Paşinyan hakimiyyətdə qalarsa... - Təhlil

14:10 04.03.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Ordusunun Baş Qərargah rəisi Onik Qasparyanın baş nazir Paşinyanın istefasını tələb edib. Bu fakt Ermənistanda dövlət çevrilişinin olacağı iddiasını ortaya çıxarıb.  Ermənistanıda baş verənlərin Azərbaycana hansı təsirlərini göstərəcəyi birmənalı qarşılanmır.  Bu barədə “Həftə içi”nə açıqlama verən politoloq Mütəllim Rəhimli bildirir ki, hazırda Ermənistanda rusiyapərəstlər və qərbpərəstlər arasında aydın görünən xətt üzə çıxır. Onun fikrincə, əgər bu zamanadək Rusiya Paşinyanla hər hansı məsələ ilə bağlı anlaşa bilərdisə, artıq bundan sonra mümkünsüz görünür.

“Paşinyan rəqiblərinə üstün gələrək hakimiyyətdə qalarsa, Rusiya ilə bərabər tərəflər kimi deyil, qalib kimi davranacaq. Bu isə Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılması deməkdir. Gürcüstandan sonra Rusiya Cənubi Qafqazın daha bir ölkəsini itirməsi ilə barışacaqmı? Bax, əsas sual budur”.

M.Rəhimli hesab edir ki, əgər Yerevanda rusiyapərəstlərin arxasını Paşinyan indiki mərhələdə yerə vura bilsə, bunun əks-sədası Qarabağ və Azərbaycanla sərhəd bölgələrdən gələcək. Gürcüstanın anti-Rusiya qərarı Osetiya və Abxaziyanın itirilməsi ilə sonunclandısa, Ermənistanı nə gözlədiyini düşünmək lazımdı.

Əgər Paşinyan qalib gəlsə, bu, Rusiya üçün yaxşı olmayan president yaradacaq. Rusiyadan qaçma meyilləri ruhlandırılacaq”.

Politoloq Məhəmməd Əsədullazadə bildirir ki, bu gün Rusiyanın Ermənistanda baş verənlərə baxışı  Koçaryan klanına “stavka” etməklə, bu qrupu hakimiyyətə gətirib, regionda öz mövqeyini gücləndirməyə çalışmasıdır.

“İlk növbədə əsas məqsəd Ermənistanın Türkiyə və Azərbaycanla sülh müqaviləsi bağlanmasının qarşısnı almaqdır. Ona görə də çalışır ki, prosesə mane olsun.

Kremldə anlayırlar ki, N. Paşinyanın hakimiyyətdə olması, bu ölkədə Rusiyanın mövqeyinin zəifləməsinə və tədricən bu ölkədən çıxmasına gətirib çıxara bilər. N.Paşinyanın hakimiyyətdə olması, regionda 10 Noyabr razılaşmalarından irəli gələn bəndlərə əməl edilməsinə, hətta  Türkiyə və Azərbaycanla əlaqələrin normallaşmasına gətirə bilər. Ona görə də Rusiya Hərbi Kəşfiyyat İdarəsi Ermənistan  Baş Qərargah rəisinin vasitəsilə  və müxalifətlə birgə hərbi çevrilişə cəhd etdi.  Göründüyü kimi, çevriliş baş tutmadı”.

Politoloq hesab edir ki, Rusiya 10 Noyabr razılaşmasının bir neçə bəndinin reallaşmasında maraqlı deyil.

“Moskva sadəcə iki bəndi həyata keçirdi. Bu da üç rayonun döyüşsüz geri alınmasıdır. Rusiya buna məcbur idi. Azərbaycan hərbi əməliyyatları davam etdirəcəkdi. İkincisi, kommunikasiyaların açılmasıdır. Bu da Rusiyanın öz geosiyasi maraqlarına cavab verir. Digər bəndlər Azərbaycanın maraqlarına və Ermənistanla sülhə apardığına görə həmin bəndlərin yerinə yetirilməsində maraqlı deyil”.

 M.Əsədullazadə bildirir ki, Moskva N. Paşinyanı devirərək, revanşistlərin hakimiyyətə gəlməsinə dəstək verir ki, razılaşmalara gedilməsin.

“Ermənistanla Azərbaycanın düşmənçiliyi davam etsin. Rusiya konkret olaraq N. Paşinyanın hakimiyyətdən getməsində əsas maraqlı tərəfdir. Buna baxmayaraq, N. Paşinyan hakimiyyətini möhkəmləndirəcək və Rusiyanın təsirini kifayət qədər azaldacaq.

Türkiyə ilə Ermənistan arasında sərhədlərin  açılması yay aylarında mümkündür. Bu, Paşinyanın ölkə daxlində vəziyyətini yaxşılaşdıracaq və iki ölkə ilə sülh müqaviləsinə gedə bilər. Hazırda N. Paşinyanın hakimiyyətdə qalması,Türkiyə və Azərbaycanında mövqeyindən aslıdır. Bu proses Rusiyanın  Cənubi Qafqazda mövqeyini  zəiflədəcək. Baxmayaraq ki, Qarabağın kiçik bir hissəsində sülhməramlı qüvvələr iştirak edir. Bu, həlledici amil olmayacaq.

Ermənistanda anti-Rusiya siyasəti və Azərbaycanın qətiyyətli addımları Moskvanın təsirini zəiflədəcək. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Qarabağdakı siyasətindən narazıdır və proseslər regionda  Kremlin əleyhinə işləyir. Bu gün N. Paşinyan və erməni cəmiyyəti  üçün Qarabağ mövzusu yoxdur. Ermənistan daxilində Qarabağ məsələsini Robert Koçaryan, Serj Sarkisyan vasitəsilə  gündəmə Rusiya gətirir ki, regionda münaqişə daim yaşansın”.