Ombudsman BQXK-nın Azərbaycan Nümayəndəliyinin rəhbərini qəbul edib

11:55 25.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin rəhbəri Arian Baueri və tanışlıq məqsədilə Nümayəndəliyin yeni təyin olunmuş rəhbəri Draqana Kojiçi qəbul edib.

Bu barədə hafta.az-a Ombudsman aparatından xəbər verilib.

Bildirilib ki, Ombudsman Səbinə Əliyeva qonaqları salamlayaraq, BQXK-nın ölkəmizdə həyata keçirdiyi işlər, Ombudsman Aparatı ilə qurulmuş əlaqələr barədə danışıb.

Səbinə Əliyeva Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 azərbaycanlının taleyi ilə bağlı məsələyə toxunaraq, postmüharibə dövründə bu şəxslərin taleyinə aydınlıq gətirilməsi istiqamətində səylərin artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Görüş zamanı tərəflər arasında birgə əməkdaşlıq perspektivlərinə dair müzakirə aparılıb. Əməkdaşlıq çərçivəsində humanitar hüquq normalarının təbliği və tətbiqi istiqamətində maarifləndirmə tədbirlərinin təşkilinin önəmi qeyd olunub.

Ombudsman A.Bauerə təşəkkürünü bildirərək, gələcək fəaliyyətində uğurlar arzulayıb və yeni nümayəndə D.Kojiçi təyinatı münasibətilə təbrik edib.

Öz növbəsində qonaqlar səmimi qəbula görə Ombudsmana təşəkkür ediblər. D.Kojiç Ombudsman Aparatı ilə əməkdaşlığın uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Oxunma sayı 95