44 günlük müharibədə düşmənə sarsıdıcı zərbə vurub ərazi bütövlüyümüzü bərpa etsək də, rus sülhməramlıların nəzarətində olan bölgələrdə separatçı rejimin fəaliyyətini davam etdirməsi cəmiyyətimizdə birmənalı qarşılanmır.
Üstəlik, Xankəndi, Ağdərə, Xocalı, Xocavəndin bir çox kəndlərində yaradılmış erməni məktəbləri, «mədəniyyət ocaq»ları əlləri dinc azərbaycanlıların qanına batmış, faşist ideologiyasının daşıyıcıları kimi ad çıxarmış Monte Melkonyan, Njde və digər erməni terrorçuların adlarınadır. Burada təhsil alan erməni uşaqlar isə bu terrorçuların «qəhrəman obrazı», Azərbaycana qarşı düşmən ruhunda tərbiyə edilməklə zəhərlənirlər. Hansı ki, bu amil bölgəyə gələn rus sülhməramlırlarının sözdə bəyan etdikləri firavan birgə yaşayışın təmini prinsipi ilə daban-dabana ziddir. Sülhməramlılardan söz düşmüşkən, mətbuatda hər həftə onların Qarabağ ermənilərinə humanitar yardım verdikləri, məktəblərdə yardımlar payladıqlarına dair məlumatlar görürük. Özü də bu tədbirlər yuxarıda adları çəkilən terrorçuların adlarının, heykəllərinin əks olunduğu məktəblərdə, məkanlarda təşkil edilir. Lakin rus sülhməramlılarının komandanlığı tərəfindən hansısa bir addım atılmır, bizim etiraz reaksiyalarımız səssiz qarşılanır.
Milli Məclisin deputatı Asim Mollazadə hafta.az-a bildirib ki, sülhməramlıların ermənilərə humanitar yardımlar göstərməsinin arxasında bir məqsəd dayanır.
“Ermənilər Qarabağı kütləvi şəkildə tərk edirlər. Əgər Qarabağda erməni qalmasa, o zaman Rusiya sülhməramlılarına orda ehtiyac olmayacaq. Ona görə də Rusiya sülhməramlıları ermənilərin Qarabğda rahat yaşayışını təmin etmək üçün onlara evlər, məktəblər tikirlər. Bu, sülhməramlıların bölgədə öz mövcudluqlarını saxlamaq istəyi ilə bağlıdır”.
A.Mollazadə Qarabağda tikilən məktəblərə erməni faşist terrorçularının adının verilməsini və sülməramlıların da həmin yerləri ziyarət etməsini bölgədə və Rusiyada həyata keçirilən qəribə, qeyri-müəyyən addımlar sırasına daxil edib. Deputat sülhməramlıların bu fonda rusların faşist Qarigen Njdeyə qoyduğu abidəyə diqqət çəkib. Onun sözlərinə görə, məşhur Qaragin Njde SS-in nümayəndəsi olub və SS Nürinberq Məhkəməsinin qərarı ilə faşizmi təmsil edən bu adamların təbliğini tam qadağa edilib.
“Rusiyada faşizmə dəstək qanunvericilikdə qadağan edilib. Bu ərazidə faşist komandirinin heykəllərini saxlamaqla özü -özlüyündə ruslara təhqirdir, Rusiya qanunvericiliyinə ziddir”.
A.Mollazadə hesab edir ki, Qarabağda erməni terorçularının adı ilə bağlı məktəblərin açılmasına icazə verən sülhməramlılara bu mənada veriləcək suallar çoxdur. Onun sözlərinə görə, belə hallar ilk növbədə media vasitəsi ilə Rusiya vətəndaşlarına çatdırılmalı və Rusiyanın öz qanunlarına zidd hərəkət edərək SS-ə verdiyi dəstək ictimaiyyət tərəfindən tənqid olunmalıdır.
Deputat hesab edir ki, sülhməramlıların nəzarətində olan ərazilərdə baş verən bu cür xoş olmayan məsələlərin, ərazilərdə Azərbaycan qanunları işləyəndən sonra heç bir əhəmiyyəti qalmayacaq. Azərbaycan bu özbaşınalığa da son qoyacaq.