44 günlük Vətən Müharibəsində qazandığımız hərbi zəfər 30 ildir öz dədə-baba torpaqlarından qaçqın-didərgin düşən Azərbaycan vətəndaşlarının ürəyində öz evinə, yurduna qayıtmaq ümidini daha da cücərtdi. “Artıq mən qaçqın deyiləm”, – deyən cəbrayıllı, zəngilanlı, laçınlı, ağdamlı, şuşalı, kəlbəcərli və digər işğaldan azad olunan rayonların insanları Böyük Qayıdışa böyük həvəslə hazırlaşırlar.
Dövlətimizin müharibədənsonrakı quruculuq siyasəti məhz həmin rayonlarımızın yenidən bərpa edilərək, kommunikasiya, infrastrukturun bərpasından sonra əhalinin öz evlərinə köçürülməsi yönündə ciddi işlərin aparılmasına yönəlib. Vətəndaşlar bu qayıdışın necə təşkil olunacağı narahatlığı ilə müxtəlif suallara cavab tapmağa çalışırlar.
İşğaldan azad olunan bir neçə rayonumuzun - Ağdamın, Şuşanın, Zəngilanın baş planı təsdiqlənib, hətta bir sıra “ağıllı kənd”lərin qurulması ilə bağlı layihələlər də tamamlanıb.
İctimaiyyətə də bəllidir ki, işğaldan azad olunan rayonlarımızda infrastruktur, yollar, kommunikasiyalar çəkilməklə sürətli bərpa işləri gedir.
Belə iddialar var ki, artıq əhali arasında öz yerlərinə qayıtmaq üçün müraciətlər olur və hətta qayıdışla bağlı Növbəlilik sistemi yaradılır. Maraqlıdır, növbəlilik sistemi hansı qaydada tənzimlənir və bu, necə həyata keçiriləcək? Kiminsə hamıdan əvvəl getməsi üçün onun hansı statusa malik olması tələb olunacaq? Tutaq ki, Ağdam, Şuşa, Laçın, Zəngilan, Kəlbəcər və digər rayonlara qayıdış prosesində növbəliliyin qorunması ilə köçürülmədə şəffaflıq necə təmin ediləcək?
İddialara görə, Ağdama daha tez getmək istəyənlərdən 2 min, Şuşaya getmək istəyənlərdən isə 5 min manat tələb olunur.
Hafta.az bu iddialarla bağlı yaranan mübahisəli məqamlara aydınlıq gətirmək üçün müəyyən aidiyyəti mənbələrin iştirakı ilə məsələni araşdırıb.
Ağdam İcra Hakimiyyəti Aparatının rəhbəri Zülfü Qasımov suallarımıza cavab olaraq önə çəkilən bəzi müəmmalı fikirlərin, iddiaların kökündən yanlış olduğunu deyib. Onun sözlərinə görə, Ağdam əhalisinin qeydiyyatının dəqiqləşdirilməsi aparılsa da, bu günlər kiminsə öz evinə, kəndinə qayıdacağı ilə bağlı hər hansı növbəyə durması söhbəti yoxdur. Ağdam camaatının öz yerlərinə necə köçürüləcəyi, necə olacağı dəqiq bilinmir.
“Əvvəl dedilər ki, Ağdam şəhərində 1500, 1750 fərdi ev olacaq. Bu, Ağdamda olan evlərin 10 faizidir. Sonra məlum oldu ki, bunlar ilkin söhbətlərdir və dəqiq deyil. Bircə dəfə dedilər ki, hazırda Bakıda yataqxanalarda, kirayələrdə, pis vəziyyətdə yaşayan vətəndaşlar müəyyən edilsin və ola bilər ki, ilkin olaraq o ailələr köçürülsün. Bundan ayrı heç bir şey yoxdur”.
Z.Qasımov kimlərinsə köçərkən hansısa məbləğdə pul ödəməsi iddiasına da birmənalı yanaşmayıb. O, bu məsələnin ortaya atılmasını tamamilə absurd sayıb.
“Necə ola bilər ki, sən rayonuna qayıdırsan, kiməsə də buna görə pul verirsən?! Bircə məsələni sizə deyim: tək Ağdama təşkil olunan səfərlər əvvəl həftədə iki dəfə idisə, indi 5 dəfədir. Bu barədə də deyirdilər ki, guya adamardan 50 manat alıb rayonlara aparırlar. Bu da yalandır. Qoy hamı bilsin ki, elektron poçtuna yazıb, şəxsiyyət vəsiqənin, COVID pasportunun surətini göndərib istənilən şəxs o səfərə gedə bilər. Müraciət edəndən sonra bir həftə ərzində sənə səfərə nə vaxt gedə biləcəyin haqqında zəng gəlir. Bakıdan səhər saat 7:00-da, Ağdamdan 12:30-da çıxırlar. Adamları ora müəyyən marşrutla aparırlar. Hər adama 2 talon verirlər. 1 talon su, 1 talon da yemək üçündür. Ya gözünün qarşısında 1 qutab, ya da iki yuxanın arasında lüləkabab verirlər. Bunların hamısı da pulsuzdur. Əgər bu sənə bəs edirsə, pulsuz bu yeməklərlə kifayətlənirsən, bəs etmirsə, pulunu götür get, nə istəyirsən al. Ağdama səfərə gedənləri 1 manat pul verməmək şərtilə aparılır. Kim-kimdən 2000 min manat istəyib ki?.. Hamısı yalandır”.
Z.Qasımov eyni zamanda deyir ki, Ağdama təşkil olunan belə səfərlərdə sıxlıq yaranmaması üçün müəyyən şərtlər də var. Onun sözlərinə görə, əsasən 60 yaşından yuxarı şəxslər, şəhid ailələri müraciət edərlərsə, birinci növbədə 2-3 günə onlara imkan yaradılır, amma maksimum 1 həftəyə səfərlər təşkil olunur.
Aparat rəhbəri işğaldan azad olunmuş ərazilərə əhalinin növbəlilik şəklində göndərilməsi ilə bağlı ortaya çıxan məsələləri də şaiyə adlandırıb.
“Məskunlaşmaq üçün hansısa növbəyə durmaq söhbəti yoxdur. Mən şəhərdə oluram, amma hələ məndən soruşan olmayıb ki, nə vaxt gedəcəksən. Ərazi nümayəndələrinə tapşırılıb ki, hər birimiz ailələrin tərkibini, Ağdamdan çıxanda necə nəfər olub, əmlakı nə olub, neçə nəfərdirlər, kimdirlər, bunu dəqiqləşdirək. Vətəndaşlara bir sənəd forması verirlər, onu doldurur. Bu, növbə deyil, insanların ailə tərkibini, kimliyini dəqiqləşdirməkdir. Bütün işğaldan azad olunmuş ərazilərin icra nümayəndəliyində var”.
Z.Qasımov Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Komitəsinin apardığı sorğuya da diqqət çəkib. Bildirib ki, həmin sorğunun özü yanlışdır. Bakıda bir villası olan ağdamlı heç vaxt deməz ki, mən Ağdama qayıtmıram.
Milli Məclisin Laçın rayonundan olan deputatı Mahir Abbaszadə Prezidentin tapşırığına əsasən məcburi köçkünlər arasında işğaldan azad olunmuş ərazilərə qayıtmaqla bağlı müəyyən sorğuların aparıldığını deyib. O qeyd edib ki, həmin sorğularda insanlardan “Hansı formada qayıtmaq istəyirsiniz?”, “Peşəniz nədən ibarətdir?”, “İxtisasınız nədir?”, “Siz qayıdıb hansı işlə məşğul olmaq istəyirsiniz?”, “Qayıdış zamanı oranı hansı formada görmək istəyirsiniz?” sualları soruşulub.
“Məndə olan məlumata görə, məcburi köçkünlərin mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaqla bağlı sualları müsbət cavablandırıb. Burada növbəlilik prinsipindən söz getmir. Ali rəhbərliyin tapşırığına əsasən köçürülən zaman Bakı, Sumqayıt, Abşeron və Azərbaycanın digər bölgələrində daha çətin vəziyyətdə yaşayan məcburi köçkünlər ilk olaraq o torpaqlara qayıdacaq. Bilirsiniz ki, məcburi köçkünlərin müəyyən hissəsi yataqxanalarda, yarımçıq tikililərdə, bağçalarda, məktəblərdə həyat üçün çətin olan şəraitdə yaşayırlar. Əslində, ədalətli olardı ki, ora ilk növbədə çətin vəziyyətdə yaşayan insanlar köçürülsün. Bu həm o insanların çətin vəziyyətdən çıxmasına kömək göstərəcək, həm də doğma torpağa qayıdış həsrətinə son qoyulacaq.
Məlumdur ki, işğaldan azad olunmuş ərazilərimizdə yeni yaşayış məskənlərinin təməlqoymaları da keçirilir. Bununla bərabər yeni infrastruktur sahələri də yaradılır. Eyni zamanda, sənaye parkları da yaradılır ki, gələcəkdə ora köçürülən insanlar normal olaraq iş yerləri ilə də təmin olunsunlar. Yadınızdadırsa, müharibə qurtarandan sonra Prezident çıxış edərək deyirdi ki, biz insanları o torpaqlara qaytararaq onlara layiqli həyat bəxş edəcəyik. O layiqli həyatın kriteriyalarından biri də yaxşı iş, yaxşı həyat şəraiti, normal infrastruktur, insanların istirahəti üçün normal şəraitdir. Bu nöqteyi-nəzərədən 2022-ci il Böyük Qayıdışın başlanğıcı olacaq və biz öz doğma torpaqlarımıza qayıdacağıq”.
Deputat məcburi köçkünlərin geriyə qayıdışı üçün hər hansı növbəyə alınma ilə bağlı məlumata malik olmadığını və bunun yanlış məlumat olması ehtimalını qeyd edib.
M.Abbaszadə, eləcə də Şuşaya, Ağdama getmək üçün müəyyən vəsaitlərin tələb olunması ilə bağlı iddiaları da feyk xəbərlər adlandırdı.
“Mən sizin vasitənislə vətəndaşlarımızdan xahiş etmək istəyirəm ki, əgər kimdəsə belə faktlar varsa, hüquq-mühafizə orqanlarına, uyğun nazirliklərə, Qaçqınların, Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Şəhərsalma Komitısinə, Admnistrasiyaya məlumat versinlər ki, qarşısı indidən alınsın. Lakin birmənalı alaraq dövlət tərəfindən belə bir tələb yoxdur. Ola bilsin ki, ortada belə dəllalıq eləmək istəyən insanlar var. O insanlar hüquq və qanun qarşısında cavab verməlidir. Belə bir şey yoxdur”.
Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov bildirib ki, Böyük Qayıdışın necə aparılacağı, bunun necə tənzimlənəcəyi və ilk olaraq kimlərin köçürüləcəyi ilə bağlı onlara da çoxsaylı vətəndaşlardan müraciətləri olur.
“Cənab Prezident müharibə başa çatdıqdan sonra dərhal həmin bölgələrdə yeni layihələrin həyata keçirilməsi uğrunda mütəmadi tədbirlər gördü və bölgələrə səfər edən zaman bir sıra açılışlar, təməlqoyma mərasimlərini keçirdi. İrimiqayaslı layihələrin həyata keçirilməsi göstərir ki, vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıdışı uzun vaxt aparmayacaq. Bİz tezliklə Kəlbəcərə, digər işğaldan azad olunmuş bölgələrə qayıdacağıq. Eyni zamanda cənab Prezidentin vurğuladığı kimi ağıllı kənd, ağıllı qəsəbə, ağıllı şəhər konsepsiyalarının həyata keçirilməsi məsələsi də artıq reallaşmaq üzrədir. Burada bir çox xırda kəndlərin iri kəndlərə birləşdirilməsi məsələsi nəzərdə tutulub. Hələ bu istiqamətdə rəsmi bir açıqama yoxdur. Bununla əlaqədar olaraq sakinlərimiz də çoxlu sayda müraciətlər edirlər. Sosial şəbəkələrdə yazırlar ki, guya Kəlbəcərdə hansısa 4-5 kənd filan bir kəndə birləşdirilib. Bu kəndlərin birləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Sənədləşmə işlərindən sonra işlər aparılır. Bununla bağlı rəsmi sənədləşmə işi aparılmayıb. Bu məsələlər ətrafında Milli Məclisdə Komitədə də müzakirə apardıq və məsələlərin nə dərəcədə düzgünlüyü haqqında müzakirələrimiz oldu. Belə qərara gəldik ki, aidiyyəti qurumlar Milli Məclisə dəvət edilib onların iştirakı ilə dinləmələr keçirilsin. Düşünürəm ki, vətəndaşlarımızı daha doğru cavablandırmaq üçün bu istiqamətdə müzakirlərimiz olacaq. Hazırda vəziyyət bu cürdür. Real olaraq Kəlbəcərdə hər hansı bir kəndin birləşdirilməsi ilə bağlı heç bir rəsmi sənədləşdirmə işləri aparılmayıb”.
O ki qaldı vətəndaşlar arasında ilkin olaraq kimlərin ora köçürülməsinə, eləcə də növbəlilik sisteminin yaranması məsələsinə, deputat bildirdi ki, bu da real söhbətlər deyil.
“Cənab Prezident özü də bir neçə ay öncə vurğulayıb ki, ilkin olaraq çətin şəraitdə, yataqxana şəraitində yaşayan ailələr, qəzalı binalarda yaşayan məcburi köçkünlərimizin köçürülməsi nəzərədə tutulmalıdır. Eyni zamanda o əraziyə köçmək istəyən şəhid ailələrimiz, qazilərimiz və bu kateqoriyadan olan insanlarımıza üstünlük veriləcək. Təbii ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu işin aktiv iştirakçısı olmalıdır. Komitədə də bu istiqamətdə müəyyən hazırlıq işləri aparırlar. Bilirik ki, Komitə tərəfindən Kəlbəcər əhalisi arasında “Kimlər köçmək istəyir, kimlər köçmək istəmir” sorğusunu da aparıblar. 99 faiz vətəndaşımız öz dədə-baba torpaqlarına qayıtmağa hazır olduğunu bildirib. Onu da başa düşürük ki, yol infrastrukturu olmadan o rayonlarda hər hansı bir tikintidən danışmağa ehtiyac yoxdur. Gərək yol çəkilsin, digər layihələr həyata keçirilsin. Cənab Pezident bu yaxınlarda Kəlbəcərdə yarımstansiyanın açılışını etdi. Yaxın zamanlarda 2-ci yarımstansiyanın açılışı baş tutacaq. Bu da o deməkdir ki, orada sosial obyektlərin, mənzillərin, kəndlərin tikilməsi üçün şərait yaranır”.
A.Məmmədov əhalinin rayonlara köçürülməsi zamanı onlardan müxtəlif vəsaitlərin istənilməsi ilə bağlı fikirlərin uydurma olduğunu bildirib: “Hər hansı maddi vəsaitin ödənilməsi absurd məsələdir”.
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyevin sözlərinə görə, icra nümayəndəliyi olaraq qayıdışla bağlı camaat arasında sorğular keçiriblər. Bu sorğuda şəxsən iştirak edən E.Mehdiyev 99 faiz kəlbəcərlinin öz yurduna qayıtmaq istəyində olduğunu deyib.
“İddia olunduğu kimi hər hansı növbəyə alınma tələbi, yaxud kimlərdənsə qayıtmağa görə pul tələb olunması halları yoxdur, bu cəfəngiyatdır. Belə bir şey ola bilməz”.
E.Mehdiyev hazırda şəhərin, kəndin qurulma planının hazırlandığını və gələcəkdə o plana uyğun olaraq işlər tamamlanandan sonra köçürülməyə başlanacağını inkar etməyib. O, hələlik bu işlərin başlamadığını deyib.