Pensiyaçıların orta ömür göstəricisi – DÜNYADA VƏ BİZDƏ

16:32 14.11.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Gələn ildən Azərbaycanda pensiyaçıların sayında artım proqnozlaşdırılır. Bu barədə məlumat "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb. Hesablama Palatası bu qənaətdədir ki, növbəti ildən başlayaraq pensiyaçıların sayında nəzərdə tutulmuş artım əsasən həm pensiya təyinatı üçün müraciət edəcək şəxslərin sayının artması, həm də qanunvericilik üzrə şərtlərin optimallaşdırılması hesabına baş verəcək.

Sənədə əsasən, orta aylıq pensiya məbləğinin dəyişməsinə təsir edən amillərdən biri də pensiyaçıların say göstəricisidir. Cari ilin 1 yanvar tarixinə tərtib edilmiş statistik hesabata əsasən ölkə üzrə pensiyaçıların ümumi sayı 1 milyon 200,5 min nəfər olub ki, bunun da 707 min nəfəri yaşa görə, 347,3 min nəfəri əlilliyə görə və 146,2 min nəfəri isə ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərdir.

1 iyul tarixinə tərtib edilmiş statistik hesabatda isə ümumi pensiyaçıların sayında 41,3 min nəfər, yaşa görə pensiya alan şəxslərin sayında 6 min nəfər, əlilliyə görə pensiya alan şəxslərin sayında 38,3 min nəfər azalma, ailə başçısını itirməyə görə pensiya alan şəxslərin sayında isə 3 min nəfər artım qeydə alınıb. Hesablama Palatasının rəyinə görə, növbəti ilin əvvəlində pensiyaçıların sayının 1 milyon 118,1 min nəfər, ilin sonuna isə 1 milyon 127,3 min nəfər olacağı proqnozlaşdırılır.

Yeri gəlmişkən qeyd edək ki, hazırda  Azərbaycanda orta ömür uzunluğu kişilərdə 71,3, qadınlarda 75,9-dur.Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi rəqəmlərə əsasən, ölkədə 15 yaşlı kişilər daha 57.2, 20 yaşlı kişilər 52.4, 25 yaşlı kişilər 47.7, 30 yaşlı kişilər 43 il yaşayır. Azərbaycandakı 15 yaşlı qadınlar daha 61.7 yaş, 20 yaşlı qadınlar 56.8 yaş, 25 yaşlı qadınlar 51.9 yaş, 30 yaşlı qadınlar isə 47 il ömür sürürlər.

Hökumət rəsmiləri Azərbaycanda 2035-ci ildə orta ömür uzunluğunun 78 yaşa çatacağını proqnozlaşdırırlar. Hesab edilir ki, pandemiya ömür uzunluğunun aşağı düşməsinə səbəb olub. Növbəti ildən ömür uzunluğunun pandemiyadan əvvəlki vəziyyətə qayıtması proqnozlaşdırılır. Əvvəlki illərdə Azərbaycanda orta ömür uzunluğu 75 yaşa qədər olub.

Məlumat üçün onu da bildirək ki, Birləşmiş Millətlər Təşkilatının yaydığı ən son hesabatına əsasən hazırda İsveçrə dünyada gözlənilən 84 illik ömür uzunluğuna görə İnsan İnkişafı İndeksinə başçılıq edir. Siyahının sonunda 55 il ömür uzunluğuna görə Cənubi Sudan gəlir. Azərbaycan bu siyahıda 195 ölkə arasında 91-ci sıradadır.