Pezeşkian Bakıya gəlir - Müzakirə

12:20 05.04.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian gələn ay Azərbaycana səfər edəcək. Martın 31-də Prezident İlham Əliyevlə İran Prezidenti arasında baş tutan telefon danışığı zamanı Pezeşkian məlum səfərindən danışıb. Bu səfərin iki ölkə arasındakı münasibətlərə necə təsir göstərəcəyi birmənalı dəyərləndirilmir. İran–Azərbaycan əlaqələrinin mövcud durumu, bu səfərdən sonra rəsmi Tehranın möqeyində Azərbaycanla bağlı hansi dəyisikliklər olacağı, ikitərəfli münasibətlərin necə inkişaf edəcəyi maraqla izlənir. 

Milli Məclisin deputatı Aydın Mirzəzadə hafta.az-a açıqlamasında bildirir ki, Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyətini bərpa etməsi ikili  münasibətləri yenidən intensivləşdirib. Deputat qeyd edib ki, onsuz da Azərbaycanın İranla münasibətləri mehriban qonşuluq səviyyəsində idi.

“Ara-sıra İran tərəfindən Azərbaycanın suverenliyinə toxunan bəyanatlar verilirdi. Biz bu bəyanatları İranın rəsmi mövqeyi deyil, ayrı-ayrı dairələrin, şəxslərin düşünülməmiş çıxışları kimi qəbul edirdik. Ona görə də müəyyən intriqaçı çıxışlara baxmayaraq, Azərbaycan hər zaman İranla yaxşı münasibətlər saxlamağa çalışıb. Müşahidə olunanlar ondan ibarətdir ki, həm bundan əvvəl qəzada həlak olan prezident, həm də indiki prezident Azərbaycanla münasibətlərə xüsusi önəm veriblər”.

Deputat İran Prezidentinin gələn ay Azərbaycana nəzərdə tutulan səfərini müsbət hal kimi dəyərləndirib. Onun sözlərinı görə, bundan əvvəl xarici siyasət məsələləri üzrə dövlət müşavirinin Azərbaycana səfəri İran Prezidentinin ölkəmizə səfəri ərəfəsində iki dövlət arasında olan münasibətləri bir daha nəzərdən keçirmək, hər iki tərəfi narahat edən, diqqət tələb edən məsələlər barəsində araşdırma aparmaq, müəyyən təkliflər hazırlamaq məqsədi daşıyıb:

 “Hesab edirəm ki, hər iki tərəfin bir-biri ilə yaxşı münasibətlər qurmaq istəyi gün-gündən daha da möhkəmlənəcək və biz bunu real layihələrdə görəcəyik. Azərbaycanla İran bununla bütün dünyaya yaxşı dostluq, qonşuluq nümunəsini göstərməlidir”.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli hafta.az-a bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk səfəri və bu səfərin İran üçün olduqca mürəkkəb və həssas bir zaman kəsiyində gerçəkləşməsi, dünyanın diqqət mərkəzində olacaq. Bununla yanaşı deputat hesab edir ki, bu səfərin ikitərəfli münasibətlərə böyük töhfə verəcəyini öncədən söyləmək çox çətindir.

“Çünki İran İslam Respublikasında hazırda bütün real idarəçilik mexanizmləri Ali Dini Rəhbərin, daha dəqiq desək, SEPAH-ın nəzarətindədir. Prezidentin səlahiyyətləri dövlətlərarası münasibətlərdə həlledici qərarların qəbul edilməsinə imkan vermir.

Donald Trampın, hüquqi baxımdan, İran İslam Respublikasının dövlət başçısı sayılan Məsud Pezeşkiana deyil, dini rəhbər Xamneiyə məktub ünvanlaması da, əslində, bu reallıqların Ağ ev tərəfindən nəzərə alınmasından qaynaqlanır.

Baxmayaraq ki, Məsud Pezeşkianın seçki vədlərinin ən əhəmiyyətli hissəsini ölkənin izolyasiyadan çıxarılması və Vaşinqtonla birbaşa danışıqlara başlanılması təşkil edirdi. Donald Tramp İranın şərti islahatçı prezidentinə belə bir fürsət tanımadı və mesajlarını real hakimiyyətə çatdırmağa üstünlük verdi”.

E.Mirzəbəyli qeyd edib ki, Məsud Pezeşkian Qərbi Azərbaycan ostanının Məhabad şəhərində doğulub.

“Məhabad Urmudan (Urmiyə), təxminən, 100 kilometr cənubda yerləşir və İranın mövcud dini-siyasi rejiminin Azərbaycan türklərinə qarşı yürütdüyü assimilyasiya siyasəti nəticəsində Məhabad əhalisinin tərkibi etnik kürdlərin hesabına dəyişdirilib. Hətta kürd əhalisi Məhabadı İran Kürdüstanının paytaxtı hesab edir. Bu məqamları diqqətə çatdırmağımın əsas səbəbi hazırda kürdlərin üstünlük təşkil etdiyi Məhabadda doğulmuş, Azərbaycan türkü olan, fikirlərini türk və kürd dillərində yüksək səviyyədə ifadə etməyi bacaran Pezeşkianın öncə seçkiyə buraxılması, sonra isə prezident seçilməsinə İranın mövcud de-fakto idarəçilik sistemi tərəfindən imkan verilməsi ilə bağlıdır. Hazırda hakimiyyətə olan və məzhəbçi ideologiya ilə niqablanmış dini-siyasi rejimin ən böyük narahatlıqlarından biri ölkənin ən böyük xalqı olan Azərbaycan türklərinin milli oyanış prosesi və yarana biləcək etnik qarşıdurmanın İranı daxili qarşıdurmaya sürükləyəcəyi pespektivi ilə bağlıdır. İranın de-fakto idarəçilik sistemi süni şəkildə türk-kürd qarşıdurması yaratmaqla, rejimə qarşı olan etiraz enerjisini etnik zəmində idarəolunan süni prosesə istiqamətləndirə bilər. Lakin bu prosesdən xarici maraqların faydalanması ehtimalı da az deyil. Zənnimcə, hazırda Urmuda baş verənlər etnik zəmində baş verə və parçalanmaya səbəb ola biləcək qarşıdurmaların imitasiyasıdır”.

Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində aparılacaq müzakirələrin mövzularına gəldikdə, deputat gündəmin kifayət qədər zəngin olacağını gözlənilən hesab edib. Onun sözlərinə görə, İranın xarici işlər nazirinin bir müddət öncə Ermənistan adlı ölkəni təmsil edən həmkarı Ararat Mirzoyanla görüşü zamanı səsləndirdiyi fikirlər, səfər zamanı ciddi razılaşmaların əldə olunacağına ümidləri azaldır.

“Heç mövcud geosiyasi reallıqlar da razılaşmalar üçün əlverişli sayıla bilməz. Çox güman ki, bu günədək olan razılaşmaların həyata keçirilməsi ilə bağlı bir sıra sənədlər imzalansın və açıqlamalar verilsin. Hazırda dünyanın gündəmi o qədər intensiv dəyişir ki, nəinki bir gün, heç bir saat sonra nəyin baş verəcəyini dəqiqliklə proqnozlaşdırmaq mümkün deyil”.

Politoloq Natiq Miri hesab edir ki, Məsud Pezeşkianın İran Prezidenti olaraq Azərbaycana səfəri gecikmiş bir səfərdir.

“Ona görə ki, Məsud Pezeşkian bir türk oğludur və seçki prosesində verdiyi açıqlamalarda da qonşu ölkələrə, xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətlərə xüsusi önəm verdiyini bəyan etmişdi. Buna rəğmən bu zaman çərçivəsində hələ də Məsud bəyin Azərbaycana, yaxud qardaş Türkiyəyə səfəri reallaşmayıb. Bu da bir çox suallar yaradır. Düşünürəm ki, bu sualları yaradan səbəb Məsud Pezeşkianın davranışı, qərarları deyil. Bu, təkcə Azərbaycan və Türkiyə ilə münasibətlərlə bağlı deyil, eyni zamanda onun İran cəmiyyəti ilə bağlı etmək istədiklərinə qarşı yaradılan süni əngəllərdir. Bu baxımdan onun Azərbaycana səfərini gecikmiş səfər kimi dəyərləndirirəm. Hər bir halda bölünmüş ölkəmizin iki dövlət başçısının Azərbaycanda, yəni Şimali Azərbaycanın paytaxtında görüşməsini bir tarixi siyasi hadisə kimi dəyərləndirirəm. Fikrimcə, bu yaşanacaq tarix və hadisə heç də təsadüf olaraq ortalığa çıxmayıb. Bu, gələcəkdən xəbər verən bir işarətdir. Bu baxımdan səfərin əhəmiyyəti məsələnin tarixi, siyasi, mədəni psixoloji tərəfi ilə önəm daşıyır”.

N.Miri qeyd edir ki, bu səfər istənilən sənədlərin imzalanması və verilən qərarlardan başqa bir də Azərbaycan türklərinin şüurunda ciddi dəyişikliklərə səbəb olacaq. Onun fikrincə, bu, bu gün öz dilində danışa bilməyən, öz dilində təhsil ala bilməyən Azərbaycan türklərinə bəlkə də gələcək mübarizələri üçün yeni bir stimul da olacaq.

Konkret hansı məsələlərin müzakirə predmeti olmasına gəlincə, politoloq öncə Azərbaycan-İran münasibətlərinin  müzakirə olunacağını deyib.

“Bu münasibətlərin zirvəyə daşınmasına əngəl olan çox ciddi siyasi amillər var. Bu amillər də bilavasitə İran rejiminin özü ilə əlaqəlidir. Bildiyimiz kimi, prezident institutu İranda çox zəifdir və səlahiyyətləri o qədər böyük deyil. Eyni zamanda xarici siyasət məsələsini də formalaşdıran, həyata keçirən, bu yöndə qərar verən prezident deyil. Prezident və onun hökuməti sadəcə icraedicidir və burada əsas qərarlar ali ruhani Xamneiyə məxsusdur. Dini institutlardan, yəni real dini hakimiyyətdən başqa bir də güc orqanları var ki, bunların da başında inqilabi mühafizə şurası – SEPAH durur. SEPAH güc orqanıdır. Amma bu gün təkcə güc orqanlarına deyil, eyni zamanda, idarəetmədə bir çox sahələrə, əyalətlərə təyinatları da birbaşa SEPAH dolayısı ilə həyata keçirir. Demək olar ki, İran iqtisadiyyatına, siyasətinə, hüquq və güc məsələlərinə, hətta bölgələrə nəzarəti məhz SEPAH həyata keçirir. Bu baxımdan prezident nə qədər istəsə belə, ciddi əngəllər onunçün yaradılır. Cəmiyyət üçün, xalq üçün nəsə etmək istəyən Məsud Pezeşkianın qarşısında çox ciddi əngəllər çəkilir, müstəqil idarəetməsinə imkan verilmir. Bu baxımdan Məsud Pezeşkianın bir Azərbaycan səfəri ilə İran–Azərbaycan münasibətlərinin ən yüksək zirvəyə qalxacağını düşünmürəm”.

N.Miri qeyd edir ki, İranın İsrail və ABŞ ilə çox ciddi problemləri var və münasibətlər ən gərgin müstəvidə inkişaf edir. Ekspert hesab edir ki, hətta İranın blokadası, iqtisadi sanksiyaları ilə paralel, İranın hərbi əməliyyatlara məruz qalması təhlükəsi mövcuddur və bunu gizlətmirlər, ABŞ prezidenti Donald Trampın İranı son bombardmanla bağlı hədəsini yada salırlar. Belə olan vəziyyətdə əlbəttə, İran dövləti iqtisadi blokada fonunda qonşu dövlətlərlə normal münasibətlərdə maraqlıdır. Bu baxımdan istər nəqliyyat, istər ticarət, iqtisadiyyat və digər məsələlərdə əlaqələri daha da inkişaf etdirmək İran dövlətinin marağındadır və bu məsələləri icra edən hökumətdir, hökumətin başçısı da Məsud Pezeşkiandır.

“Düşünürəm, bu yöndə normal addımlar atılacaq. Təbii ki, İran bir də maraqlıdır ki, Naxçıvanla Azərbaycanın qərb hissəsini birləşdirəcək və Araz boyu çəkiləcək yol tezliklə istismara verilsin. Çünki bu, bütövlükdə Orta Dəhlizin məhz İran üzərindən Naxçıvana, Türkiyəyə çıxışını təmin edir ki, bu da İranın həm geosiyasi əhəmiyyətini, həm də qazancını artırır.

İranın özünün təhlükəsizliyi yönündə də Azərbaycanla ciddi müzakirə oluna biləcək məsələlər var. Söhbət İsrail–ABŞ–İran münasibətlərindən,  ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlar keçirməsinin qarşısını almaqdan gedir. Düşünürəm, bu yöndə Azərbaycanın təsir və imkanları var. Xatırlayırsınızsa, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfərindən sonra bir də iki dəfə ard-arda İsrailə səfəri baş tutmuşdu. Buna görə də bu məsələdə Azərbaycanın xüsusi rolu olma ehtimalı var və bu, hiss edilir. Hər bir halda, Azərbaycan dünənə kimi SEPAH-ın media qurumlarında ittiham olunarkən bu gün ölkəmiz İranın vurulmaması üçün əlini daşın altına qoymağa hazır olduğunu nümayiş etdirir. Yəni Azərbaycan Ermənistan kimi sözdə deyil, əməli fəaliyyətdə də regionda yeni bir yanğının qarşısını almağa çalışır. Bu, ciddi məsələdir və Azərbaycanı narahat etməyə bilməz”.