İlin sonuna yaxınlaşdıqca gələn il pensiyaların nə qədər artacağı barədə məsələ aktuallaşır. Artıq bununla bağlı müxtəlif rəqəmlər də səsləndirilir. Məsələn, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il üzrə büdcəsi ilə bağlı rəyində qeyd olunub ki, Azərbaycanda 2023-cü il ərzində orta aylıq pensiya məbləği 52,6 manat və ya 14,2 faiz artaraq 422 manat olacağı proqnozlaşdırılır.
Qeyd edilib ki, “Əmək pensiyaları haqqında “1-pensiya №li forma” statistik hesabata əsasən, cari ilin 1 yanvar tarixinə ölkə üzrə orta aylıq pensiya məbləği 331,8 manat olduğu halda ilin I yarısında 36,2 manat və ya 10,9 faiz artaraq 368 manat təşkil etmiş, artım pensiyanın hər 3 növü üzrə baş verib: "Cari ilin I yarısında yaşa görə pensiyalar 37,7 manat (10,4 faiz), əlilliyə görə pensiyalar 31,8 manat (10,9 faiz), ailə başçısını itirməyə görə pensiyalar isə 29,8 manat (10,3 faiz) artmışdır ki, bu da minimum pensiya məbləğinin artırılması, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi və cari ilin 1 yanvar tarixinədək əmək pensiyası təyin edilmiş şəxslərə maddi yardımın ödənilməsi hesabına baş verib. Minimum pensiya məbləğinin daha yuxarı həddə çatdırılması və pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilin I yarısında həyata keçirildiyindən pensiya məbləğlərindəki nəzərəçarpacaq dəyişiklik bu dövrdə müşahidə edilib. İlin II yarısında isə pensiya məbləğlərində kəskin dəyişiklik yarada biləcək halların gözlənilməməsi səbəbindən növbəti ilin əvvəlinə orta aylıq pensiya məbləğləri aşağı artımla proqnozlaşdırılıb.
Palata hesab edir ki, növbəti ilin əvvəlində yaşa görə orta aylıq pensiyanın 0,1 manat azalması, əlilliyə görə orta aylıq pensiyanın 0,4 manat artması fonunda, ümumi orta aylıq pensiyanın 1,4 manat artaraq 369,4 manat həddində olması gözlənilir ki, bu da ailə başçısını itirməyə görə pensiya növündə gözlənilən artım ilə əlaqədardır.
Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin ötən həftə keçirilən birgə iclasında isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, həm yaşa görə, həm də ümumi pensiyaların 400 manatın üzərində olması planlaşdırılır. Nazir bildirib ki, qısa müddət ərzində sosialyönümlü xərclərin 2 dəfə artması böyük nailiyyətdir: “Ölkədə əməkhaqqlarının artırılması sahəsində islahatlar davamlı nəticə göstərir. Əhaliyə ödənişlərin, xüsusilə pensiya ödənişlərinin 650 milyon manat artımı pensiyaçılarımız üçün çox önəmlidir. Həm yaşa görə, həm də ümumi pensiyaların 400 manatın üzərində olması planlaşdırılır. Yaşa görə pensiyanın orta aylıq məbləğini 450 manat ətrafında, ümumi pensiyanı isə 400 manat planlaşdırırıq".
Bəs, görəsən, bu proqnoz nə dərəcədə realdır və artımlar nə vaxtdan baş verəcək? Ümumiyyətlə, əmək pensiyaları hansı mexanizmlə artırılır? Yüksək pensiya artımı gözləməyə dəyərmi?
Məlumat üçün xatırladaq ki, Azərbaycanda pensiyaların artımı dedikdə iki hal başa düşülür. Bunlardan biri minimum pensiya məbləğinin, digəri isə pensiyaların məbləğinin indeksləşdirilməklə artırılmasıdır. Birinci halda artım yalnız əmək pensiyasının minimum həddinə şamil olunur. Sonuncu dəfə minimum pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunda edilən dəyişiliklə bu il artırılıb. Beləliklə, minimum pensiya məbləği 20 faiz artırılaraq 200 manatdan 240 manata çatdırılıb. Başqa sözlə, hazırda ölkəmizdə əmək pensiyasının minimum məbləği 240 manatdır.
Pensiyaların indeksləşdirilərək artırılması isə hər ilin əvvəlində həyata keçirilir. Burada məqsəd pensiya məbləğinin alıcılıq qabiliyyətinin təmin edilməsidir. Ölkə qanunvericiliyinə görə, hər ilin əvvəlində ölkə başçısının müvafiq Sərəncamı ilə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılır.
Məsələni qəzetimizə şərh edən iqtisadçı-ekspert Xalid Kərimli də qeyd edib ki, Azərbaycan pensiyalar hər ilin əvvəlində indeksləşdirilir: “Pensiyaların indeksləşdirilərək artırılması hər ilin 1 yanvar tarixinə ondan əvvəlki il üzrə muzdla çalışanların Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı orta aylıq əməkhaqqının illik nominal artımına uyğun olaraq reallaşdırılır. Statistik məlumatlara görə, 2022-ci ilin 9 ayı ərzində Azərbaycanda muzdla işləyən işçilərin orta aylıq əməkhaqqı təxminən 14,4 faiz artıb. Bu artımın ilin sonunadək də davam edəcəyi gözlənilir. Təqribən bu artım 14-15 faiz həcmində olacaq. Bu barədə dəqiq məlumat dördüncü rübün nəticələri açıqlandıqdan sonra bilinəcək. Amma görünən budur ki, orta aylıq əmək haqqı bir qədər artıb. Hökumət də bu istiqamətdə rəqəmlər dəqiq bəlli olandan sonra pensiyaları təxminən 14-15 faiz arası artıracaq. Pensiyalar artandan sonra təbii ki, orta aylıq pensiyaların məbləğində də artım olacaq. Yəqin ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin bununla bağlı əlində detallı məlumatlar var ki, belə bir rəqəmi hesablayaraq ictimailəşdirib. Mən nazirin bu proqnozuna heç bir şübhə etmirəm. Bir məqamı da vurğulayım ki, burada söhbət orta pensiyadan gedir. Tutaq ki, bir pensiyaçının pensiyası 700 manat olacaq, digərinin 350 manat olacaq. Amma orta pensiya nazirin dediyi rəqəm ətrafında ola bilər və bu rəqəm realdır. Artımlar isə 2023-cü ilin yanvarın əvvəlində hesablanaraq pensiyaçılara veriləcək”.