Qarabağda yaşayan erməniləri işlə təmin etməyə hazırıq... - Azərbaycan Prezidenti

17:48 27.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Biz zaman itirmədən, müharibə bitər-bitməz hərəkətə keçdik. Bu dövlətimizin gücünü göstərdi. Çünki bu işləri görmək üçün təkcə pul kifayət deyil. Mənbə, kadrlar, heyət, texniki vərdişlər, yetərlilik olmalıdır. Biz bütün gücümüzü səfərbər etdik. Elektriklə bağlı işləri ilin sonuna qədər tamamlayacağıq. Bütün bölgəyə elektrik veriləcək. Yol işləri də davam edir”,-prezident İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində işğaldan azad edilən ərazilərdə aparılan bərpa işləri ilə bağlı danışarkən belə deyib.

Dövlət başçısı daha sonra bildirib:

-Bunları hər şeydən əvvəl öz vətəndaşlarımız üçün edirik ki, bu bölgəni yenidən quraq və keçmiş məcburi köçkünlər qısa zamanda oraya dönə bilsin. Artıq birinci pilot kənd layihəsi Zəngilanda ilin sonuna, ya da gələn ilin əvvəlinə qədər hazır olacaq. Qarabağda yaşayan ermənilər də bunu görür. Çünki bizim televiziyalarımıza baxır, radiolarımızı dinləyirlər. Burada hansı işlərin görüldüyünü görürlər. Artıq bir neçə erməni bizim Şuşada hərbi mövqelərimizə gələrək onların da bu işlərə cəlb edilməsini xahiş ediblər. Bu da təsadüfi deyil. Onlar orada işsiz-gücsüz qalıb. İşsizlik, səfalət və ümidsizlik içərisindədirlər. Biz buna müsbət yanaşırıq. Amma bunun qanuni tərəfinin tam oturuşması lazımdır. Biz orada yaşayan erməniləri öz vətəndaşlarımız olaraq qəbul edirik.  

Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağ hər zaman Azərbaycan torpağı olub. Sovet dönəmində də, ondan əvvəl də. İşğal dövründə də beləydi. Biz onları Azərbaycan vətəndaşı olaraq görürük. Sadəcə onlar bunu qəbul etməlidirlər. Onlar bu erməni təbliğatından xilas olmalıdırlar. Öz gələcəklərini, uşaqlarının gələcəyini təmin etməlidirlər. Biz hazırıq onları da işlərə cəlb etməyə. Nədən etməyək. Biz gələcəyə strateji baxımdan sülh prizması ilə baxırıq. Çünki mən bir daha savaşın olmasını istəmirəm. Ermənistan tərəfdən qisasçı addımlar baş qaldırmasa biz bir daha savaş başlatmayacağıq. Əgər Ermənistanda bizə qarşı hər hansı təhdid yarandığını görsək o təhdidi aradan qaldırmalıyıq. Bu bizim legitim haqqımızdır. Amma belə təhdid olmasa bizim başqa düşüncəmiz də olmayacaq.

Qarabağda yaşayan 25 min erməni də inşaat, bərpa işlərində yer ala bilər. Eyni zamanda gələcəkdə yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün də şərait yaradarıq. Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərləri ilə bağlı baş plan təsdiqlənəcək. Bu bizim gücümüzü göstərir və ermənilərin də Qarabağda yaşadıqları kəndlərdə bunları edə bilərik.

Mən qələbədən sonra həmin bölgələrə onlarla dəfə səfər etmişəm. Orada ermənilərin yaşadıqları bəzi kəndlərdə qarşılaşdığım mənzərə məni heyrətə saldı. İnsana yaraşmayan durumdur. Bəzi kəndlərdə evlər analiz edilir. Evlərin 95 faizi yararsızdır. Yəni orada heç kim yaşaya bilməz. Onlar sökülməlidir. Belə rəzil duurmda 30 il yaşayan bir toplum gün üzü görmək istəyir. İşıq isə ancaq Azərbaycandan gələcək.

Oxunma sayı 1633