Opera və Balet Teatrında “Aida” operası təqdim ediləcək

17:43 29.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Aida” operasının tamaşası keçiriləcək.

Opera və Balet Teatrının Mətbuat xidmətindən hafta.az-a bildirilib ki, tamaşada Azərbaycan Opera və Balet Teatrının solistləri ilə yanaşı Rusiya və Ukraynadan dəvət olunmuş sənət ulduzları da iştirak edəcəklər.

Opera tamaşasında Radames partiyasında K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Yeroxin çıxış edəcək.

Aida partiyasını Azərbaycanın Əməkdar artisti, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.

Azərbaycan Respublikasının Xalq artistləri Əli Əsgərov və Əkrəm Poladov tamaşada müvafiq olaraq Misir şahı və Ramfis rollarında, Xalq artisti Gülnaz İsmayılova Kahin qadın, Əməkdar artistlər Səbinə Vahabzadə Amneris, Cahangir Qurbanov Amonasro rollarında çıxış edəcəklər.

Opera tamaşasını idarə etmək üçün Odessa Milli Akademik Opera və Balet Teatrının baş dirijoru, Belarusun Xalq artisti, professor Vyaçeslav Voliç dəvət olunmuşdur.