Ölkəmiz qazı elektrikə çevirib Avropa bazarına çatdıra da bilər - Ekspert

11:12 06.10.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Bolqarıstan 2013-cü ilin 19 sentyabr tarixdən qazın alqı-satqısına dair müqavilə imzalayıb. Bu müqaviləyə əsasən, Bolqarıstan 1 milyard kubmetr qazı 25 il müddətinə Azərbaycandan idxal etmək öhdəliyi götürüb. Digər tərəfdən Azərbaycan Prezidentinin bolqarıstanlı həmkarı ilə görüşündə verilən xoş məlumatlardan biridə o oldu ki, Bolqarıstan vasitəsilə daha 4 ölkə Azərbaycandan qaz almaqda maraqlı olduqlarını bəyan ediblər. Bu ölkələr Macarıstan, Rumıniya, Slovakiya, həmçinin Serbiyadır.

Bu fikirləri hafta.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban deyib:   

“Bolqarıstan tranzit ölkə kimi Azərbaycan üçün maraqlı ölkədir. Yəni bu ölkə mövcud müqavilələrin həyata keçirilməsi, o cümlədən Cənub Qaz Dəhlizinin və onun sonuncu əsas seqmenti olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi zamanı Azərbaycandan əlavə qaz həcmlərinin Avropaya çatdırılması baxımından Azərbaycan üçün maraqlı ölkədir. Bilirsiniz ki, Prezidentin Bolqarıstan səfəri zamanı həm də qeyd olundu ki, Azərbaycanın qarşıdan gələn 5 illikdə həmin ölkələrə qaz ixrac etmək üçün kifayət qədər resursu mövcuddur. Digər maraqlı məqam isə Azərbaycan tərəfinin açıqlamasında bildirildi ki, ölkəmiz qazı elektrikə çevirib Avropa bazarına çatdıra da bilər. Bu məqamlar deyərdim ki, Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində əsas ictimailəşdirilən və qarşıdakı 5 il üçün nəzərdə tutulan hədəfləri göstərir.

Azərbaycanın xüsusilə işğaldan azad olunmuş ərazilərdə istehsal etməyi hədəflədiyi bərpa olunan enerjinin Avropa qitəsinə çatdırılmasının nə dərəcədə mümkün olub-olmayacağına gəlincə, bununla bağlı indidən konkret fikir söyləmək qeyri-mümkündür. Bu çox çətin sualdır. Bu istiqamətdə ortada hələ nə qiymətləndirmə, nə də müfəssəl plan mövcud deyil. Düzdür, həmin ərazilərin relyefi nəzərə alınaraq qeyd edilir ki, “yaşıl enerji” istehsalı ilə bağlı imkanlar var. Yəni bu barədə danışmaq hələ tezdir”.