Paytaxtda eyni yağda gün boyu bişirilən qidalar təhlükə mənbəyidir
Paytaxt küçələrində, xüsusən də bazar və dayanacaqlarda açıq havada satılan peraşki, qutab, blinçik kimi məhsullara addımbaşı rast gəlmək mümkündür. Başdan-başa təhlükə mənbəyi olan belə qidalar açıq havada küləklə gələn toz-torpağı üzərinə yığmaqla yanaşı, dəfələrlə istifadə edilmiş yağda hazırlanır. Bişirmə və satış yerlərindəki antisanitar vəziyyəti isə yazmaqla bitməz. Pandemiyanın tüğyan etdiyi bu dövrdə günboyu maska və əlcəksiz işləyən şəxslər gördükləri işi “bəh-bəh”lə də tərifləyirlər.
Hafta.az-ın əməkdaşı mövcud məsələ ilə bağlı paytaxt küçələrində araşdırma aparıb, qiymətlər və bu qidalara olan tələbatı yerində izləyib.
Üz tutduq əhali axınının sıx olduğu Bakı Metropoliteninin “20 Yanvar” stansiyası ərazisinə. Burada yolboyu sıra ilə düzülmüş bir neçə satış yerləri var. Hər birində qiymətlər fərqli olsa da, bişirmə yerləri, demək olar ki, eynidir.
15-30 qəpiklik peraşkilər
Peraşki və ciyərli blinçik bişirib satan xanım deyir ki, satışlar yaxşıdır. Bir müştəri azı 3-5 məhsul alır. Heç kəs də dadından narazılıq etmir:
“Gözlərinin önündə bişirib satıram, bəyənməyən almasın! Gündə bir dəfə yağı dəyişirəm. Hələ heç kəs zəhərlənib üstümə qayıtmayıb. Biz də bu yolla evimizə çörək aparırıq”.
Qiymətlərə gəldikdə isə burada 1 ədəd peraşki 15, blinçik isə 20 qəpikdir. Diqqətinizə çatdıraq ki, yanaşı yerləşən digər obyektlərdə bir peraşki 20 və 30 qəpik, qutablar isə 50 qəpik-1 manat arası dəyişir.
Başqa bir satıcı isə üstüaçıq satılan məhsulların arxa tərəfdə yerləşən sexdə hazırlandığını söylədi. Təəssüflər olsun ki, içəri daxil olmağa icazə verilmədi. Qiymətlərə gəldikdə, burada peraşkinin 1 ədədi 30 qəpiyədir. Satıcı gündəlik 100-dən çox məhsul alındığını söylədi.
Sakinlər nə düşünür
Daha sonra ətrafdan ötən vətəndaşlar arasında sorğu keçirdik. Paytaxt sakini Vəli dayı deyir ki, taksi sürücüsü olduğu üçün hər gün burada dayanır. Belə qidaların alıcısı çoxdur:
“Özüm bir dəfə də olsun almamışam, elə bişirilən şəraiti görürəm, bu mənə bəs edir. Onları da qınamıram, hamı bir tikə çörəyinin dalınca qaçır. Ancaq təhlükə mənbəyidir – zəhərdir, zəhər...”.
Bəs görəsən, belə obyektlərin fəaliyyətinə kimlər nəzarət edir? Hansı təhlükələrlə qarşı-qarşıyayıq?
Ekspert rəyi
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hafta.az-a danışarkən söylədi ki, bütün qida zəncirində iştirak edənlər tarladan və yaxud fermadan məhsulu istehlakçı masasına gətirincəyə qədər, alan, satan, daşıyan daxil olmaqla, hər kəs Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçməlidir. Bu halda agentlik həm prosesə nəzarət edir, həm də mütəmadi olaraq maarifləndirmə işləri aparır. Təəssüflər olsun, bu cür küçə satışları Qida Təhlükəsizliyi Agentliyinin deyil, başqa qurumların nəzarəti ilə fəaliyyət göstərir. Agentlik də onlarla iş apara bilmir”.
Ekspert deyir ki, küçə satışlarını leqallaşdıran Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan İstehlak Bazarına Nəzarət Departamentidir:
“Qurum həmin şəxslərdən icazə qarşılığında müəyyən miqdarda pul alır. Bu tip qidalar təsadüfi və olduqca təhlükəlidir. Fikrimcə, məsələ ilə bağlı tədbir görülməlidir. Yağda istənilən məmulatı 3 dəfədən artıq qovurduqda, həmin yağ zəhərə çevrilir. Tərkibində konserogen maddələr artır. Yağ qidanın tərkibinə hoparaq insanlarda mədə-bağırsaq xəstəlikləri və o cümlədən, mədə xərçənginə gətirib çıxarır”.
E.Hüseynov son illərdə belə fəaliyyətlərin məhdudlaşdırılması ilə bağlı ölkəmizdə xeyli iş görüldüyünü də vurğuladı:
“Belə halların qarşısını almaq üçün gərək müvafiq qurumlar reyd təşkil etsin. Son illərdə ölkəmizdə küçə ticarətinin qarşısının alınması sahəsində xeyli iş görülüb. Vaxtilə vağzalətrafı ərazilər çox pis gündə idi. Bəzi MDB ölkələrində bu hələ də qalmaqdadır. Gözəl Bakımıza belə hal yaraşmır. Yaxşı olardı ki, Bakı Şəhər İcra Hakimiyyəti müvafiq qurumlarla birgə bu işə bir son qoysun”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, il ərzində 600 milyon insan qida zəhərlənmələrinə məruz qalır.