Qarşıdan ilaxır çərşənbələrdən ikincisi od çərşənbəsi gəlir. Bu çərşənbə xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır.
Novruz Bayramının qədimiliyi, Od çərşənbəsinin tarixi adət və ənənələri ilə bağlı olaraq AMEA Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədli ilə həmsöhbət olduq.
Folklorşünas bildirdi ki, ölkəmizdə rəsmi olaraq ikinci çərşənbə od çərşənbəsidir. Tarixi ənənənin fars, yoxsa türkmənşəli olması sualına gəldikdə isə müsahibimiz belə cavab verdi:
“Bu gün haqqında onu deyə bilərəm ki, digər türk xalqlarında çərşənbələr qeyd olunmur. Bəzən bizdən soruşulur: "Niyə digər türk xalqlarında qeyd olunmayan çərşənbələr bizdə qeyd edilir? Bu, İranın təsiri ilə bağlıdırmı?". Bu sahədə uzun illərdir, tədqiqatlar aparırıq. Bildiyiniz kimi, İranda yalnız ilaxır çərşənbə qeyd olunur. Digərləri isə onlarda yoxdur. İranın azərbaycanlı bacı və qardaşlarımız yaşayan bölgələrində – Qəzvində, Zəncanda, Ərdəbildə də çərşənbələr var. Məncə, bu da xalqımızın birliyindən, bütövlüyündən irəli gəlir. Soydaşlarımız bu günləri fərlqi adlarla qeyd edirlər. Məsələn, bu ərazilərdə ikinci çərşənbə "Külə çərşənbə" adlanır. Bu da bizə, adətlərimizə heç də yad deyil. Adından da bəllidir ki, küllə, odla bağlıdır. Xalqımız illəröncə parçalanıb, təbii ki, bu parçalanma mədəniyyətlərin də ayrılmasına təsir edən böyük amildir. Zəncandan olan həmkarımla apardığım söhbət zamanı mənə bildirdi ki, həmin bölgələrdə çərşənbələr "külə", "sələ", "sülə" adları ilə bilinir. Bu deyimlərin hər biri rəsmi olmayan xalq arasında işlədilən ifadələrdir. Birinci, ikinci və üçüncü çərşənbələr Zəncan və Qəzvində belə adlanır. Külə az əvvəl də qeyd etdiyim kimi, odla bağlıdır. Şələnin açıqlamasından anladığım qədər burada yer amili böyük rol oynayır. Sülə isə su ilə bağlıdır. Güneyli bacı və qardaşlarımızın adətlərində bizim tarixi ənənələrimizin formalaşmış qalıqları hələ də yaşamaqdadır. Müstəqillik dövründən sonra yerli folklorşünaslarımız Azərbaycanın bölgələrində adət-ənənələr haqqında araşdırma aparsalar da, Güney Azərbaycanda bu işləri görmək mümkün olmayıb. Vaxtilə apardığım araşdırmalar zamanı gördüm ki, Güneydə külə çərşənbə ifadəsi varsa, Qarabağ bölgəsində də kül çərşənbə var. Bakıətrafı kəndlərdə, Şüvəlan və Mərdəkanda buna "üskü" deyirlər. Onlar tonqal üzərindən tullanan zaman "üskü-üskü" deyib atlanırlar. Bu sözün leksik mənası elə də aydın deyil. Çox güman ki, odla, "kösöv"lə bağlıdır”.
Atəş bəy bütün bunları nəzərə alaraq çərşənbələrin tarixi haqqında dəqiq məlumat verməyin yanlış olacağını vurğuladı:
“Bu təcrübələr birdən-birə qazanılmır. İnsanın təbiətdən əldə etdiklərini məişətdə tətbiq edib yaşatması üçün uzun illər tələb olunur. Bayramın davam etməsi, formalaşması və yaşaması üçün 4 mühüm mərhələ var. Birinci onun mifoloji qatı - ilkin ayinləridir. Sonrakı mif mərhələsidir. Üçüncüsü mərasimlər, dördüncüsü isə mərasimlərin bayramla nəticələnməsidir”.
Müsahibimizin sözlərinə görə, alimlər Novruzu dünyanın, bəşəriyyətin yaranması ilə əlaqələndirirlər. Çünki həyatın kökünü, əsasını təşkil edən ünsürlər Novruz çərşənbələrinin simvollarıdır:
“Bu, Novruzun yaradılışla bağlı olduğunu, qədimliyini bir daha sübut edir. Novruz Bayramı ayinləri insanlıqla yaşıd olan ən qədim ənənələrdir. Ayinlərə gəldikdə, təbii olaraq Od çərşənbəsində daha çox odla bağlı ayinlər icra olunur. Çərşənbə axşamı gənc xanımlar odla fala baxır, müxtəlif sınamalar həyata keçirilir. Biz daha çox ayinlərin ilaxır çərşənbədə keçirildiyini görmüşük. İl təhvil alınan dövrdə yerinə yetirilir. Odun insan həyatında mühüm əhəmiyyəti var. Od kəşf ediləndən sonra insanlıq daha mədəni səviyyəyə yüksəldi. Çərşənbə axşamları qalanan tonqallar, şamlar, şamallar günəş istiliyinin yerdəki rəmzidir. Novruz təbiətin canlanmasıdır”.
Elmi işçi söhbət zamanı maraqlı məqama da toxundu. Bu da inancların həyata keçməsi və falların doğruluğu ilə bağlıdır. Belə ki, qədim dövrlərdə insanlar ayinləri, inancları olduğu üçün icra edirdilər. İndi isə bu adətlərə zövq almaq üçün müraciət olunur. Təbii ki, bu da niyyətin həyata keçməsinə böyük təsir edir.
A.Əhmədli bütün araşdırmaların və tarixi mənbələrin ayinləri ilaxır çərşənbədə icra etməyin doğru olduğuna sübut gətirdiyini ifadə etdi:
“Alimlər sübut ediblər ki, ayinlər daha çox ilaxır çərşənbədə icra edilməlidir. Bir çox mənbələr də sübut edir ki, ayinlər ilin təhvili anında daha böyük təsir gücünə malikdir. İnsial magiyaya görə, insan ilk günü necə keçirirsə, il də həmin templə keçəcəkdir. Bu baxımdan insanlar bayramı yüksək əhval-ruhiyyə ilə qeyd etməyə çalışırlar”.
Son olaraq Od çərşənbəsi günü ta qədim zamanlarda süfrəyə düzülən nemətlərdən söz açdıq. Sən demə, keçmişdə çərşənbə günü milli mətbəximizin bir-birindən ləzzətli təamları süfrələri bəzəmirmiş:
“Yazda əkin sahələri elə də bol bərəkətli olmur. Bu baxımdan, çərşənbə axşamları evlərdə südlü aş, lobyalı aş, xəmir xörəkləri bişirilər. Bu çərşənbələrdə təmtəraqlı süfrələr qurulmur. Payızdan qalma quru meyvələr süfrələrə düzülür. Bütün bərbəzək, təmtəraq isə bayram gününə saxlanılır. İnsanlar həm geyimlər, həm ev əşyaları, həm də zəngin süfrələri ilə ilin təhvili anına hazırlıq görürdülər”.
Nəzərinizə çatdıraq ki, bu il Azərbaycanda, martın 9-da Hava
(Yel), martın 16-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz
fəslinin ölkəmizə gəlişi isə martın 20-i Bakı vaxtı ilə saat 13:37-ə
təsadüf edəcək.
Od çərşənbəniz qutlu, ocağınız isti, canınız sağlam, süfrəniz bol bərəkətli olsun! Bayramın mübarək Azərbaycan!