Cənubi Qafqazı “gərginlik ocağı” kimi saxlamağa çalışan xarici güclər hər fürsətdən istifadə edir. Xüsusən, Azərbaycanın işğalçı Ermənistan üzərindəki qələbəsini həzm edə bilməyən Fransa kimi dövlətlər sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqları yanlış səmtə yönəltməyə, bloklamağa cəhdlər edir. Fransa Ermənistanı silahlandırır, qərəzli çıxışlarla, Brüssel görüşünü pozmaqla əngəl yaratmaq istəyini gizlətmir. Fransanın regionla bağlı bu siyasətinin arxasında nə dayanır?
Deputat Aydın Mirzəzadə “Həftə içi”nə açıqlamasında bildirir ki, Fransa böyük dövlət kimi dünya birliyində nüfuzunu itirməkdədir. Belə ki, Fransa Afrikadan qovulur, beynəlxalq birlikdə hər hansı bir konstruktiv təklif irəli sürmür, hansısa bir məsələdə sərgilədiyi mövqe elə də əhəmiyyət daşımır. Deputat eyni zamanda bu ölkənin daxilində narazılığın həddən artıq böyüdüyünü önə çəkib:
“Fransa rəhbərliyinin fikrincə, onlar bu məsələdə aktivlik göstərib ənənəvi tərəfdaşları olan Ermənistanı müdafiə etməklə siyasi nüfuzlarını bərpa edə bilərlər. Ancaq bu, yeni müstəmləkəçilik siyasətidir, bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Belə siyasətlə Fransa nə özünün nüfuzunu bərpa edə bilər, nə də beynəlxalq birlikdə hörmət qazana bilər”.
A.Mirzəzadə regionda həllini gözləyən məsələlərin gecikməsini və danışıqlar prosesində ortaya çıxan ziddiyyətləri Ermənistanın hələ də öz məğlubiyyətini qəbul edə bilməməsi ilə əlaqələndirir:
“Ermənistan toplumu tarixin müəyyən dövrlərində xaricdən verilən dəstəklə Azərbaycanın bir çox ərazilərində yerləşdirilib. Ermənilərin revanşist iddialarına dəstək verilib, başqa xalqın torpağının, mədəniyyətinin, adının oğurlanmasına göz yumulub. Yüzillər davam edən bu yanlış prosesin qarşısını Azərbaycan qətiyyətlə aldı. Erməni separatçıları, terrorçuları Azərbaycan torpaqlarından çıxarıldılar. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək, bu gün Ermənistanla beynəlxalq hüquqa uyğun olaraq münasibətlər qurmağı təklif edir. Ermənistan hələ də bunun mahiyyətini dərk edə bilmir, yaxud qəbul edə bilmir. Hələ də onlara elə gəlir ki, hansısa bir sehrli qüvvə bunların işğalçı siyasətinə dəstək verəcək, saxta, qərəzli iddialarına yardımçı olacaq. Buna görə də gələcək üçün faydalı olan təklifləri görə bilmir. Görsəydi, torpaqlarımızı işğal etməz, neft və qaz kəmərlərinin Ermənistandan keçməsinə şərait yaradar, öz büdcəsinə hər il yüzmilyonlarla dollar gəlir gətirilməsinə səbəb olardı”.
A.Mirzəzadə qeyd edir ki, Zəngəzur dəhlizinin açılması Ermənistan iqtisadiyyatını dirçəltməyə, əhalinin sosial-iqisadi vəziyyətini yaxşılaşdırmağa, qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmağa kömək edə bilər. Onun fikrincə, Ermənistan bu gerçəkliyi qəbul edə bilmədiyi üçün növbəti dəfə tarixi səhvə yol verir.
“Ermənistan bu siyasətlə, ilk növbədə, özünə zərər vurur. Azərbaycan elan edib ki, özünün Naxçıvan bölgəsi ilə əlaqəsini İran ərazisi vasitəsilə həyata keçirəcək. Azərbaycandan Naxçıvana, oradan isə Türkiyəyə gedən yüklər İrana iqtisadi fayda verəcək. Ermənistan bu faydadan məhrum olur. Ermənistanın gələcək nəsilləri bu zərəri mütləq öz üzərlərində hiss edəcəklər”.
Türkiyə Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Hasan Oktay “Həftə içi”nə açıqlamasında qeyd edib ki, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra, Cənubi Qafqazda təəccüblü hadisələr baş verdi. Ekspert hesab edir ki, müqavilənin dördüncü maddəsinə daxil edilən “Laçın dəhlizi” Rusiyanın Cənubi Qafqazda daimi mövcudluğunu göstərmək baxımından son dərəcə əhəmiyyətli idi. Ukrayna böhranı bu münaqişənin gedişatını dəyişdirdi. Bundan əlavə, Rusiya ilə Ermənistan arasında münasibətlərin açılması Rusiyanın 30 ildir həyata keçirdiyi Cənubi Qafqaz siyasətini Ermənistan üzərindən aparması ilə nəticələndi:
“Ciddi sapmalar baş verməyə başladı. Xüsusən də Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Rusiyanın Cənubi Qafqaz siyasətində dəyişiklik etməsinə imkan yaratdı. Ermənistanın Dağlıq Qarabağ bölgəsinin öz problemi olmadığını və bu problemin Rusiya ilə Azərbaycan arasında həll edilməli olduğunu bildirməsindən sonra, Putin strategiyanı dəyişmək qərarına gəldi, yeddi rayondan sonra Azərbaycan Qarabağı öz ərazisinə birləşdirdi”.
Ekspert belə bir şəraitdə Fransanın Rusiyanın Ermənistanda boşaltdığı məkanı doldurmaq üçün cəld hərəkətə keçdiyini və razılaşmalara əsasən Ermənistana yaxınmənzilli müdafiə və hücum raketləri satdığını qeyd edib. H.Oktay “Bundan sonra Ermənistan-Azərbaycan müharibəsi olacaqmı, yoxsa Rusiya tərəfindən Ermənistana qarşı hər hansı bir tədbir görüləcəkmi?” sualının yaranmasına da birmənalı yanaşmayıb. Onun fikrincə, bu silahalma hərəkətlərinin qarşısını almağın mümkün olub-olmadığını zaman göstərəcək: “Fransanın bölgədəki mövcudluğunu qorumaq üçün böhrana ehtiyacı var. Hazırda Azərbaycan və Ermənistan Fransanın bu böhrandan faydalanmaması üçün Türkiyə ilə birgə siyasət yürütməli, Türkiyə-Ermənistan-Azərbaycan üçlüyü sülhü bərqərar etməlidir. Bu sülh gecikdiyi üçün regionda pay sahibi olan ölkələr özlərinə uyğun siyasətlərini davam etdirmək istəyirlər. Bu siyasətlər nəticədə münaqişə mədəniyyəti üzərində qurulacaq. Bu münaqişələr həm Ermənistana, həm də Azərbaycana zərər verə bilər”.
Beynəlxalq münasibətlər üzrə siyasi ekspert Aytən Qurbanova bildirir ki, Fransanın Cənubi Qafqaz siyasətinin arxasında dayanan imperialist çıxışlar regional təhlükəsizliyi hədə altında qoyan ən əsas təhdid kimi dəyərləndirilə bilər. Ekspert hesab edir ki, bir tərəfdən sülhdən danışıb, digər tərəfdən, Ermənistanı hərbləşdirməyə davam edən Fransanın bu addımları heç bir halda xoş niyyət ehtiva edə bilməz:
“Fransanın əsassız və qərəzli anti-Azərbaycan çıxışlarının məqsədi Ermənistanın işğalçılıq siyasətindən diqqəti yayındıraraq, Azərbaycanı hədəf göstərmək və beləliklə, yeni təzyiq vasitələri yaratmaqdır. Aydın şəkildə müşahidə edirik ki, onun bu addımlarının hər biri Azərbaycanın ədalətə və beynəlxalq hüquqa istinad edən adekvat cavab tədbirləri ilə zərərsizləşdirilir. Bu gün ermənidən daha çox erməniçilik iddiası ilə çıxış edən Fransa təxribat addımlarını davam etdirərək, diplomatik platformalarda Azərbaycan əleyhinə mövqeyin formalaşdırılması məqsədilə hansısa xəyali işğalçılıq siyasəti ittihamları səsləndirir. Nə bu ittihamların, nə də Azərbaycanın Zəngəzura müharibə yolu daxil olacağı ilə bağlı iddiaların heç bir əsası yoxdur və olmayıb. Cənab Ali Baş Komandan bu məsələ ilə bağlı mövqeyimizi aydın şəkildə ifadə edərək bildirib ki, biz Zəngəzura tanklarla yox, maşınlar ilə qayıdacağıq. Hər kəs çox gözəl bilir ki, dövlət başçımız belə bir mesaj veribsə, deməli bu, mütləq olacaq”.
Siyasi ekspert, MHB sədri Fuad Əliyev bildirir ki, Zəngəzur dəhlizinin açılması məsələsi 2020-ci ildə imzalanan üçtərəfli Bəyannamədə qeyd olunub və son 3 il ərzində dəhlizin açılması üçün Azərbaycan tərəfindən bütün işlər görülüb. Ekspert məhz Ermənistanın heç bir səbəb göstərmədən dəhlizin açılmasının uzadıldığını deyib:
“Onsuz da gec-tez dəhliz açılacaq. Azərbaycan hakimiyyəti bu məsələdə çevik siyasət apararaq, bu dəhlizə alternativ, İrandan keçən yolun açılması ilə bağlı Tehran hakimiyyəti ilə danışıqlara başlayıb. İrandan keçən alternativ yolun açılmasının ilkin razılaşmasını əldə edib”.
Bu gün Azərbaycanın Cənubi Qafqaz regionunda əsas oyunçuya çevrildiyini qeyd edən F.Əliyev məsələyə bu kontekstdən yanaşaraq, regionda maraqlı olan ölkələrin istər-istəməz Azərbaycanla hesablaşdığını, bu və digər məsələlərdə bizim mövqeyimizin nəzərə alındığını önə çəkib:
“Bizim güclü olmağımız regionun sabitliyinə gətirib çıxardı. Bəzi ölkələr, xüsusilə də Fransa bundan çox narahatdır. Fransa Zəngəzur dəhlizinə qarşı olduğunu açıq mətnlə bəyan edir. Fransanın birbaşa məqsədi bölgədəki vəziyyəti daha da gərginləşdirməkdir. Bu yaxınlarda hər iki ölkənin müdafiə nazirləri hərbi əməkdaşlığa dair müqavilə bağladılar. Açıqlamalarında qeyd etdilər ki, bu hava hücümundan müdafiə sistemləridir. Hesab edirəm, bu, görüntüdür və bundan sonra, hücüm texnikaları veriləcək”.
Ekspert bu cür presedentin olmasına diqqət çəkib:
“Keçən ilin oktyabr ayında Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunmuşdu. Sonra bu misiyanın sayı 200-ə qalxdı. İndi isə bu monitorinq qrupu hərbi-mülki missiyadır. Bundan əlavə, burada 100-ə yaxın fransız jandarmaları da yerləşdirilib. Fransa hökumətinin Qarabağın erməni əhalisinə münasibətdə “etnik təmizləmə” ifadəsini işlətməsinin də şahidi olmuşduq. Bütün bunlar onu göstərir ki, Fransa reallıqla barışmayıb. Ermənistanı yenə də müharibəyə doğru sövq edir. Fransa hələ də başa düşmür ki, regionda Azərbaycandan başqa, Türkiyə və Rusiya kimi güclü oyunçular var. Bu üçlü siyahıya İranı da daxil etsək, görəcəyik ki, Fransa Qafqaz regionuna heç yaxın da dura bilməz, ləkələmiş nüfuzunu daha da batırar”.