Onların Fransaya girişi qadağan edildi

08:05 15.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa Daxili İşlər Nazirliyi Böyük Britaniyadan olan ifrat sağçı fəallara qarşı on inzibati qadağa tətbiq edildiyini açıqlayıb. Qərar Fransada ictimai asayişin və təhlükəsizliyin qorunması məqsədi daşıyır.

Hafta.az xəbər verir ki, nazirliyin məlumatına görə, bu tədbirlər “Raise the Colours” adlı britaniyalı ifrat sağçı hərəkatın üzvlərinə aiddir. Sözügedən fəallar Fransanın şimal sahillərində, xüsusilə Şimal və Kale departamentlərində miqrantlara qarşı aksiyalarda iştirakda şübhəli bilinirlər.

Fransa hakimiyyət orqanları bildirir ki, təhlükəsizlik xidmətləri bu aktivistlərin fəaliyyəti ilə bağlı bir neçə dəfə işə qarışıb. Onlar La-Manş boğazını keçməyə çalışan miqrantların istifadə etdiyi kiçik qayıqların yerini müəyyənləşdirmək, onları məhv etmək, həmçinin Böyük Britaniyadakı auditoriyaya yönəlmiş təbliğat aksiyaları aparmaqda ittiham olunurlar.

“The Local France” nəşrinin yazdığına görə, inzibati qadağalar həmin şəxslərin Fransaya girişini və ölkə ərazisində qalmasını tamamilə yasaqlayır. Hakimiyyət orqanları bu fəaliyyətlərin ictimai asayişi pozmaq riski daşıdığını əsas gətirir.

Daxili İşlər Nazirliyi vurğulayıb ki, tədbirlərin məqsədi zorakılıq və ayrı-seçkilik xarakterli hərəkətlərin qarşısını almaq, eləcə də miqrantların La-Manş boğazını keçməyə çalışdığı bölgələrdə tez-tez ortaya çıxan gərginlik fonunda Fransanın şimal sahillərində təhlükəsizliyi təmin etməkdir.

Fransanın daxili işlər naziri Loran Nünes X sosial platformasındakı paylaşımında “Raise the Colours” hərəkatının on üzvünün Fransaya girişinin qadağan edildiyini təsdiqləyib.