Pensiyaya kimlər daha tez çıxa bilər - ARAŞDIRMA

12:10 09.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bəzi şəxslərin pensiya kapitalından vaxtından əvvəl istifadə etməsinə imkan yaradılması təklif olunur. Təklifə əsasən, pensiya kapitalı çox olan insanlara belə bir şəraitin yaradılması məqsədəuyğun sayılır.

Qeyd edək ki, hazırda bir sıra ölkələrdə pensiya yaşı yüksək olsa da, insanlara müəyyən şərtlər daxilində vaxtından əvvəl əmək pensiyasına çıxmaq hüququ tanınır. Məsələn, Qərb ölkələrinin əksəriyyətində pensiya yaşının yüksək olmasına baxmayaraq, həmin ölkələrdə hökumətin müəyyənləşdirdiyi maksimum əmək stajını çalışmış insanlara könüllü olaraq erkən pensiyaya çıxmaq hüququ verir. Tutaq ki, Belçikada 60 yaşı tamam olmuş şəxs tələb olunan iş stajına malikdirsə, Çexiyada 25 il sığorta stajı varsa və pensiya yaşına 3 il qalırsa, istənilən şəxs könüllü pensiyaya çıxa bilər. Sadəcə, erkən pensiya halında tam pensiyanın müəyyən faizi vətəndaşa ödənilir. Bu məbləğ bəzi ölkələrdə 90, bəzi olkələrdə 95 faizdir. Pensiya yaşı tamam olduqda isə həmin şəxs üçün pensiya yenidən hesablanır. İtaliyada 2019-cu ildən tətbiq olunan pensiya qanunvericiliyinə əsasən ölkədə pensiya yaşı 67 yaşdan 62 yaşa endirilib. Belə ki, 62 yaşa çatan və 38 il əmək stajı olan kişilər, 58 yaşa çatan və 35 illik əmək stajı olan qadınlar pensiyaya çıxa biləcəklər. Kişilər 42, qadınlar isə 41 illik əmək stajı ilə bu yaşdan əvvəl də pensiyaya çıxmaq hüququ əldə ediblər.

Xatırladaq ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bununla da Azərbaycanda 1 iyul 2020 – 30 iyun 2021 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il olub. 1 iyul 2021 – 30 iyun 2022-ci il tarixində kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 62 il 6 ay olacaq.

Yeri gəlmişkən, hazırda ölkədə orta aylıq pensiyanın həcmi 213 dollardır. Bu baxımdan Azərbaycan MDB ölkələri arasında Qazaxıstan və Rusiyadan sonra üçüncü yerdə dayanır. İndi Azərbaycanda orta ömür uzunluğu 71,4 yaşdır. Bu MDB ölkələri arasında müvafiq reytinq üzrə ən aşağı göstəricilərdən biridir. BMT-nin Əhali Fondunun proqnozlarına görə, yaxın illər ərzində Azərbaycanda pensiya yaşlı insanların sayı əhəmiyyətli dərəcədə artacaq və buna orta ömür uzunluğunun çoxalması səbəb olacaq.

Bəs, görəsən, hazırda Azərbaycanda kimlərin rəsmi pensiya yaşından əvvəl əmək pensyasına çıxmaq hüququ var? Bu siyahının genişləndirilməsinə ehtiyac varmı? Ümumiyyətlə, bu istiqamətdə beynəlxalq praktikanın tətbiqi mümkündürmü? 

Məsələni hafta.az-a şərh edən Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bu yaxınlarda pensiya kapitalından vaxtından əvvəl istifadə ilə bağlı təklif sözügedən Komitənin iclasında onun elə özü tərəfindən verilib:

"Mən təklif etdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi ilə çox pensiya kapitalı yığımı olan vətəndaşlara belə bir imkan verilsin. Məsələn, ABŞ-da pensiya kapitalı çox olanlar daha tez müraciət edib pensiya alma imkanına malik olurlar. Son məlumata görə, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu məsələ ilə bağlı müzakirələr aparılır. Bu daha çox minimum pensiya kapitalı yığmış vətəndaşlara tətbiq edilə bilər. Hələ ki, məsələ müzakirə səviyyəsindədir".

Təklif qəbul olunarsa…

V.Bayramov vurğulayır ki, indiki halda 144 ay pensiya müddəti kimi götürülür: "Yəni 12 il x 12 ay. Bu isə 144 ay edir. Bu gün kişilər 65 yaşda pensiyaya çıxırlarsa, müzakirə olunur ki, vətəndaş 65 yox, 60 yaşda pensiyaya çıxmaq istəyirsə, 144 deyil, bu zaman həmin beş il üçün nəzərdə tutulan 144-ün üzərinə (5x12) 60 ay gələcək. Bu rəqəm 204 aya bölünəcək. Bu imkan verə bilər ki, vətəndaş 5 il tez pensiyaya çıxsın. Amma artıq bu 144-ə yox, 204-ə bölünməklə aylıq pensiya məbləği müəyyənləşə bilər. Əgər qanun qəbul olunarsa, bu, minimum pensiya kapitalı yığmış vətəndaşlarımıza şamil olunacaq. Yəni pensiya kapitalı minimum kapitaldan çox olan vətəndaşlara şamil ediləcək".

Deputat qeyd edir ki, təklif qəbul olunarsa, pensiya yaşından gec pensiyaya çıxanlar daha çox pensiya ala biləcəklər: "Digər tərəfdən isə ola bilər ki, vətəndaş işləyir, 65 yaşda pensiya almaq istəmir. Hansısa vətəndaş pensiyaya 70 yaşında çıxmaq istəyərsə, bu halda onun aylıq pensiya məbləği 144-ə deyil, 144-dən 60 ay çıxmaqla 84-ə bölünəcək. Nəticədə gec pensiyaya çıxan vətəndaş aylıq olaraq daha çox pensiya almış olacaq. Əsas odur ki, nazirlik tərəfindən bu ideya dəstəklənir və gözlənilir ki, bu istiqamətdə rəsmi müzakirə növbəti dövrdə daha aktiv olacaq".

Beynəlxalq praktikadan istifadə mümkündürmü?

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, hazırda mövcud qanunvericilik vətəndaşlara vaxtından əvvəl pensiyaya çıxmağa icazə vermir:

“Bu məsələ parlamentin də gündəmindədir. Dünya təcrübəsində belə bir praktika var ki, insanlar lazımi qədər pensiya kapitalı formalaşdırdıqdan sonra onun müəyyən hissəsindən müəyyən məqsədlər üçün istifadə edə bilərlər. Tutaq ki, kreditlərin ödənilməsi, kommunal xərclərin qarşılanması və s. Hazırda Azərbaycanda yalnız müəyyən kateqoriyaya aid olan işçilərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ var. Bu böyük əhali kütləsi içərisində çox kiçik paya mənsub olan insanlara aid edilir. Beynəlxalq təcrübədə isə pensiya ilə bağlı müxtəlif konfikurasiyalar var. Məsələn, vaxtından əvvəl pensiyaya çıxmaq, pensiya kapitalından istifadə,özəl pensiya fondları və s.  Bu təcrübələrin Azərbaycanda tətbiqi üçün hər bir istiqamətin özünəmüvafiq şərait yaradılmalıdır ki, həmin təcrübə ölkəmizdə tətbiq olunsun”.

Mövcud siyahı kifayət qədər genişdir

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov hafta.az-a deyib ki, Azərbaycan qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyasının yaş həddi 2027-ci ildə qadınlar və kişilər üçün bərabər olacaq:

“Hazırda kişilər üçün artıq 65 yaşdır. Qadınlar üçünsə hələ ki, 62 yaş 6 aydır. Bu o şəxşlərdir ki, həmin yaşa çatanda 25 illik sığorta stajı və yaxud da müəyyən olunmuş həddə pensiya yığım kapitalına əsasən, əmək pensiyasına çıxırlar. Güzəştli şərtlərlə əmək pensiyasına çıxanlara gəlincə, məsələn, bu kateqoriyaya ağır iş şəraitində işləyənlərə aid edilir. Tutaq ki, yeraltı işlər. Bu sahədə çalışanlar 12 il yarım stajı olduqdan sonra 10 il daha tez əmək pensiyasına çıxa bilərlər. Bundan başqa, hüquq-mühafizə orqanlarıdır ki, onlarla da bağlı müəyyən yaş hədləri müəyyənləşdirilib. Və çoxuşaqlı analar da vaxtından əvvəl əmək pensiyasına çıxa bilərlər və s. Yəni, bu siyahı kifayət qədər genişdir. Siyahını nəyin hesabına artırmaq olar? Düşünürəm ki, ağır fiziki əməkdirsə, bu siyahıda var, tutaq ki, şəxş neft platformasında və ya zərərli kimyəvi məhsullar istehsal edən zavodda çalışır və s. Bununla bağlı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş geniş bir siyahı var”.

Liqa rəhbəri vurğulayır ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən müzakirəyə çıxarılan bir layihə mövcuddur. Həmin layihə zərərli və ağır əmək şəraitində çalışan şəxslər üçün qanunvericilikdə dəyişikliklərin edilməsindən bəhs edir: “Bu, tamamilə başqa məsələdir. Bizi də müzakirələrə dəvət ediblər və biz də həmin sənədə etirazımızı bildirmişik.  Həmin layihədə stajların dəyişdirilməsi və s. məsələlər var. Məlumat üçün bildirim ki, sovet vaxtında 1 və 2 saylı siyahılar vardı. 1 saylı siyahı daha ağır işlərdə çalışanları əhatə edirdi – onlara 10 il, 2 saylı siyahıdakı işçilərə isə pensiya yaşından 5 il əvvəl pensiyaya çıxmaq imkanı tanınırdı. İndi  bu bizdə artırılıb və biz az da artırmaq planları var. Əslində bu gün siyahıların dəqiqləşdirilməsinə ehtiyac var. Yeni peşələr ortaya çıxıb. Tutaq ki, bir sexdə eyni şəraitdə işləyən iki nəfər var, birinin işinin adı bir cürdür, o birinin işinin adı fərqldir. Həmin peşələrdən birinin adı siyahıda var, digərinin adı yoxdur, amma eyni iş şəraitində işləyirlər. Nazirlik bunları dəqiqləşdirmək istəyirdi, stajlar məsələsinə yenidən baxmaq istəyirdi. Ən əsas mübahisə yenə də deyirəm, eyni əmək şəraitində işləyən, hətta bəzən eyni işi görən, sadəcə peşə adında cüzi fərq olan işçilərlə bağlıdır ki, bu mübahisə məhkəmələrə qədər gedib çıxır. Xüsusilə indi müxtəlif peşələr ortaya çıxıb və peşə standatları da sona qədər müəyyən olunmayıb”.

Oxunma sayı 67