdiyi Novruz şənliklərinin ləğv olunması ölkəyə gələn mümkün valyuta gəlirlərinin azalmasına gətirib çıxaracaq.

Azərbaycan Turizm Assosiasiyası (ATA) sədrinin müşaviri Müzəffər Ağakərimov hafta.az-a açıqlamasında bildirib ki, koronavirus və digər təbii hallar turizm sektorunda fors-major hal kimi qiymətləndirirlir. Yəni, bu cür hallarda otel və restoranlar müəyyən qədər problem yaşaya bilərlər:

“İran vətəndaşlarının pullarını da otel və restoran rəhbərliyi qaytarmalıdır. Çünki otellərin 95 faizi özəldir. Özəl olan otel və restoranlarda bu kimi hallar yaşandıqda həmin turizm qurumu əvvəlcədən ödənilən pulları geri qaytarır. Əsas can sağlığıdır. Bu kimi hallar baş verə bilər. Ona görə də hər bir otel və restoran bu cür duruma hazır olmalıdır”.