Özəl sektorda 20 minə yaxın əmək müqaviləsi imzalanıb

15:10 06.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son iki ayda özəl sektorda 19,1 min əmək müqaviləsi bağlanıb.

Bu barədə hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyri-formal məşğulluğun qarşısının alınmasına və əmək münasibətlərinin leqallaşdırılmasına yönələn kompleks stimullaşdırıcı tədbirlərin müsbət nəticəsi kimi özəl sektorda bağlanan əmək müqavilələrinin sayında artım dinamikası davam edir:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron sisteminin məlumatlarına əsasən, 2020-cu ilin yanvar-fevral aylarında özəl sektor üzrə 19,1 min əmək müqaviləsi bağlanıb.

Beləliklə, cari ilin əvvəli ilə müqayisədə həmin sektor üzrə əmək müqavilələrinin sayı  3 faiz artaraq 641,5 mindən 01 mart tarixinə 660,6 minə çatıb".

Xatırladaq ki, 2019-cu ildə də ölkə üzrə əmək müqavilələrinin sayında qeydə alınan 153 min artımdan 99 mini qeyri-dövlət bölməsinin payına düşüb.

İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı hüquqi təminat yaradır.