Bir həftədən çoxdur, dünyanın əsas diqqət mərkəzi Rusiya–Ukrayna müharibəsindədir. Tərəflərin barışmaz mövqeyi silahlarla yanaşı, iqtisadi, siyasi, idman, humanitar, mədəni və s. sahələrdə də qarşılıqlı təsir rıçaqlarını işə salıb. Xüsusilə də iqtisadiyyat sahəsində Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Şimal qonşumuzda ildırım effekti yaradıb.
Rusiya tam şəkildə maliyyə çöküşü ilə üz-üzədir. Qərbin cəza sanksiyaları səbəbindən rubl tarixi minimuma düşüb, Moskva birjası güclü şok yaşayır, dünya bazarlarında Rusiya səhmləri sürətlə dəyərini itirir. Ağ ev, hətta Putinin maliyyə qalasına göz dikərək, Rusiyanı bu böhrandan zərbəni yumşaltmaq üçün nəzərdə tutulmuş, dar gün üçün ayrılmış 630 milyard dollarlıq ehtiyatların ən azı bir hissəsini əldə etməkdən də məhrum buraxıb. İndi vacib bir sual ortaya çıxır: sürətlə iqtisadi müharibəyə çevrilən, şəxsi sərvətlərinə qarşı Qərbin də sanksiyalar tətbiq etdiyi bu hərəkətlərə Putin necə cavab verəcək?

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hakimiyyətinin Rusiyaya qaz və neft ticarətini tamamilə qadağan etmək tələblərini açıqlayıb. "Biz qanlı Rusiya neft və qazının ticarətinə tam embarqo qoyulmasını tələb edirik. Bu istiqamətdə ilk qərarları artıq Kanada verib və bu dalğa artmaqda davam edəcək", - Kuleba bildirib.
Sirr deyil ki, dünya iqtisadiyyatının əsas təkanverici qüvvəsi enerji daşıyıcılarıdır – xüsusilə də neft və qaz. Ukraynaya açıq şəkildə hərbi müdaxilə edən, bu səbəbdən sanksiyalar altında əzilən Rusiyanın dünya enerji bazarındakı payı və resursları bir çoxlarını düşündürməmiş deyil. Putinin Qərbin hərəkətlərinə cavab olaraq tək qazdan deyil, neftdən də silah kimi istifadə edə biləcəyi ilə bağlı qorxular var.
Dünyada neft təklifi tələbdən ciddi şəkildə geri qalır
Louise Dickson, “Rystad Energy”nin baş analitiki:
- Rusiyanın enerji təchizatı ciddi təhlükə altındadır, çünki Rusiya onları nə bağlaya, nə də sanksiyalara görə bazara çıxa bilməz. Dünyada neft təklifi tələbdən ciddi şəkildə geri qalır. Dünyanın ikinci ən böyük neft istehsalçısı olan Rusiya tədarükü bilərəkdən kəsərsə, neftin qiymətləri kəskin şəkildə arta bilər və bu, bütün dünyada istehlakçılara ağır zərbə olacaq.
“JPMorgan” xəbərdarlıq edib ki, Rusiyadan ixrac iki dəfə azalarsa, neftin qiyməti bir barel üçün 150 dollara qədər yüksələ bilər. Bu, bugünkü 110 dollar/barel qiymətlə müqapyisədə 40% artım deməkdir. Belə qiymət sıçrayışı yanacaqdoldurma məntəqələrinin qiymətlərinin kəskin artmasına səbəb olacaq. Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, ABŞ-da benzinin orta qiyməti artıq 1 qallon üçün 3,61 dollardır. Bu, həftədə səkkiz sent, ayda isə 25 sent artım anlamına gəlir.
Düzdür, ABŞ Rusiyadan çox az neft alır. Dekabrda Rusiyanın bu ölkəyə tədarükü gündə cəmi 90 min barel olub. Bu, qlobal və bir-biri ilə sıx əlaqəli bazardır. Dünyanın bir hissəsində tədarükün kəsilməsi digər yerlərdə qiymətlərə təsir edə bilər.
Putin də bu silahlardan istifadə etməməyin daha yaxşı olduğuna qərar verə bilər
Rayan Fitzmaurice, “Rabobank”ın enerji analitiki:
- Əgər Rusiya həqiqətən də əmtəə bazarına zərər vermək üçün yanacaq axınını ləngitməyə çalışarsa, vəziyyət gözlənilməz olacaq. Deməliyəm ki, hazırda Rusiyanın dünya bazarına neft verməkdən imtina etməsi ilə bağlı heç bir sübut yoxdur. Qərb isə Rusiyanın enerji sənayesini sanksiyalar siyahısından çıxarmaq üçün hər şeyi etməyə çalışıb, Ümid edir ki, bu, bazar üçün sanksiyaların nəticələri minimuma endirəcək. Putin də bu silahlardan istifadə etməməyin daha yaxşı olduğuna qərar verə bilər. Bir müddət əvvəl hamı Putinin nefti silaha çevirməsinin çox çətin olduğunu düşünürdü. Belə bir strategiya ona gətirib çıxaracaq ki, dünya daha da hiddətlənəcək və Rusiyaya qarşı silahlanacaq. Digəri daha da pisdir. Neftdən asılı olan Rusiya iqtisadiyyatı tədarükün məhdudlaşdırılacağı təqdirdə təhlükə altında olacaq. 2011-2020-ci illər arasında neft və qaz, orta hesabla, Rusiya dövlətinə illik ümumi gəlirinin 43%-ni gətirib.
Rusiyanın Qərbi cəzalandırmaq üçün neft və qazdan silah kimi istifadə etməyəcəyinə dair optimist fikirlər sürətlə azalır. Buna səbəb isə Kreml sahibinin son qərarıdır.
Bu həftəsonu Putin nüvə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirməklə bir daha dünya ictimaiyyətini təəccübləndirdi. Bazar ertəsi o, sanksiyaları sərt tənqid edərək, onların sponsorlarını “yalan imperiyası” adlandırıb. Putin də dəstəyinə çox ehtiyacı olan oliqarxların təzyiqi altındadır. Rusiyalı milyarderlər Mixail Fridman və Oleq Deripaska son günlər Kremllə fikir ayrılıqlarını bəyan edir və hərbi əməliyyatı dayandırmağa çağırırlar.
İnvestorlar neft tədarükünün təzyiq alətinə çevrilməsi riskini lazımi səviyyədə qiymətləndirmirlər
Nataşa Kaneva, “JPMorgan”ın qlobal əmtəə təhlilinin rəhbəri:
- Rusiyanın uzun müddət, hətta “soyuq müharibə”nin qızğın çağında da etibarlı neft tədarükçüsü olduğunu nəzərə alaraq, Moskvanın neft ixracını təzyiq alətinə çevirməsi ehtimalının az olduğuna inanırdım. İndi bu inamım artıq yoxdur. İnvestorlar neft tədarükünün təzyiq alətinə çevrilməsi riskini lazımi səviyyədə qiymətləndirmirlər. Bizim təhlükəsizlik yastıqlarımız yoxdur. Qiymət reaksiyası qeyri-xətti olacaq". Putin bunu başa düşür. O, həmçinin başa düşür ki, artan qaz qiymətləri ABŞ-da çox populyar deyil, çünki onlar inflyasiyanı artırır ki, bu da son 40 ilin ən pis göstəricisidir.
CNN-nin məlumatına görə, “RBC Capital Markets”in qlobal əmtəə strategiyasının rəhbəri Helima Croft bazar günü müştərilərə məktubunda yazıb: “Putin Qərb ölkələrinə ciddi zərər vurmağa çalışa bilər".
Amerika Neft İnstitutuna rəhbərlik edən Mayk Sommers Rusiyanın neft tədarükünü məhdudlaşdıra biləcəyini istisna etməyib. "Məncə, bu problem hələ də davam edir, xüsusən də Qərb Rusiyanın aqressiv hərəkətlərinə reaksiya verir", – deyə o, bildirib.
Qərbi cəzalandırmaq üçün Putinə klapanı tamamilə bağlamaq lazım deyil. Neft bazarları bu gün o qədər sıx kəsirdədir ki, hətta Rusiya tədarükünün cüzi azaldılması qiymətlərə dramatik təsir göstərə bilər. "Rusiya tədarükü 10-20% azaldsa belə, qiymət reaksiyası belə azalmadan itkiləri tam şəkildə kompensasiya edəcək", - Fitzmauris bildirib.
Hələ Rusiya Ukraynada müharibəyə başlamamışdan əvvəl Ağ ev Putinə enerji ixracı sahəsində kəskin tədbirlərin yolverilməzliyi barədə xəbərdarlıq etmişdi. “Əgər Putin enerji təchizatını təzyiq vasitəsinə çevirmək qərarına gəlsə, bu, böyük səhv olacaq”, - ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Daleep Singh CNBC telekanalına bildirib.
O qeyd edib ki, Rusiya öz enerji resurslarının istehlakçısı kimi Qərbdən “inanılmaz dərəcədə asılıdır”. "Prezident Putin üçün bu, uzunmüddətli zəiflikdir. Əgər o, enerji təchizatını silahlandırarsa, bu, yalnız Avropanın və Qərbin Rusiya enerjisindən çəkilməsini sürətləndirəcək. Bu, böyük səhv hesablama olardı" - Daleep Singh bildirib.
Amerikanın “Foreign Policy” nəşri isə mövcud durumu 1973-cü il qlobal neft böhranı ilə müqayisə edir:
"Biz 1973-cü il qlobal neft böhranının 50-ci ildönümünə yaxınlaşırıq, indiki durumda da beynəlxalq enerji bazarları və qlobal iqtisadiyyat oxşar sarsıntı ala bilər. Fevralın 24-də Rusiya Ukraynada xüsusi əməliyyata başladıqdan sonra neftin qiyməti bir barel üçün 110 dollara yüksəlib. Sonuncu dəfə belə artım 2014-cü ildə olub. Bu arada vəziyyət daha da pisləşə bilər. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar birbaşa enerji ticarətini hədəfə almasa da, banklara və digər qurumlara qarşı cəza tədbirləri Rusiyanın neft, qaz və kömürünün ixracına maneə yaradacaqolacaq, qlobal enerji bazarlarında xaosa səbəb olacaq. Bundan əlavə, Qara dənizdə neft tankerləri üçün təhlükə var və bu, dünya bazarına, o cümlədən Qazaxıstan kimi neft hasil edən ölkələrdən neft nəqlinin azalmasına təkan verəcək. Bazarlara Rusiya neft və qazının tədarükünün azalması kömür və maye qazın qiymətlərin də qaldıracaq. Bu isə inflyasiyanı sürətləndirəcək".
Göründüyü kimi, dünyanın enerji sahəsində düşünən beyinləri həyəcan təbili çalmaqda davam edir. Vurğulanır ki, Rusiya ilə münasibətlərdəki böhran tez bir zamanda həll olunsa belə, (bu, indiki halda o qədər də real görünmür. red) Qərb ölkələri enerji siyasətinə yanaşmalarını kökündən dəyişməlidir.Belə ki, Avropa üçün enerji təhlükəsizliyi məsələsi həmişə gündəmdə olub, lakin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi onu siyahının ən üst zirvəsinə çıxarıb.

Proqnozlara görə, yaxın günlərdə Rusiyanın neft, qaz və kömür kimi enerji resurslarının ixracı, hətta sanksiyalar olmadan da əhəmiyyətli dərəcədə azalacaq. Bu yaxınlarda İrana qarşı yeni sanksiyalar paketi tətbiq olunanda belə idi. Şirkətlər Amerikanın intiqamından qorxaraq sanksiya tələblərinə ciddi və hətta hədsiz dərəcədə əməl etməyə çalışırdılar. Bu halda şirkətlər Rusiya ilə ticarətdə və ödənişlər etməkdə daha az həvəsli olacaqlar. Onlar investorların təzyiqindən və onların reputasiyasının zədələnməsindən qorxurlar.
Ekspertlər bildirirlər ki, hətta Ukrayna böhranı tez bir zamanda yekunlaşsa belə, neft və qazın qiymətləri yüksək olaraq qalacaq. Hərbi qarşıdurmadan əvvəl də neft qiymətləri yüksək idi və artmağa meylli görünürdü. Bu, əsasən, COVID-19 pandemiyasının başlanğıcında ABŞ-da neft hasilatının kəskin azalması ilə bağlıdır və neft istehsalı bu ölkədə hələ pandemiyadan əvvəlki səviyyəyə qayıtmayıb. Dünya neft bazarlarında ABŞ-da hasilatın azalması və Rusiyadan ixracın azalmasının qarşısını almaq üçün tez bir zamanda aktivləşdirilə bilən ehtiyat imkanlar çox azdır. Dünya anbarlardakı neft ehtiyatları sürətlə azalır və yeni istehsal güclərinə investisiya qoyuluşu açıq şəkildə kifayət etmir. OPEK də hasilat hədəflərini yerinə yetirmir, bu o deməkdir ki, yuxarıya doğru potensial məhduddur, işləyən quyular boşalır və onları əvəz edəcək yeni yataqlar yoxdur.
İqtisadi hesablamalara görə, tələb baxımından qlobal neft istehlakı pandemiyadan əvvəlki səviyyəyə qayıdıb və xüsusilə beynəlxalq uçuşlar və xarici səyahətlər tam bərpa olunduqca arta bilər. Neftə artan tələbatıın daha çox qiymət artımına səbəb olmamasının əsas yolu isə bu yanacaq növünün istehsalının yüksəldilməsidir.
Avropanı ən çox narahat edən məsələlərdən biri də qazla bağlıdır. Həftə sonu tətbiq edilən sanksiyalar Rusiya qazının Avropaya ixracı ilə bağlı problemlər yaratmamaq üçün diqqətlə hazırlanmış və strukturlaşdırılmışdır. Sanksiyalar nəticə etibarilə həcmi yenə də azaldacaq. Qlobal neft bazarı kimi, Avropanın qaz bazarı da Rusiya Ukraynada xüsusi əməliyyata başlamazdan əvvəl böhran içində idi.
Amerikalı analitik Brenda Şaffer bu məsələdə bəzi məqamlara diqqət yetirir və xüsusilə Azərbaycanın bu məsələdəki roluna toxunur:
"Avropa LNG terminalları tikməklə və 2020-ci ildə Cənub Qaz Dəhlizini tamamlamaqla qaz tədarükünün cüzi artımını təmin etdi. Bu kəmər Azərbaycan vasitəsilə Cənub-Şərqi Avropaya və İtaliyaya qaz nəql ediləəcək. Amma bu layihələrin kifayət etmədiyi aydındır".
Xatırlatmaq yerinə düşər ki, hələ Ukraynada hərbi toqquşmalar başlamamışdan Avropa rəsmiləri Azərbaycana səfər edərək "Cənub Qaz Dəhlizi" vasitəsilə nəql olunan mavi yanacağın artırılmasını istəmişdi.
Məsələyə Rusiyadan baxışlar da maraqlıdır.
Qiymətlərə siyasi problemlər və koronavirusla bağlı amillər təsir edir
Stanislav Mitraxoviç, Rusiya Hökuməti yanında Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti:
– Neftin rekord dərəcədə bahalaşması Rusiya ilə Qərbin sanksiya qarşıdurması ilə bağlıdır. Hazırda neftin qiymətini proqnozlaşdırmaq çətindir. Mütəxəssislər, investisiya bankları və digər bazar iştirakçıları bunda çox vaxt səhv edirlər. Neftə təsir edən amillər həddən artıq çoxdur. Qiymətlərə siyasi problemlər və koronavirusla bağlı amillər təsir edir. Əsas amil indi Rusiya ilə Qərb arasında münaqişə, eləcə də sanksiyalardır. Sanksiyaların mübadiləsi artmaqda davam edərsə, neftin qiyməti 200 dollar/barelə qədər qalxa bilər. Rusiyaya qarşı ticarət embarqosu olarsa, o zaman neftin qiymətləri çox əhəmiyyətli dərəcədə arta bilər. Bu halda biz bir barel üçün 150 dollar və ya daha çox qiymət görəcəyik, hətta 200 dollara çata bilər. Mən bunun qəbul ediləcəyini gözləmirəm, bu, Qərb üçün şok olardı.
Bu pulların Rusiya büdcəsi üçün rublun zəifləməsi faktoru ilə bağlı yaranacaq kəsiri ödəmək ehtimalı yüksəkdir
Sergey Kondratyev, Energetika və Maliyyə İnstitutunun baş eksperti:
– Neft-qaz sektoru üçün dolların 1 rubl artımı indi büdcə gəlirlərinin 8,5 milyard rubl artmasına səbəb olur. Fevralda Rusiya federal büdcəsinin neft və qaz gəlirləri 1,05 trilyon rubl təşkil edəcək. Yanvarda bu rəqəmlər 0,8 trilyon səviyyəsində olub. Bu pulların Rusiya büdcəsi üçün rublun zəifləməsi faktoru ilə bağlı yaranacaq kəsiri ödəmək ehtimalı yüksəkdir. Bu rəqəmlər oktyabr ayında rekord gəlirlərə (1,1 trilyon rubl) yaxın olacaq və 2021-ci illə müqayisədə rəqəmlər demək olar ki, iki dəfə artıracaq. Xarici bazarlarda tələb azalmağa başlasa, bu rəqəmlər dəyişəcək. Hələ ki, Rusiya büdcəsi neft və qazdan rekord gəlir əldə edir.
Dünyanın ikinci ən böyük neft təchizatçısını əvəz etmək mümkün olmayacaq
İqor Yuşkov, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki:
– Moskva və Kiyev hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gələ bilsələr, bu, istər-istəməz dünyanın əsas xammal brendlərinin qiymətində cüzi düzəlişlərə gətirib çıxaracaq. Dünyanın ikinci ən böyük neft təchizatçısını əvəz etmək mümkün olmayacaq. Belə olan halda ABŞ İrana qarşı sanksiyaları ləğv edəcək, lakin Tehran dekabra qədər qlobal tədarükünü gündə cəmi 2 milyon barel artıra biləcək. Rusiya hər gün 7 milyondan çox ixrac edir. Bu ssenaridə dünya ağır enerji böhranı ilə üz-üzədir ki, bu da avtomatik olaraq neftin qiymətində böyük artıma səbəb olacaq. Qərb buna baxmayaraq, yaxın həftələrdə xammal embarqosu tətbiq etmək qərarına gəlsə, neftin qiyməti mart ayında əvvəllər ağlasığmaz həddə çatacaq. Bu baş verərsə, neftin bir barelinin qiyməti artıq 100 dollar deyil, 200-300 dollar olacaq. Neft qiymətlərinin kəskin artmasına baxmayaraq, OPEC+ üzvü olan ölkələr, çox güman ki, yaxın aylarda da qurulmuş strategiyaya sadiq qalacaqlar.
Göründüyü kimi, Ukrayna böhranı fonunda neft və qazın "təzyiq silahı”na çevriləcəyi ilə bağlı təhdidlər getdikcə artır. Bunun psixoloji təzyiq, yoxsa həqiqətən də iqtisadi rıçaq olacağını zaman göstərəcək.