“Problemli kreditlərin həcmi yüksəlib. Ötən illə müqayisədə görürük ki, bu istiqamətdə artım var. Amma göstərilən statistikaya etibar etmək olmaz. Çünki problemli kreditlərin həcmi açıqlanan statistikadan daha yüksəkdir”.
Bu fikirləri hafta.az-a açıqlamasında bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, bankların əksəriyyəti çox zaman həqiqi statistikanı açıqlamır: “Ötən il Mərkəzi Bankın tövsiyəsində bildirilirdi ki, banklar pandemiyaya görə sentyabrın 30-a qədər həm vətəndaşların, həm də sahibkarların kreditləri üzrə vaxtında ödəniş etməmələrini gecikmə hesab etməsinlər.
Həmçinin də həmin müştərilərə gecikməyə görə cərimə hesablamasınlar. Yəni, ötən il banklara deyilmişdi ki, problemli kreditləri göstərməyin, onlar da göstərmirdilər. Həm də banklar bu cür kreditlərin həqiqi miqyasını göstərmir ki, əlavə ehtiyat yaratmasınlar. Ona görə də rəsmi statistikaya tam etibar etmək olmur”.
Xatırladaq ki, Mərkəzi Bankın rəsmi elan etdiyi göstəricilərə əsasən, bu ilin birinci yarısında problemli kreditlərin həcmi yenidən artıb. Belə ki, ötən ili 893 milyon manat problemli kredit portfeli ili başa vuran banklarda bu ilin ilk yarısında bu göstərici 914 milyon manata yüksəlib. Bu, o deməkdir ki, yalnız son 6 ayda problemli kreditlərin həcmi 2.3 faiz artıb. İyun ayının yekunlarında problemli kreditlərin həcmində aylıq artım 7.7 milyon manat olub.