“Ötən il Azərbaycana 120 min səudiyyəli turist gəlib” - İssam bin Saleh əl-Cuteyli

16:55 17.02.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında turizm sahəsində əlaqələr sürətlə genişlənir. Artıq Səudiyyə Krallığı yaxın əlaqələri olan ölkələrin, o cümlədən Azərbaycan vətəndaşları üçün onlayn viza sistemi tətbiq etməklə onların Krallığa səfərini xeyli asanlaşdırıb”.

Hafta.az yazır ki, bunu Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli jurnslistlərlə söhbəti zamanı deyib.

Səfir bildirib ki, 2025-ci ildə Səudiyyə Ərəbistanından Azərbaycana 120 min civarında turist gəlib və bu da ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verir. O, məhz ötən ilin yekunlarına istinad edərək Səudiyyə Krallığının Azərbaycana ən çox turist göndərən ölkələin siyahısında ilk yerlərdən birini tutuduğunu vurğulayıb.

Diplomat xatırladıb ki, Azərbaycan tərəfi də bu yaxınlarda Səudiyyə vətəndaşlarının ölkəyə vizasız səfər etməsi üçün qərar qəbul edib. "Krallığın əraziləri yalnız səhradan ibarət deyil, yaşıl meşəli dağları, çayları, adaları, tarixi məkanları var. Səudiyyə Ərəbistanı turistlərin diqqətini oxşayan hər cür potensiala malikdir" deyən səfir İssam bin Saleh əl-Cuteyli qeyd edib ki, Krallığın 2024-cü ildə həm yerli, həm də əcnəbilər olmaqla, toplam 100 milyon turist qəbul etmək hədəfi var idi və həmd olsun ki, bu hədəfə çatılıb. Həmin Səudiyyə Ərəbistanı 103 milyon turist qəbul edib ki, onlardan 37 milyon nəfəri xaricdən gələnlər - əcnəbilər olub.

Diplomat sonda qeyd edib ki, Krallıq qarşıya məqsəd qoyulmuş 2030-cu il hədəfləri üçün çöyük layihələr həyata keçirir və bunun uğurlu nəticələrini də görməkdədir.