Bakıda Misir Ərəb Respublikasının Milli Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan və Misirin Dövlət Himnləri səsləndirilb.
Hafta.az yazır ki, çıxışına qonaqları salamlayaraq başlayan Misirin ölkəmizdəki səfiri Hüssam Eldin Reda qeyd edib ki, Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbovun fəxri qonaq və Azərbaycan hökumətinin nümayəndəsi qismində tədbirdə iştirakını yüksək qiymətləndirir, bunu Bakının Dünya Çempionatında Misir Milli Komandasının uğurlarına xoş münasibəti kimi qəbul edir.
“Bu jestə və komandamızın oynadığı hər oyunda dəfələrlə göstərdiyiniz dəstəyə görə Azərbaycana təşəkkür edirəm” deyən səfir qeyd edib ki, atılan addımlar nə qədər böyük olsa da, görülməli daha çox işlər qalır.

“Bu inamı mənə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 2002-ci ilin iyun ayında, ikinci dəfə Misirin Milli Günündə iştirakı zamanı söylədiyi ilhamverici nitqi verir. Həmin nitqində mərhum Ümummilli lider deyirdi: “Misirlə Azərbaycanı birləşdirən dəyərlər onları ayıra biləcək hər şeydən qat-qat böyükdür”. Bu sözlər mənim də öz səfirlik fəaliyyətimi üzərində qurduğum təməllər və davamlı həqiqətləri ortaya qoyub” deyən cənab Hüssam Eldin Reda əlavə edib ki, həmin gün mərhum Heydər Əliyev xalqlarımızın bir-birinə bəslədiyi qarşılıqlı hörməti vurğulayıb və prezident Camal Əbdül Nasirdən başlayaraq prezidentlər Ənvər Sadat və Hüsnü Mübarəkə qədər Misir liderləri ilə şəxsi münasibətlərindən böyük səmimiyyətlə söz açıb. Diplomatın sözlərinə görə, bu jest, eləcə də onun Misirin Bakıdakı Milli Gününə ikinci dəfə qatılmaq və çıxış etmək istəyi hər bir ölkə üçün böyük önəm daşıyır. Bu qarşılıqlı hörmət, dostluq və yüksək ehtiram prezident Əbdül Fəttah əs-Sisi və onun qardaşı prezident İlham Əliyevin rəhbərliyi altında çiçəklənmə ilə davam edir.

“Liderlərimiz arasında keçmişdə və bu gün də mövcud olan dostluq və onların ikitərəfli münasibətlərimizə dair strateji baxışları bizə izləyəcəyimiz aydın yol xəritəsi verir. Ölkələrimiz nüfuzli regional güclər və beynəlxalq aktorlar kimi seçdikləri yolları sadəcə bölüşmür, onlara dərindən inanır. Hər iki ölkə Şarm əl-Şeyxdə COP27-yə və Bakıda COP29-a ev sahibliyi etməklə ekoloji təhdidlərlə mübarizə üzrə qlobal səylərdə mühüm rol oynayıb. Ümumdünya Şəhərsalma Forumunun 12-ci toplantısına (WUF12) Qahirə, 13-cü toplantısına (WUF13) isə cəmi bir neçə həftə əvvəl Bakı ev sahibliyi edib. Ölkələrimiz dəfələrlə sübut edib ki, mübahisələrin sülh yolu ilə həllinə sadiq, sülhsevərdirlər və beynəlxalq hüququn aliliyinə inamlarından heç vaxt dönməyiblər” deyən səfir çıxışına belə bir sualla davam edib: İkitərəfli münasibətlərimizin tam potensialına çatmışıqmı?
Diplomat qeyd edib ki, ölkələrimiz birlikdə çox şeyə nail olub, lakin görüləsi çox işlər qalıb. “Liderlərimiz səviyyəsində siyasi münasibətlərimizlə iqtisadi-ticari əlaqələrimizin vəziyyəti arasında uçurum var və onu aradan qaldırmaq davamlı səylər tələb edir. Həmçinin ölkələrimizi mədəniyyət, turizm, elm, inkişaf sahəsində qabaqcıl təcrübələr, Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak və düşüncə mərkəzlərimiz arasında əməkdaşlıq yoluyla daha da yaxınlaşdırmalıyıq. Bu məqamda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirirəm”.

Səfir Hüssam Eldin Reda qeyd edib ki, Azərbaycanda rastlaşdığı hər kəsdən Misiri tanıdığını eşidib, amma söhbət ettikcə onların Misiri əsl mənasında tanımadıqları üzə çıxıb. “Bu səbəbdən də səfirlik və səfirliyin Mədəniyyət Mərkəzində Misirin bütün sahələrini əhatə edən iddialı maarifləndirmə proqramı başlatmaq və ona rəhbərlik etmək qərarına gəldim. Əminəm ki, səfirlik fəaliyyətimin sonunadək xalqlarımız bir-birini, xüsusilə də Misir Azərbaycanda daha yaxından tanınacaq”, - o deyib.
Səfir xatırladıb ki, prezident İlham Əliyevin təşəbbüsü və xarici işlər naziri Ceyhun Bayramovun dəstəyi ilə Heydər Əliyev Mərkəzində keçirilən Böyük Misir Muzeyinin açılışının canlı yayımından sonra Azərbaycanda ölkəsinə artan marağı müşahidə edib. Səfir, Misirə səyahəti asanlaşdırmaq üçün səy göstərdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Misirin bütün giriş qapılarındaca rahat şəkildə viza ala bilirlər və Misir vətəndaşlarının da tezliklə oxşar güzəştlərdən yararlana biləcəyinə inandığı bildirib.

Azərbaycan hökuməti adından çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov bildirib ki, bugünki tədbirdə sadəcə Misirin Milli Gününü deyil, həm də tarixi yüzillərə söykənən və möhkəm təməl üzərində inşa olunan Azərbaycan-Misir dostluğunu qeyd edirik.
“Diplomatik əlaqələrimizin qurulduğu 1991-ci il 27 mart tarixindən indiyədək ölkələrimiz arasında iqtisadi, turizm, mədəniyyət və sair sahələrdə 65 müqavilə və memorandum imzalanıb. Bu isə əlaqələrimizin nə qədər çoxşaxəli olduğunu sübut edir. Dövlətlərarası münasibətlərimizin inkişafında dövlət başçılarımız arasında mövcud olan yüksək səviyyəli dialoq vacib rol oynayır. 2024-cü ilin iyun ayında prezident İlham Əliyev Misirdə rəsmi səfərdə olub, eləcə də 2025-ci ilin oktyabrında Şarm əl-Şeyx Sülh Sazişində iştirak edib. Misir prezidenti Əbdül Fəttah əs-Sisi də 2023-cü ilin yanvar ayında rəsmi səfərlə Azərbaycana gəlib” deyən nazir Qayıbov bildirib ki, məhz bu səfərlər ölkələrimiz arasında dosluğun və gündən-günə güclənən əlaqələrin bariz nümunəsidir.
Nazir iki ölkə parlamentləri arasında da sıx əlaqələrin olduğunu vurğulayaq deyib ki, əslində Azərbaycan-Misir münasibətləri sadəcə ikitərəfli çərçivə ilə məhdudlaşmır, ölkələrimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və sair kimi beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirlər. “Biz Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında qadırdığı məsələlərin Misir tərəfindən birmənalı dəstəklənməsini alqışlayır, D8 qrupuna üzvlükdə Azərbaycanı müdafiə etdiyinə görə minnətdarlığımızı bildiririk. Siyasi münasibətlərimizlə yanaşı iqtisadi əlaqələrimiz də sürətlə inkişaf etməkdədir. 2024-cü ildə iki ölkə arasında ticarətin həcmi 44,6 milyon dollar olub ki, bu da 2023-cü illə müqayisədə 300 faiz artım deməkdir” deyən nazir Qayıbov təhsil sahəsində də yaxşı əlaqələrimizin olmasından söz açıb, hazırda Azərbaycan hökumətinin təqaüd proqramı çərçivəsində 400 misirli tələbənin ölkəmizdə təhsil aldığını xatırladıb.
Çıxışlardan sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib.