9 May Qələbə Günündə güc nümayişi etmək arzusunda olan Rusiya liderini daşıyacaq qiyamət təyyarəsi Moskva səmasında peyda olub.
Hafta.az bildirir ki, bazar ertəsi baş tutacaq mərasimlərin məşqi üçün havaya qalxan “İlyuşin İl-80” çoxlu Moskva sakini tərəfindən izlənilib və çəkilişlər sosial şəbəkələrdə paylaşılıb.
Britaniya mətbuatı 12 ildən sonra ilk dəfə peyda olan təyyarənin Putin tərəfindən Qərb ölkələrinə xəbərdarlıq mesajı üçün havaya qaldırıldığını yazıb.
2010-cu ildən Qələbə Günü qeyd etmələrində görünməyən “Qiyamət günü” təyyarəsi İl-80 Putinin mümkün nüvə müharibəsində minməsi üçün nəzərdə tutulub. Rusiyanın mümkün nüvə müharibəsi üçün nəzərdə tutulmuş İl-86-lardan çevrilmiş dörd İlyuşin-80 təyyarəsi var.
Təyyarənin sərnişinləri atom partlayışlarından qorumaq üçün pəncərələri yoxdur.
Bu təyyarələrdə ölkənin silahlı qüvvələri və nüvə raketləri buraxmağa qadir olan bölmələri ilə əlaqəni təmin edən xüsusi rabitə vasitələri var.
Təyyarə quyruğundan çıxan kilometr uzunluğunda antenası ilə ballistik raket sualtı qayıqları ilə əlaqə saxlaya bilir.
Yanacaq doldurmadan bir neçə gün havada qala bilən təyyarə elə qurulub ki, Putin və digər siyasi və hərbi rəsmilər buradan mümkün nüvə müharibəsini idarə edə bilsinlər.
'Qiyamət günü' təyyarəsi 2020-ci ilin dekabrında böyük qalmaqalla dünyanın diqqətini çəkdi. Cənubda yerləşən Taqanroq Aviasiya Elmi-Texniki Kompleksinə texniki xidmət üçün enən “İlyuşin-80” tipli təyyarə qarət edilib. Məlum olub ki, təyyarənin yük qapağı açılıb və radiotexnikanın 39 hissəsi oğurlanıb.
Rusiya səlahiyyətliləri tərəfindən təsdiqlənən oğurluqda polisin təyyarədə ayaqqabı və barmaq izləri tapdığı açıqlanıb.
İlyuşin-80-lərin bəzi xüsusiyyətləri dövlət sirri kimi saxlanılır. Oğurlanmış avadanlıqların nə dərəcədə həssas olduğu və bu sirlərin başqalarının əlinə keçib-keçməyəcəyi sirr olaraq qalır.
Moskva 17 ildir istismarda olan bu təyyarələri İl-96 400M-lərin daha iri versiyaları ilə əvəz etməyi planlaşdırır.