“Qazaxıstan və Azərbaycan müttəfiqlik münasibətlərinin yeni səviyyəsinə yüksəlib” – Alim Bayel

11:05 07.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel Qazaxıstan-Azərbaycan nümayəndə heyəti ilə birlikdə Qazaxıstanın Abay vilayətində işgüzar səfərdədir. Səfir Semeydə vilayətin akimi Berik Uali ilə görüşüb. Görüşdə Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının həmsədr müavini Aslan Kuniyarov, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri iştirak ediblər.

Hafta.az-ın yazdığına görə, səfir A.Bayelin rəhbərlik etdiyi nümayəndə heyəti Alakol gölü sahilində sağlamlıq-kurort kompleksinin tikintisi ilə bağlı investisiya layihəsini təqdim edib.

"Bu gün Qazaxıstan və Azərbaycan müttəfiqlik münasibətlərinin yeni səviyyəsinə yüksəlib. Ötən il Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycana üç dəfə səfər edib. Dövlət başçısı iqtisadi əməkdaşlığı inkişaf etdirmək, sənaye və turizm sahələrində birgə layihələr həyata keçirmək üçün qarşımıza konkret vəzifə qoyub. 2024-cü ildə Qazaxıstan və Azərbaycanın birgə investisiya fondunu təsis etdik. Azərbaycanın əlavə sərmayələri çərçivəsində "Alakol" layihəsi də bu layihələrdən biri ola bilər”, - Alim Bayel qeyd edib.

"Qazaxıstan və Azərbaycan qardaş ölkələrdir, bizi ortaq tarix və mənəvi köklər birləşdirir. Sizi rayonumuzda görməyə şadıq və rayonumuzda turizm kompleksinin yaradılması təşəbbüsünüzü alqışlayırıq. Hazırda Alakol turizm zonasının baş planı hazırlanır. Biz tikinti üçün yer ayırmağa hazırıq. Hakimlik lazımi dəstəyi verəcək", - Berik Uali vurğulayıb.

Azərbaycan-Qazaxıstan birgə sərmayələri hesabına eyni vaxtda 800 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ilboyu fəaliyyət göstərən turizm obyektinin tikintisi planlaşdırılır. İnvestisiya həcmi 20 milyon dollar təşkil edəcək. Kompleksin istifadəyə verilməsi ilə 200-ə yaxın yeni iş yeri açılacaq. Layihə regionun turizm cəlbediciliyini yüksəldəcək, yerli büdcəyə vergi daxilolmalarını artıracaq, tibb və istirahət qovşağında yeni klaster formalaşdıracaq.

Sonra nümayəndə heyəti Alakol gölündə olub, əraziyə baxış keçiriblər. Makançinski rayonunun akimi və Abay vilayət regional turizm idarəsinin rəisi qonaqları rayonun infrastrukturunun inkişafı planları ilə tanış ediblər. Alim Bayel Alakol layihəsinin Qazaxıstanla Azərbaycan arasında turizm sahəsində əməkdaşlıqda mühüm addım olacağını vurğulayıb.