İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi vəziyyət regionda geniş imkanlar və alternativlər yaradıb. Bu kontekstdə yeni nəqliyyat kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsi daha da aktuallaşıb. Bu marşrut nəinki region ölkələrinə iqtisadi faydalar gətirə, həm də bölgədə dayanıqlı sabitliyin, sülhün qorunub saxlanılmasına töhfə verə bilər. Amma bu layihələr cənub qonşumuz İranı əməlli-başlı narahat edir. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni həzm edə bilməyən, torpaqlarımızın işğaldan azad edilməsinə sadəcə “sözdə” sevinən, işğalçı Ermənistan üçün həmişə nəfəslik rolunu oynayan rəsmi Tehran bu gün də İrəvana olan simpatiyasını gizlətmir. Dalana dirənmiş Ermənistanı Zəngəzur dəhlizindən imtina etdirmək üçün “yeni” layihələr üzərində baş sındırır.
Belə ki, Tehran Ermənistandan keçən və Gürcüstana qədər uzanan yeni tranzit yolunun çəkilməsində iştirak etməyə hazır olduğunu bəyan edib. Bu sözləri İranın yol və şəhərsalma naziri Xeyrullah Hatəmi deyib. Hatəmi bildirib ki, İrəvan 21 km-i Azərbaycanın nəzarətində olan Gorus-Qafan yoluna alternativ olaraq İrandan Gürcüstana yeni tranzit yol çəkmək istəyir: “Mümkün olduğu qədər tez bir zamanda Azərbaycan ərazisindən keçməyən alternativ yol yaradılmalıdır. Bu, ermənilərin maraqları üçün də vacibdir”.
Qeyd edək ki, layihə İran limanlarını Gürcüstan limanları ilə bağlamağı nəzərdə tutur. Başqa sözlə, məhsulların Çin və Hindistandan İran limanlarına, oradan isə avtomobil və dəmir yolları vasitəsilə Gürcüstanın Qara dənizdəki Poti və Batumi limanlarına daşınması nəzərdə tutulur. Bu xətlə Gürcüstana gələn mallar isə Bolqarıstanın Burqas və Varna limanlarına, həmçinin Yunanıstana gəmi və konteynerlərlə yola düşəcək. Ümumiyyətlə, maraqlı tərəflər Fars Körfəzi-Qara dəniz marşrutunu Çinin kontinental Kəmər və Yol təşəbbüsünün bir hissəsi ola biləcəyini də istisna etmirlər.
Məlumata görə, 2016-ci ildə ilk dəfə İran tərəfindən irəli sürülən bu layihə ətrafında indiyədək 4 görüş keçirilib. İlk görüş Tehranda, daha sonra ardıcıllıqla Sofiyada, Tiflisdə, yenidən Tehranda baş tutub. İrəvanda keçirilən budəfəki görüş regionda yaranmış yeni status-kvonun müzakirəsinə həsr olunub. Çünki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsindən sonra beşliyinin "Fars körfəzi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqədar bütün planları pozulub. Belə ki, dəhlizin keçdiyi Qafan-Gorus magistralının 21 km-lik hissəsi işğaldan azad olunub və Azərbaycan bu ərazidə öz nəzarət-buraxılış məntəqəsini quraraq, layihədə iştirak etmək, ya da onu tamamilə bloklamaq fürsəti qazanıb. Bu isə Azərbaycanı bütün regional layihələrdən kənarda qoymaq istəyən İranın planlarına cavab vermir. Əslində bu layihə heç Azərbaycanın marağında da deyil. Zəngəzur dəhlizinin açılması ölkəmiz üçün daha sərfəlidir və bu istiqamətdə ciddi işlər aparılır. Son zamanlar Tehranın qəzəblənməsinin səbəbi də məhz bununla əlaqədardır.
Xatırladaq ki, Azərbaycanın İranla dövlət sərhədi 765 kilometrdir. Onun yalnız 132 kilometri işğal nəticəsində nəzarətsiz qalmışdı. İndi İranla bütün sərhədboyu ərazilərə Azərbaycan sərhədçiləri nəzarət edir. Azərbaycan sərhədlərinə nəzarəti bərpa etməklə üçüncü tərəfə qarşı heç bir mənfi niyyət güdmür. Bakı bu məsələdə iqtisadi maraqlarını önə çəkir. Araz çayı boyunca sərhəd bölgəsinin işğaldan azad olunması Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır.
Analitiklər hesab edirlər ki, İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının arxa planında Azərbaycanın tarixi uğurları ilə birlikdə Tehranın Ankara ilə Yaxın Şərqdə liderlik uğrunda rəqabəti, təsir gücü və nüfuz yarışı dayanır. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra regionda güc balansının dəyişməsi, Türkiyə ilə Azərbaycanın daha sıx hərbi və siyasi əməkdaşlığı İranı narahat etməyə bilməzdi. Odur ki, rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü formal olaraq tanısa və işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı Bakını təbrik etsə də, Ermənistanla əməkdaşlıq etməyə daha çox maraq göstərir. Bundan əlavə, Ermənistanın İran üçün Avropaya son qapısı olması faktını unutmamalıyıq. Ticarət fəaliyyətlərini Ermənistan üzərindən davam etdirə və bu şəkildə digər ölkələrlə müqavilələrini rəsmiləşdirə bilərlər. Bu mənzərənin dəyişəcəyi və bölgənin sülh əldə etməsi ilə İranın imkanlarının azalacağı ehtimalı narahatlığa səbəb olur. İran, həm də ona görə narahatdır ki, Zəngəzur dəhlizi ilə İran-Ermənistan əlaqələri pozulacaq və Ermənistan daha çox ölkə ilə əlaqə qurma fürsətindən yararlanacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin işə düşməsi İranı Azərbaycanı Naxçıvanla quru yolla birləşdirmək imkanı olan tranzit ölkə statusundan məhrum edə bilər.
Digər tərəfdən isə Zəngəzur dəhlizinin açılması sanksiya şəraitində gündən günə iqtisadi vəziyyəti korlanan İranın Azərbaycan və Ermənistan bazarlarını itirilməsi demək olacaq. Çünki dəhlizin açılması ilə daha keyfiyyətsiz İran malları regiona daha çox ayaq açacaq Türkiyə, Rusiya, Çin və digər ölkələrin malları ilə rəqabət apara bilməyəcək və ucuz olsa belə, İran üçün daxili bazar kimi olan Ermənistan və Azərbaycan bazarları birdəfəlik itiriləcək. Qeyd etməliyik ki, cənub qonşumuzda mühafizəkarların hakimiyyətə gəlməsi səbəbindən sanksiyaların daha da sərtləşəcəyi gözlənilir və bu bazarların əldən çıxması da İran üçün böyük itki olacaq.
Təbii ki, bütün bu məsələlər İranı Fars Körfəzi-Qara dəniz dəhlizi ətrafında Ermənistanla danışıqları sürətləndirməyə vadar edir. Yəni, hər iki tərəf sözügedən dəhlizin işə düşməsində aktivlik nümayiş etdirirlər. Amma məsələ burasındadır ki, dəhlizin işlək vəziyyətə gətirilməsi üçün infrastruktur cəhətdən ciddi maneələr mövcuddur. Bunu ermənilər də etiraf edirlər. Və bildirirlər ki, Ermənistanın cənubdakı Zəngəzur (red. Ermənistan Sünik adlandırır) vilayəti ilə İran arasında birbaşa dəmir yolu əlaqəsi yoxdur, funksional M2 avtomobil yolu isə yüksək ərazilərdə yerləşir və qış mövsümündə istifadəsi çətinləşir. Bu magistralın Gorus və Qafan şəhərləri arasındakı bir hissəsi Azərbaycanın beynəlxalq cəhətdən tanışmış hüdudları daxilinə düşdüyündən 2020-ci ilin dekabrından Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındadır.
2012-ci ildən İrəvan Ermənistan-İran tranzitini asanlaşdırmaq, Bavra (Gürcüstan sərhədi yaxınlığında) ilə Mehri (İran sərhədi yaxınlığında) arasında əlaqə yaratmaq məqsədilə yeni Şimal-Cənub avtomobil yolunun tikintisinə başlanılıb, ancaq onun tikintisi 2028-2030-cu illərdə tamamlanacaq. Bu əlaqəni təmin etmək üçün digər bir yol isə Naxçıvan vasitəsilə Ermənistanı İranla birləşdirmək üçün magistral və dəmir yolunu (İrəvan - Yerasx - Culfa dəmir yolu) istifadə etməkdir.
Qeyd olunduğu kimi, layihənin gerçəkləşməsində ən vacib baryerlərdən biri dəhliz daxilində, xüsusilə Ermənistan ərazisində nəqliyyat xətlərinin qurulması ilə bağlıdır. Zəngəzurun dağlıq relyefini nəzərə alsaq, təxmin etmək olar ki, bu ərazidə işlək nəqliyyat xətlərinin tikilməsi və ya bərpası böyük xərc tələb edir.
İranın planının həyata keçməsi üçün Tutev yolu işə salınmalıdır. Keşməkeşli dolanbaclardan ibarət olan bu yolu çəkmək isə asan məsələ deyil. Ekspertlər bildirirlər ki, bu yolun işə salınması üçün ən azı 2 milyard dollara ehtiyac var. Amma layihəyə qoşulmaq istəyən ölkələrdən heç biri bu riskli işə investisiya yatırmaq istəmir. Əslində tərəflərin ehtiyatlı davranışı başadüşüləndir. Çünki dəhlizin hardan keçməsindən asılı olmayaraq, Bolqarıstan və Yunanıstan ondan eyni qaydada faydalana biləcək. Gürcüstan da prinsipcə Azərbaycan üzərindən keçən Qərb-Şərq marşrutunda hazırda iştirak edir. Odur ki, bu 3 ölkənin riskli layihəyə investisiya yatıracağını gözlənilən deyil. Bu məsələyə Ermənistan tərəfindən vəsait ayrılacağı da inandırıcı görünmür. Çünki hazırda rəsmi İrəvanın iqtisadi durumu layihəni qarşılamaq iqtidarında deyil. Ermənistan üçün yeni iqtisadi nəfəslik yaratmağa çalışan cənub qonşumuzun durumu da müttəfiqindən elə də ciddi fərqlənmir. Ekspertlər Tehranın indiki iqtisadi durumuna görə bu layihəni həddən artıq bahalı hesab edirlər və yaxın zamanlarda İranın bu məsələyə maliyyə ayıracağını düşünmürlər. Onların fikrincə, İranın sanksiya altında olduğunu nəzərə alsaq, beynəlxalq maliyyə qurumlarının da bu layihədə hansısa iştirak və yaxud kredit ayırmaq istəyi ciddi sual altındadır.
Əslində “Qafqaz” dəhlizi layihəsi rəsmi Tehranın son çırpıntıları kimi görünür. Sadəcə İran Zəngəzur dəhlizinə qarşı “alternativ” layihəyə sahib olduğu görüntüsü yaratmaqla regionda gedən prosesləri dəyişə biləcəyinə inanır. Rəsmi Tehran bir məsələni unudur ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında Zəngəzur dəhlizinin mütləq açılacağını bəyan edib. Bunun üçün Azərbaycanda həm siyasi, həm də iqtisadi iradə mövcuddur. Yəni Ermənistanın indiki və sonrakı rəhbərinin istəyib-istəməməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq. Çünki bu tək iki ölkə arasında deyil, həm də regional məsələdir. Yəqin ki, Rəsmi Tehran da gec ya da tez regionda yaranmış yeni geosiyasi vəziyyəti dərk edəcək və “qurduğu oyunlardan” vaz keçəcək.