Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ separatçılarından ibarət yeni “hökumət” yaratmaq və qondarma separatçı qurumun “prezidenti” Arayik Arutyunyanı əvəz etmək istəyir, Ermənistan mediası yazır.
Bir gün əvvəl Qarabağ separatçılarının lideri Arayik Arutyunyan “prezident” postunun boş qalacağı təqdirdə “konstitusiya”ya dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib. Dəyişikliyə əsasən, fors-major və ya hərbi vəziyyət zamanı “prezident” istefaya getdiyi (öldüyü) halda “parlament” yeni “prezident” seçə bilər.
Erməni mediası iddia edir ki, Arutyunyan “konstitusiya”nı dəyişmək istəməyib, lakin bəzi məlumatlara görə, Ermənistan hakimiyyətinin təzyiqi altında bunu etməli olub.
Ermənistan mətbuatının yazdığına görə, Paşinyan Qarabağda status-kvonun saxlanmasından narahatdır və konstitusiya dəyişiklikləri yolu ilə ona tabe olan yeni “hökumət” formalaşdırmaq istəyir. Hətta Paşinyanın mərc etmək istədiyi şəxsin adı da hallanır - bu, Soros çevrələrinə yaxın olan separatçı qurumun “baş prokuroru” Qurgen Nersisyandır.