Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən aprelin 17-də “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun və “Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Fərman imzalanıb. Dövlət Sosial Müdafiə Fondunun yaydığı məlumatda bildirilir ki, yeni qanunla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) sərbəst vəsaitlərini investisiyaya yönəldilməsi imkanına malik olacaq. Bununla əlaqədar Qanuna sərbəst vəsait və investisiya gəliri anlayışları da əlavə olunub. Sərbəst vəsait dedikdə, DSMF büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq, investisiya gəliri dedikdə isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərq nəzərdə tutulur.
İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Mərkəzi Bankda açılmış hesaba toplanacaq və uçotu ayrıca aparılacaq. Qaydada sərbəst vəsaitin banklarda depozitə qoyulma şərtləri qeyd olunur. Bu şərtlərə görə, bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 faizindən çox olmamalı, banklarda depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 faizi həcmindən çox olmamalıdır. Həmçinin banklara depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır. Sərbəst vəsait isə aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklarda və Fondun sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklarda depozitə qoyulur.
Qaydaya əsasən, Fondun investisiya gəlirlərindən aşağıdakı istiqamətlərdə istifadə olunacaq:
- investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi və təkrar investisiya məqsədləri;
- sosial müdafiə ilə bağlı islahatların maliyyələşdirilməsi;
- müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;
- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial infrastrukturun yaradılması ilə bağlı xərclər;
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər istiqamətlərdə.
İnvestisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün Nazirliyin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təsdiq edəcək. Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov deyib ki, "Sosial sığorta haqqında” Qanununda yeni dəyişikliklərdən sonra ilk dəfə olaraq sözügedən qanunvericiliyə sərbəst vəsait və investisiya gəliri terminləri kimi yeni anlayışlar gətirilir: "Həmin anlayışlar dövlət sosial müdafiə fondunun investisiyaya yönəldilə bilən vəsaitini və bu vəsaitin sərmayəyə yönəldilməsi nəticəsində əldə edilən gəlirlərin formalaşması qaydasını müəyyən etməyə imkan verir. Dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək öz gəlirlərini artıra biləcək. Fond bununla gəlir mənbələrini şaxələndirərək yalnız büdcə transferləri və yığımlardan asılı olmayacaq. Bu isə fonda imkan verəcək pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayıra bilsin”.
V.Bayramov hesab edir ki, məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir: "Bu isə o deməkdir ki, sərmayə mexanizmi növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacaq. Bu pensiya təminatının da güclənməsinə xidmət edəcək”.