Ukrayna Rusiya bombaları altında ölüm-dirim mübarizəsi aparır. Amma bombaları atan Rusiyanın vətəndaşları da sürətlə artan inflyasiya və yaşayış dəyəri ilə mübarizə aparır. ABŞ və Avropa Birliyinin sanksiyalarına görə dünyadan təcrid olunmuş Rusiyada dəbdəbəli məhsullar bazardan çəkilməyə başlayıb, rubl tədricən əriyir, əsas ərzaq məhsullarının qiymətləri alovlanır.
Hafta.az Türkiyənin "Hürriyyət" qəzetinə istinadla bidirir ki, birdən-birə dünyadan təcrid olunan Rusiyanın Şimali Koreyanı belə üstələdiyi deyilir. Aleksandr Nevzorov bu gün Rusiyada Putin administrasiyasını və Ukraynaya qarşı müharibəni tənqid etməyə cəsarət edən yeganə jurnalistdir. Onun bir açıqlaması indi Moskvada ziyalıların ağzındadır, “Dostlar, Rusiya iqtisadiyyatı çökmədi, sadəcə olaraq vətənə qayıtmaq qərarına gəldi”. İqtisadi böhranın başqa bir zarafatı “Ən yeni iPhone modeli hazırda sahib olduğunuz modeldir”.
Təhlükəsizlik məqsədilə soyadını gizli saxladığımız 40 yaşlı Veronika “Hürriyyət”ə açıqlama verərək, sanksiyaların ona necə təsir etdiyini belə izah edib: “Deyəsən, hələlik hər şey mağazalardadır. Təbii ki, qiymətlər hər gün dəyişir. Rublun ucuzlaşması ilə əsas ərzaq məhsullarında mənim hesablamalarıma görə 20 faiz artım var. Ən yüksək qiymət artımı dünənə kimi xarici şirkətlərin istehsal etdiyi gigiyena materiallarında olub. Bu kateqoriya üzrə qiymət artımı 50 faizə çatıb. Mən şəxsən Rusiyada əsas ərzaq məhsullarının qıtlığını gözləmirəm. Ancaq tezliklə hiperinflyasiya ilə qarşılaşacağıq. Ümid edirəm ki, biz birtəhər sağ qalmağı bacaracağıq”.
Dövlətin rəsmi statistika qurumu da Rusiyada inflyasiya canavarının yenidən baş qaldırdığını qəbul edib. Son 20 gündə ən yüksək qiymət artımı aviabiletlərdə qeydə alınıb. Moskvadan Türkiyəyə aviareyslər 30 faiz bahalaşıb. Avtomobil qiymətləri 17 faiz, elektron mallar isə 15 faiz artıb. Qida məhsulları arasında artımın lideri yüzdə 8 ilə pomidor olub. Qiymətlərin hər gün artmaqda davam etdiyi Rusiyada işçilərin və pensiyaçıların maaşları çatmırdı. Hətta Rusiya parlamenti də son vaxtlar deməyə başlayıb ki, pensiyalar ən azı 20 faiz artırılmalıdır.
Rusiya xalqını gündəlik həyatda narahat edən başqa bir məsələ dərmanlardır. Logistika problemləri və ya Qərbdəki dərman istehsalçıları ilə əlaqələrin kəsilməsi səbəbindən daşımalar dayanıb. Xüsusilə şəkər xəstələri üçün həyati vacib məhsul olan insulinin artıq anbarda tükənməsi müşahidə olunur. Məlumdur ki, Rusiya Hindistan hökuməti ilə insulinin tədarükü ilə bağlı danışıqlara başlayıb.
Rusiyanı tərk edəcəklərini açıqlayan Qərb brendlərinin mağazalarında növbələr yaranıb. İnsanlar bu mağazalar bağlanana qədər nə tapırlarsa, almağa çalışırlar. Xüsusilə sanksiyalardan əvvəl idxal edilən yüksək texnologiyalı məhsullar tükənir. Alış-veriş mərkəzlərində tez-tez smartfonlar, televizorlar və bu kimi elektron mallar üçün növbələrə rast gəlinir. İnsanlar Rubllarını əriməmək üçün belə məhsullara yatırmağa üstünlük verirlər.
Alıcılıq qabiliyyəti aşağı düşmüş çoxlu sayda Rusiya vətəndaşı Qərb şirkətlərinin geri çəkilməsi ilə işlərini itirmək riski ilə üzləşib. Yaşayış xərclərinin yüksək olması bu yay tətilini planlaşdıran rusları düşündürür. Çünki aviasiya sənayesindəki böhran bilet qiymətlərini də artırıb. Xaricdə, xüsusən də Türkiyədə istirahətin qiyməti 29% artıb. Havada təyyarə böhranı daha iki ay davam etsə, xaricdə istirahət ruslar üçün xəyal kimi görünür.