"Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev 21-22 iyun tarixlərində Özbəkistanda rəsmi səfərdə olacaq".
Hafta.az-ın yazdığına görə, bu barədə xəbər dərc edən President.uz saytı yazır ki, səfər gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi mövzuları daxildir.
"Liderlər ikitərəfli ticarətin artırılmasına, sahibkarlar və regionlar arasında əməkdaşlığın gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sahəsində imkanlardan səmərəli istifadəyə, mədəni-humanitar sahədə fəal işlərin davam etdirilməsi və sair məsələləri müzakirə edəcəklər. Bundan əlavə, hər iki lider beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, çoxtərəfli strukturlar çərçivəsində fəal dialoqun və qarşılıqlı dəstəyin inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəklər" yazan sayta görə, yüksəksəviyyəli danışıqlardan sonra sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiyalar, turizm və digər sahələrdə praktiki əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.
Qeyd edək ki, səfər ərəfəsində Daşkənddə Özbəkistan və Azərbaycanın aparıcı şirkət və müəssisələrinin iştirakı ilə işgüzar tədbirlər keçirilir.
Son illər ikitərəfli ticarətin həcmi və birgə müəssisələrin sayı əhəmiyyətli dərəcədə artıb. Məlumata əsasən, ötən il ikitərəfli ticarət dövriyyəsi 42 faiz, bu ilin yanvar-may aylarında isə 49 faiz artım qeydə alınıb.
President.uz qeyd edir ki, ötən il Azərbaycanda yerli avtomobillərin yığılması üzrə istehsal sahəsi fəaliyyətə başlayıb. İpəkçilik, kənd təsərrüfatı, tikinti materialları, neft-qaz, əczaçılıq və qida sənayesi sahələrində yeni əməkdaşlıq layihələri həyata keçirilir və inkişaf etdirilir.
"Ölkələrimizdə mütəmadi olaraq ikitərəfli mədəniyyət tədbirləri, elmi konfranslar, təqdimatlar və yaradıcılıq görüşləri keçirilməkdədir", - sayt yazır.