“Bu gün işğaldan azad edilən ərazilərdə sosial-iqtisadi sahələrin bərpasına yerli və xarici biznes nümayəndələrinin investisiya qoymaları üçün əlverişli mühitin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulub. Bu məqsədlə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” mövcuddur. İnvestorlar bilməlidir ki, işğaldan azad olunmuş ərazilərə qoyulan investisiyaın heç bir riski yoxdur. Bu ərazilərdəki mövcud resurslar sahibkarların gəlirlərinə gəlir qatacaq”. Bunu hafta.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Əli Əlirzayev bildirib.
Ekspert vurğulayıb ki, indiyədək Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyətini təşviq etmək üçün zəruri addımlar atılıb. “Dövlət başçısı tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 10 dekabr tarixli sərəncam imzalanıb. Sərəncamın icrası ilə bağlı “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilib. Həmin dəyişikliklə düşməndən təmizlənən yaşayış sahələrində fəaliyyət göstərən sahibkarlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala bilirlər. Eyni zamanda, dəyişikliyə əsasən, rüb ərzində sığortaedənin vəsaiti hesabına muzdlu işdən gəlir əldə edilən sığortaolunanların xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları da 10 il müddətində dövlət büdcəsindən subsidiyalaşdırılır. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyəti canlandırmaq üçün vergilərlə bağlı güzəştlər də mövcuddur. Sahibkarlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Onlar üçün tətbiq edilən güzəştlərdən biri də kreditlərin verilməsi ilə bağlıdır. Bu kreditlər dövlət səviyyəsində dəstəklənir. Yəni, bütün bunlar göstərir ki, hazırda bu ərazilərdə sahibkarlıq fəaliyyəti üçün münbit şərait var. Hesab edirəm ki, özəl sektor Prezidentin çağırışına dəstək verəcək və Qarabağa daha fəal investisiya qoyacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində özəl sektora çağırış edərək sahibkarlara Qarabağa investisiya yatırmaqda fəal olmalarını tövsiyə edib:
“ Bir daha özəl sektora müraciət edərək onlara çağırış etmək istəyirəm ki, Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoysunlar. Artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə özəl sektor tərəfindən icra edilir. Ona görə özəl sektora da mənim tövsiyəm budur ki, bundan istifadə etsinlər. Çünki vaxt gələcək, dediyim o Qarabağı və Zəngəzuru cənnətə çevirəcəyik, bu, reallığa çevriləcəkdir. Mənim heç bir şübhəm yoxdur, çünki şəhərlərin bütün Baş planları təsdiqləndi. Şəhərlərin bütün Baş planları dünyanın, daha doğrusu, Avropanın ən qabaqcıl şirkətləri tərəfindən hazırlanmışdır, o cümlədən Şuşa şəhəri. Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək”.
Prezident özəl sektora Bakı və Sumqayıtda deyil, Qarabağda tikinti işləri aparmağı tövsiyə edib: «Bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və görərlər ki, o iqtisadi cəhətdən də səmərəli olar və eyni zamanda, biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar. Çünki bu gün biznes dairələri üçün Azərbaycanda çox gözəl şərait yaradılır və dövlət tərəfindən dəstək göstərilir. Ona görə biznesin sosial məsuliyyəti, hesab edirəm ki, bu olmalıdır”.
Dövlət başçısı bildirib ki, biznesə dəstək üçün dövlət öz üzərinə düşən işləri həyata keçirəcək: “Getsinlər, müəssisələr qursunlar, evlər tiksinlər, zavodlar, fabriklər inşa etsinlər, dövlət isə öz üzərinə düşən bütün işləri görəcək - infrastruktur, xəstəxanalar, məktəblər, su anbarları, qazlaşdırma, içməli su, elektrik enerjisi, evlər, yollar, körpülər. İndi ancaq Murovdağın altındakı tuneli nəzərə alsaq, bunun uzunluğu təxminən 12 kilometrdir. İndi təsəvvür edin, bir tunel 12 kilometrdir, amma belə tunellərin sayı, - düzdür, o ölçüdə yox, - onlarladır. Yəni, 2024-cü ildə bu işlərə çox güclü təkan veriləcək və bütün qarşıda duran vəzifələr təmin ediləcək”.