Bizə daxil olan bütün müraciətləri aidiyyəti olan qurumlara yönləndiririk. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ictimai nəzarət şurasının üzvüyəm. Həmişə orada da bildirirəm ki, bu məsələləri gizlətmək olmaz. Bu, elə bir həssas mövzudur ki, bunu gizlətdikcə, narazılıq, aqressiya da artacaq.
Bu fikirləri hafta.az-a açıqlamasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, polkovnik-leytenant, Aprel Şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə deyib.
Onun sözlərinə görə, pensiya təminatından tutmuş, qazilərimizin səhhəti, məşğulluğu ilə bağlı “Yaşat” Fondu və nazirlikdən aidiyyəti orqanlara yönləndirdiyimiz məsələlərə operativ cavab verilməsini xahiş edirik. Qazilərimizin protezlə təminatı ilə bağlı problemlər çoxdur:
"Ölkə üzrə bədən orqanları amputasiya olunmuş qazilərimizin siyahısının hazırlanması ilə bağlı onlara xüsusi diqqət ayırırıq. Laqeydlik tamam başqa pis nəticələrə gətirib şıxara bilər. Bu insanalar cəmiyyətin ən diqqət tələb edən həssas hissəsidir. Göndərdiyim müraciətlərə, sorğulara cavabları tez almışam. Laqeydlik görməmişəm və bütün müraciətləri və verilən cavabları saxlayıram. Boynumuza almalıyıq ki, neqativlər var və onları deməsək, bizim ümumi işlər getməyəcək. Bölgələrdə bu istiqamətdə problemlər qalır. Hazırda qazilərin əlilliyinin təyin olunması ilə bağlı problemlərimiz qalır. Əlilliyin təyin olunması mürəkkəb bir prosedura çevrilib".