“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisini bu il də davam etdirir.
Hafta.az yazır ki, Azərbaycan dilini tələbələrə birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Dərslərdə universitet tələbələrinə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və ənənələri, Ermənistanın ölkəmizə qarşı təcavüzü və torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə də məlumat verilir.
Universitetin 4-cü kursunda tədris edilən Azərbaycan dili dərslərində 150 çox tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı S.Nəsirova müraciət ünvanlayıblar. Birliyin sədri bunun üçün bütün imkanların olduğunu bildirərək yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələrə əlavə kursların təşkil olunacağını söyləyib.
Ötən illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrdən bir qrupu hazırda diaspor mərkəzində təhsilini davam etdirir. Artıq həmin tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar var.
Diaspora sədri deyib ki, hədəf misirlilər arasında Azərbaycan dilini tədris edə biləcək mütəxəssislər yetişdirməkdir və bu yolda ciddi addımlar atılıb.
Qeyd edək ki, hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində azərbaycanlılarla yanaşı, dünyanın 27 ölkəsindən 300-dən çox tələbə müxtəlif ixtisaslar üzrə ödənişsiz təhsil alır.