Pekin anti-covid məhdudiyyətlərini yumşaldır

17:19 06.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Pekin sakinlərinə COVID-19 üçün mənfi nəticə vermədən parklara, supermarketlərə, ofislərə və hava limanlarına getməyə icazə verilib. Bu barədə “Reuters” məlumat yayıb.

Eyni zamanda, agentlik qeyd edir ki, bəzi Çin sakinləri bu cür tədbirlərdən sonra virusun daha sürətli yayıla biləcəyindən qorxaraq, COVID-19 üçün testlər və dərmanlar almağa tələsirlər.

Reuters mənbələrinə görə, Çin səlahiyyətliləri, həmçinin 7 dekabr Çərşənbə günü, covid məhdudiyyətlərini yüngülləşdirmək üçün 10 yeni tədbir elan edə bilər. Beləliklə, xəstəlik indiki ən yüksək yoluxucu xəstəliklərin A kateqoriyasından daha az ağır B kateqoriyasına endirilə bilər. Həmçinin, koronavirus testi müsbət çıxan Çin vətəndaşlarına ev karantininə icazə veriləcək.

COVID-19 tədbirlərinin yumşaldılması Çində bir neçə gün davam edən kütləvi etirazlar fonunda baş verir. Noyabrın 24-də Urumçidə baş verən yanğında 10 nəfərin ölməsindən sonra Şanxay, Nankinq, Vuhan və digər böyük Çin şəhərlərində karantinlara qarşı etirazlar başlayıb. Karantinlə əlaqədar insanların binanı tərk etməsi qadağan edilib, şəhərdə yollar bağlanıb.