İşğaldan azad edilmiş Ağalı kəndində 33 ildən sonra ilk dəfə taxıl biçininə başlanılıb. Böyük Qayıdışın ilk ünvanı olan kənddə sakinlər illər sonra becərdikləri ilk məhsulu zəmilərdən yığırlar.
Hafta.az xəbər verir ki, ötən ilin payızında yaradılan ailə kooperativləri tərəfindən əkilən buğda və arpa sahələri yüksək məhsuldarlığı ilə seçilir. İşğal illərində baxımsız qalsa da, Böyük Qayıdışdan sonra münbit torpaqlar bu gün yenidən əsl sahiblərinin zəhməti sayəsində bərəkət verir.
"Zəfər" kooperativinin üzvü Fəxrəddin İsmayılov da ilk biçin sevincini yaşayan sakinlərdəndir. Onun da üzvü olduğu təsərrüfatda yerli iqlimə uyğun arpa sortu becərilib. Fermer artıq ilk məhsulun yığımına başlayıb.
Ağalının ilk fermerlərindən olan Nürəddin Əliyevin üzvü olduğu kooperativdə də biçin işləri davam edir. 16 hektar sahədə sertifikatlı buğda toxumları əkilib və hər hektardan təxminən 30 sentner məhsul əldə olunacağı gözlənilir. Fermerlər gələcəkdə dövlət proqramının yaratdığı imkanlardan istifadə edərək meyvəçilik təsərrüfatı yaratmağı, eləcə də şəkər çuğunduru əkinlərini genişləndirməyi qarşıya məqsəd qoyub.
Zəngilan Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov bildirib ki, Ağalıda yaradılan "Barış", "Zəfər" və "Bərəkətli Torpaq" kooperativləri işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ilk kənd təsərrüfatı kooperativləridir. Onun sözlərinə görə, yeni dövlət proqramında nəzərdə tutulan subsidiya və dəstək mexanizmləri hesabına rayonda taxılçılıqla yanaşı meyvəçilik, bağçılıq və heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaranacaq.
Beləliklə, 33 illik həsrətdən sonra Ağalıda ilk taxıl biçini təkcə bol məhsulun deyil, doğma torpaqlarda həyatın və kənd təsərrüfatının yenidən dirçəlişinin rəmzinə çevrilib./azertag/