Noyabrın 18-də Özbəkistanda Dövlət Bayrağı Günü qeyd olunur
Bu gün - noyabrın 18-də qardaş Özbəkistan dövlətində Dövlət Bayrağı Günü qeyd olunur.
Paytaxtı Daşkənd şəhəri olan Özbəkistan 449 min kvadratkilometr əraziyə, təxminən 34 milyon əhaliyə malik dövlətdir. Böyük qızıl ehtiyyatlarına sahib olan ölkə, bu əlvam metalın istehsalının həcminə görə dünyada 5-ci, uran ehtiyyatlarının həcminə görə isə 7-ci yerdədir. Qədim türk və İslam mədəniyyəti baxımından böyük önəmə malik abidələri ilə məşhur olan Özbəkistan, Sovet İttifaqı çökəndən sonra müstəqilliyini elan edib və ilk gündən dövlət atributlarını təsdiqləyib. Bunlarda biri də Dövlət Bayrağıdır.

"Özbəkistan Respublikasının Dövlət bayrağı haqqında" qanun 1991-ci ilin 18 noyabr tarixində Respublika Ali Sovetinin VIII sessiyasında qəbul olunub. Özbəkistan Anayasasının ayrıca maddəsi ilə ölkənin dövlət rəmzi sayılan bayrağa malik olması təsdiq edilib.
Özbəkistanın dövlət bayrağında əks olunmuş rənglər qədimdən üzü bəri bu torpaqlarda mövcud olmuş dövlətlərin ənənələrini əks etdirir. Bayraqda yuxarıdan aşağı olmaqla, birinci sırada mövcud olan açıq mavi rəng həyatın başlıca qaynaqlarından biri sayılan səmanın və suyun simvoludur. Mavi rəng həm də türkçülüyü, yaxşılığı, təmizliyi, üzgünlüyü, şan və sədaqəti ifadə edir.
Bu arada, əzəmətli Teymurilər dövlətinin də bayrağı açıq mavi rəngdə olub.
Özbəkistan bayrağında ikinci sırada yer alan ağ rəng günəş işığını əks etdirir. Eyni zamanda, əxlaqi saflığın da göstəricisidir.
Üçüncü sırada yer alan yaşıl rəng isə təbiətin yenilənməsinin simvoludur. Bir çox millətlərdə gənclik, ümit və şənliyin ifadəçisi də məhz yaşıl rəngdir.

Bayrağın üzərindəki rənglərarası qırmızı çizgilər isə yer üzündə yaşayan hər cür canlının damarlarında axan tükənməz həyat enerjisinin - qanın simvoludur. Həm də, qırmızı yaradıcılıq rəngi olaraq da ifadə edilir. Bayrağın sol üst küncündə əks olunmuş aypara, özbək xalqının tarixinin, bağlı olduğu ənənələrin və eyni zamanda, Özbəkistanın yeni qazandığı müstəqilliyin göstəricisidir.
Bayrağı üstündəki ulduzlara gəlincə, onlar hər bir cəmiyyətdə olduğu kimi, ilahi məna kəsb etməkdədir. Ulduzların on iki ədəd olmasının səbəbi isə özbək tarixiylə bağlı olmaqla yanaşı, qədim günəş təqvimindəki ayları ifadə edir. Ümumi prizmadan çıxış edərək təfsilat vermis olsaq, Özbəkistan bayrağındakı rənk harmoniyası, aypara və on iki ulduz özbək xalqının əsrlərdir davam edən adət-ənənələrini, mədəniyyətini, sülhə və xoşbəxtliyə verdiyi önəmi göstərir. Qısaca desək, Özbəkistanın dövlət bayrağı özbək xalqının keçmişi, bu günü və gələcəyinin ifadəçisidir.
Özbəkistan dövlət bayrağının ölçülərinə dair Anayasada müddəa yer alır. Həmin müddəaya əsasən dövlət bayrağı 1:2 ölçüsündə təsdiqlənib. Harda olmasından asılı olmayaraq, dövlət bayrağının istehsalında bu ölçüyə riayyət edilir.

Özbəkistanın dövlət bayrağı dünya arenasında xarici ölkələrə rəsmi nümayəndə heyətlərinin səfəri zamanı, beynəlxalq təşkilatların və nüfuzlu forumların binaları qarşısında, ümumdünya sərgilərində və idman yarışlarında respublikanı təmsil edir.
Özbəkistan 1992-ci il 2 mart tarixindən etibarən Birləşmiş Millətlər Təşkilatının üzvü seçiləndən onun bayrağı BMT-nin binası qarşısında dalğalanır.
Özbəkistanın Dövlət bayrağı, həmçinin ölkə vətəndaşlarının və respublikada yaşayan digər şəxslərin bayrağa hörmətlə yanaşması qanunla müdafiə olunur.
Qardaş Özbəkistan dövləti, bayrağınız hər zaman zirvələrə dalğalansın!