Bu gün – fevralın 9-u tarixi böyük qazax yazıçısı mərhum Mukaqali Makatayevin 90 yaşı tamam olur. M.Makatayev tək yazıçı deyil, həm də şair və tərcüməçi, milli ədəbiyyat kolleksiyasını zənginləşdirən bir çox əsərin müəllifidir. Dantenin "İlahi komediyası"nı qazax dilinə tərcümə edib. Əsərlərinin əhəmiyyətli hissəsi ölümündən sonra nəşr olunub.
M.Makatayev 9 fevral 1931-ci il tarixində Almatı vilayətinin Karasaz kəndində doğulub. Yazıçının tam adı Muxametkalıdır. Üç uşağın böyüyü olan şairin atası Süleymen Böyük Vətən müharibəsindən bir il əvvəl kolxoz sədri seçilibmiş və M.Makatayevin 10 yaşı olanda o, cəbhəyə yollanıb. Atası müharibədə həlak olub və bu oğlan evin böyük oğlu olaraq ailənin bütün yükünü öz üzərinə alıb.

Yeniyetmə ikən M.Makatayev şeirlə ciddi məşğul olmağa başlayıb. Abay Kunanbayev, Muxtar Auezov, Qabit Musrepov, Saken Seyfullinin kitabları onu ilhamlandırır. Rus dilini müstəqil şəkildə öyrənərək A.Puşkin, S.Yesenin, A.Blok şeirlərini oxumağı sevirmiş. Həm də Şekspir, İ.Qöte, V.Huqo, A.Düma, C.Bayron, T.Drayzer, Stendal, C.London və O.Balzakın əsərləri ilə maraqlanıb.
1948-ci ildə M.Makatayev, Narınkoldakı internat məktəbini bitirib. Sonra kənd sovetinin katibi vəzifəsində çalışıb, qırmızı yurtanın rəhbəri olub, komsomol orqanlarında və vilayət qəzetində işləyib. Elə həmin il onun ilk əsərləri nəşr olunub. 1949-cu ildə Laşın Alimjanova ilə evlənib və cütlüyün altı övladı dünyaya gəlib.
M.Makatayev KazDU-nun filologiya fakültəsinə, daha sonra Xarici Dillər İnstitutuna daxil olub. Daha sonra yenidən KazDU-nun Hüquq fakültəsində oxuyub. Bütün bu müddət ərzində o, müxtəlif nəşrlərdə tez-tez yayımlanan şeirləri yazmağa davam edib.
1954-1962-ci illərdə Qazaxıstan radiosunda diktor və məktəbdə müəllim işləyib. 1962-ci ildə ailəsi ilə Almatıya köçüb. 1962-1972-ci illərdə “Sosialist Qazaxıstan”, “Qazax Ədəbiyyatı” qəzetlərində, habelə “Mədəniyyət və Həyat” və “Ulduz” jurnallarında işləyib. Şöhrət ona, 1962-ci ildə "Sosialist Qazaxıstan" nəşrində "Appassionata" şeirinin nəşrindən sonra gəlib. Sonra V.Lenin və K.Marksa həsr olunmuş "İlyiç" (1964) və "Mavr" (1970) poemalar nəşr olunub. Bunun ardıyla M.Makatayevin ilk əsərlər toplusu da nəşr edilib.
1972-1973-cü illərdə şair Qazaxıstan Yazıçılar Birliyinin ədəbi məsləhətçisi olub. 1973-cü ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olsa da, təhsilin ilk ilində ailə problemləri səbəbindın dərsləri buraxıb.

Bəlkə də həyatının ağrı-acılarını – yükünü nəzərdə tutan şair “Gəncliyim” adlı şeirində yazırdı:
Nə verdi mənə gənclik?
Nə ibrət gördüm ondan?
Dözümlük dərsi verdi,
Mənə od, alov verdi.
Döyüşçün nizə verdi.
Bağladı məni sözə,
Qaldırdı sərt zirvəyə,
Qalxdım ərşi-fələyə!
Döydü, mətinləşdirdi.
Həyat həqiqətlərin
İzah etdi o mənə...
O, 1976-cı ilin martında ürək xəstəliyindən 45 yaşında vəfat edib. Uzun müddət xəstəliklə mübarizə aparıb, amma çalışmaqdan əl çəkməyib. Yaradıcılığı üçün “daha iyirmi il” möhlət istəyib, amma fani həyat onu eşitməyib. Elə özünün qələmə aldığı “Fanilik” şeirində deyildiyi kimi:
Tərk etmək istəsəm faniliyi mən
Heç cür ayrılıqda qala bilmərəm.
Qaçsam da yaşaram, yıxılarkən də,
Bəzən də vurulub dikələrkən də...
1976-cı ilə qədər M.Makatayevin səkkiz toplusu - "Salam, dostlar!" (1966), "Qaranquşum" (1968), "Ürəyim" (1972), "Qu quşları yatanda" (1974) və sair işıq üzünü görüb.
M.Makatayev, sonradan məlum olduğu kimi, əsərlərinin yarısını belə çap etdirməyi bacarmayıb. Onun mindən çox şeir, habelə povest, hekayə və poemalar ("Dağ Qartalı", "Qaçaq", "Raimbek! Raimbek", "Dariqa" və başqaları) və pyeslər ("Əlvida, sevgi") yazdığı məlumdur. O, çağdaş qazax poeziyasının məsələlərinə dair məqalələr də yazıb. 1979-cu ildə "Həyat bir göldür", 1981-ci ildə "Ruhun çağırışı", 1984-cü ildə "Şolpan" adlı kitabları dərc olunub. Şairin bir çox şeirləri musiqiyə çevrilib.
M.Makatayev xarici yazıçı və şairlərin əsərlərinin tərcüməsi ilə də məşğul olub. O, Dantenin “İlahi komediyası”nı, Şekspirin sonetlərini, Uitmenin əsərlərini, şərq şairlərinin əsərlərini, eyni zamanda rus çağdaş şairlərini qazax dilinə tərcümə edib.
2000-ci ildə "Amanat" toplusuna görə, M.Makatayev ölümündən sonra Qazaxıstan Respublikasının ədəbiyyat, incəsənət və memarlıq sahəsində dövlət mükafatına layiq görülüb. 2002-ci ildə Makatayev və Jeltoksan küçələrinin kəsişməsində parkda ona bürünc abidə ucaldılıb.
Azərbaycan yazıçıları N.Məmmədov-Tağısoy və E.Quliyev Mukaqalinin şeirlərini Azərbaycan dilinə tərcümə ediblər.