Qarabağa, Şərqi Zəngəzura qoyulan sərmayə bütövlükdə ölkəmizin inkişafına qoyulan sərmayədir - Könül Nurullayeva

10:22 15.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan işğaldan azad olunmuş əraziləri öz maliyyə imkanları hesabına bərpa edir. Biz bu istiqamətdə qarşıya qoyduğumuz bütün hədəfləri reallaşdırırıq. Ali Baş Komandanın söylədiyi kimi, tarixi Zəfərdən sonra vaxt itirmədən bu işlərə start vermişik, siyasi iradə ortaya qoymuşuq, bütün maliyyə və texniki imkanlarımızı, kadr potensialımızı səfərbər etmişik. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri zamanı yeni müəssisələrin təməli qoyuldu. Bu, dövlət başçızımızn Ağdama 3-cü səfəri idi. Hər yeni səfər zamanı bu ərazilərə yeni nəfəs, yeni inkişaf gəldiyini görürük.

Bu fikirləri hafta.az-a millət vəkili Könül Nurullayeva deyib:

"Prezident İlham Əliyev yerli sahibkarlara müraciət edərək, onları Ağdama, o cümlədən digər azad olunmuş ərazilərimizə dəvət etdi. Bu ərazilərə yatırılan hər yeni investisiya yeni iş yeri, yeni inkişaf deməkdir. Bu gün Qarabağa, Şərqi Zəngəzura qoyulan sərmayə yaxın gələcəkdə bütövlükdə ölkəmizin inkişafına qoyulan sərmayə olacaq.

Bütün azad olunmuş ərazilərdə müasir standartlara uyğun infrastruktur qurulmaqdadır. Təsadüfi deyil ki, azad edilmiş torpaqlarda qurulan yarımstansiyaların sayı 9-a çatıb. Qaz xətlərinin çəkilişi layihəsi işlənir, içməli su ilə təminat, yol-nəqliyyat infrastrukturu – avtomobil və dəmir yolu tamamilə yenidən qurulur və s. Bu, yeni yaradılan müəssisələrin daha səmərəli fəaliyyətini təmin edəcək. Eyni zamanda yeni Mərkəzi Xəstəxananın təməli qoyulub, minə yaxın şagirdin təhsil alacağı məktəb inşa olunmaqdadır. Altı evdən ibarət yaşayış kompleksi iki ilə inşa ediləcək.

190 hektar ərazidə qurulacaq Sənaye Parkı Ağdamı ən inkişaf etmiş şəhərlərdən birinə çevirəcək. Burada sənayenin inkişafı təmin olunacaq, ənənəvi sahələr bərpa olunacaq. Şəhərin gələcək inkişafı ilə bağlı əsas plan yaşayış binalarının inşası, iş yerlərinin açılmasıdır. Yəni, buraya geri qayıdacaq insanlar işlə təmin olunmalıdırlar. Bu istiqamətdə də addımlar atılır. Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də əlverişli imkanlar yaradır".