44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən və Qarabağda ötən ilin sentyabrında baş tutan birgünlük uğurlu antiterror əməliyyatlarından sonra regionda yeni reallıqlar yaranıb. Öz suverenliyini təmin edən Azərbaycan həm siyasi, həm iqtisadi, həm də sosial sahədə yeni düzənə uyğun olaraq qərarlar qəbul edir. Biz iqtisadi rayonların sırasında yeni adda - Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonların adlarının daxil edilməsini müşahidə edirik. Bu, həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib qərar sayılır. Azərbaycanın 20 faizə yaxın ərazisinin 30 il yaxın işğal altında qalması həmin torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməyib.
Yeni reallıqlar, yeni imkanlar
Qeyd edək ki, qələbədən sonra yaradılan Qarabağ iqtisadi rayonu Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını əhatə edir. Şərqi Zəngəzur iqtisadi rayonuna isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir. Bu rayonlar Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşir, Zəngəzur dağ silsiləsi ilə əhatə olunur. Şərqi Zəngəzur iqtisadi rayonu Laçın və Kəlbəcərdən Naxçıvana qədər uzanır. Bu rayonlar tarixən eyni məkanda yerləşib. Bu ərazilər uzun illər ərzində 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibinə daxil olub.
Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü iqtisadi ixtisaslaşmanı, effektiv investisiya siyasətinin həyata keçirilməsini və çevik regional idarəetməni təmin edəcək. Üstəlik, yeni iqtisadi rayonların yaradılması azad edilmiş ərazilərin inkişafına və bərpasına təkan verəcək. Buna görə iqtisadi rayonların yeni bölgüsü azad edilmiş ərazilərin inkişafı üçün vahid planın yaradılmasında mühüm addım kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, azad edilmiş ərazilərin iqtisadi imkanlarının reallaşdırılması Azərbaycan iqtisadiyyatına ciddi müsbət təsir göstərəcək. Azərbaycan ərazilərinin 1990-cı illərin əvvəllərində işğal edilməsi nəticəsində Qarabağda 7 min müəssisə bağlanıb. Bu müəssisələr Azərbaycanın taxıl istehsalının 24, spirtli içki istehsalının 41, kartof istehsalının 46, ət istehsalının 18, süd istehsalının isə 34 faizini təmin edirdi. Eyni zamanda, bu ərazilərdə qızıl, mis, civə, xromit, qurğuşun-sink kimi zəngin faydalı qazıntılar var. Ermənistan işğal dönəmində bu mədənləri istimar edib. Bu istehsal sahələrinin bərpası, əslində müxtəlif iqtisadi sahələrin, xüsusilə kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir edəcək. Məsələn, ilkin hesablamalara əsasən, yeni yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonu önümüzdəki illərdə Azərbaycan iqtisadiyyatının təxminən 4 faizini formalaşdıracaq. İşğal dönəmində bu ərazilərin Azərbaycanın ümumdaxili məhsuldakı payı 0,1 faizə qədər azalıb. Yaxın gələcəkdə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında 1,76 milyard dollar dəyərində kənd təsərrüfatı və sənaye məhsulları istehsal etmək mümkün olacaq.
Ekspertlər hesab edirlər ki, Şərqi Zəngəzur iqtisadi rayonu ən əsası tarixi baxımdan xüsusi əhəmiyyəti daşıyır. Şərqi Zəngəzur həmin bölgənin iqtisadi potensialının istifadə edilməsi və genişləndirilməsi aspektindən də vacib sayılır. Qarabağ iqtisadi rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var. Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur. İşğaldan azad olunmuş bölgələrimizin bərpa və yenidən qurulmasını nəzərə alsaq, nəticədə işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa, yenidənqurma prosesinin daha sürətli şəkildə həyata keçirilməsi, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli və dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək.
Azad edilmiş ərazilər bərpa olunan enerji, xüsusilə hidroenerji ilə bağlı böyük potensiala malikdir. Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi məhz Qarabağın payına düşür. Bu, su elektrik stansiyalarının yaradılmasına imkan verir. Yeri gəlmişkən, 44 günlük müharibə nəticəsində Azərbaycan erməni işğalçıları tərəfindən dağıdılmış 30 su elektrik stansiyası üzərində nəzarəti bərpa edib. Bundan başqa, Qarabağın kifayət qədər günəş və külək enerjisi potensialı da var. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin ilkin hesablamalarına əsasən, azad edilmiş ərazilər 4 min meqavatdan çox günəş enerjisi və 5 yüz meqavata qədər külək enerjisi potensialına malikdir. Kəlbəcər və Laçın rayonlarının külək enerjisi, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının isə günəş enerjisi ilə bağlı böyük potensialı var.
Sürətli reinteqrasiya planı
Azərbaycanın Qarabağ bölgəsinin tam reinteqrasiyasına nail olmaq üçün bütün məsələlər öz həllini tapacaq. Belə ki, respublikamızda “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanaraq qəbul olunub. Dövlət başçısının təsdiqlədiyi Strategiyada vurğulanır ki, işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. Bu ərazilərdə iqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək.
İqtisadiyyat şaxələnəcək
İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, işğaldan azad edilən ərazilərdə yenidənqurma və bərpa işlərinin aparılması, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm və digər sektorlar üçün müasir infrastrukturun qurulması Azərbaycan iqtisadiyyatının inkişafına və şaxələnməsinə çox müsbət təsir göstərəcək. Onun sözlərinə görə, azad edilən ərazilər həm təbii resurslar, həm də ərazi baxımından böyük və geniş iqtisadi potensiala malikdir: “Bu ərazilər vasitəsilə Naxçıvan, eləcə də Türkiyə ilə birbaşa əlaqələr yarada bilərik. Əgər yaxın gələcəkdə Zəngəzur dəhlizi açılarsa, həmin ərazilərdən birbaşa əlaqələrin daha qısa məsafə çərçivəsində qurulmasına əlverişli şərait yaranacaq. Bunun baş verəcəyi təqdirdə daha çox münasib imkanlar əldə edəcəyik. Bu nöqtəyi-nəzərdən ordumuz tərəfindən işğaldan azad edilən ərazilərin çox böyük iqtisadi potensialı var. Ona görə də Azərbaycan hökuməti tərəfindən bu ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinin aparılması, habelə müasir infrastruktur layihələrinin həyata keçirilməsi heç də təsadüfü deyil. Yəni əsas məqsəd həmin ərazilərin potensialını maksimum dərəcədə artırmaq və bundan istifadə etməkdir. Azad edilən ərazilərdə, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərdə tikilən və tikilməsi nəzərdə tutulan bir çox obyektlər və müəssisələr qeyri-neft sektorunun inkişafı, şaxələnməsi üçün əhəmiyyət kəsb edir. Bu ərazilərdə görülən təqdirəlayiq işlər və tədbirlər qeyri-neft sektorunun bir çox sahələrində əlverişli imkanların artmasına gətirib çıxaracaq”.
Ekspert vurğulayıb ki, 2016-ci ildən bəri Azərbaycanda qeyri-neft sektorunun inkişafı öndə gedən prioritet hesab olunur: “Qarşıya məqsəd qoyulub ki, qısamüddət ərzində ölkə iqtisadiyyatında qeyri-neft sektoru neft sektorunu üstələməlidir. Bu hədəfə nail olmaq üçün mütləq azad edilən ərazilərin iqtisadi potensialından istifadə olunmalıdır. Bundan əlavə, bu ərazilərin potensialından istifadə nəticəsində ölkə üzrə ümumidaxili məhsul istehsalında 40 və 50 faiz artım əldə etmişik. Qarabağda kənd təsərrüfatı və turizm obyektlərinin, sənayə müəssisələrinin qurulması, həmçinin digər istehsal sektorları ilə bağlı bir sıra layihələrin həyata keçirilməsi istiqamətində büdəcədən xeyli vəsait ayrılıb. Eyni zamanda, dövlət başçımız İlham Əliyev müxtəlif ölkələrin dövlət başçıları ilə görüşlərində həmin ölkələrin şirkətlərini Qarabağa investiya yatırmağa dəvət eləyib. Hesab edirəm ki, bu ərazilərdə quruculuq işləri Azərbaycan iqtisadiyyatının qeyr-neft sektoruna inteqrasiya olunmasında mühüm rol oynayacaq”.