Qeyri-rəsmi yaradılan Minsk Qrupu - Rəy

14:11 03.12.2025
Yazını böyüt
Yazını kiçilt

"Heç bir rəsmi sənəddə Minsk Qrupunun yaradılması barədə qərar yoxdur. Minsk konfransının yaranması haqqında qərar var, onun mandatı var, Minsk konfransı həmsədrlərinin də mandatı mövcuddur, ancaq Minsk Qrupu ilə bağlı heç bir qərar yoxdur".

Bunu Hafta.az-a siyasi şərhçi Abutalıb Səmədov Minsk Qrupunun ləğvi ilə bağlı şərhində qeyd edib.

Ekspert Minsk Qrupunun yaradılması ilə bağlı edilən cəhdlərin əslində yarımçıq qalması məsələsinə diqqət çəkib:

"1992-ci ilin martında Finlandiyada Qarabağ məsələsini həll etmək üçün Minsk konfransının çağırılması barədə qərar qəbul olundu. Bu, konfransda 11 dövlətin iştirakı müəyyənləşdi. Nəzərdə tutuldu ki konfrans 1992-ci ilin yay fəslində çağırılsın. Ancaq Şuşa və Laçının işğalı, eyni zamanda Azərbaycan ordusunun hərbi əməliyyatlara başlaması bu prosesləri pozdu, yəni konfrans çağırılmadı. Minsk konfransının ilk sədri olan italiyalı Mario Rafaelli Romada Minsk konfransının təmsilçiləri ilə bir neçə görüş keçirdi və Sentyabr ayında elan olundu ki, həmin 11 dövlətdən ibarət Minsk qrupu yaradılır. Ancaq bu rəsmi sənədlər əsasında baş tutmadı. Sadəcə Mario Rafaelli tərəfindən elan olundu ki, Minsk Qrupu yaranıb.

Bu səbəbdən, Azərbaycan Ermənistan qarşısında tələb qoydu – artıq Qarabağda ermənilərin olmamasını, eyni zamanda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını nəzərə alıb, birlikdə ATƏT-ə müraciət olunaraq, Minsk prosesi ilə bağlı qurumların ləğv olunması məsələsi qaldırılsın. Burda rəsmi şəkildə yaradılmış Minsk konfransından və ATƏT-in nümayəndəsi institutundan söhbət gedir. Eyni zamanda, qeyri-rəsmi yaradılan Minsk Qrupu da ləğv olunub. Uzun müddət Ermənistan buna müqavimət göstərdi. Sonradan elan elədilər ki, sülh sazişi imzalanan kimi ATƏT-ə belə bir müraciət ünvanlamaq öhtəliyini öz üzərilərinə götürürlər. Ancaq Vaşinqtonda avqustun 8-də keçirilən görüşdə sülh sazişi paraflandı və tərəflər bunu artıq sülh sazişinin rəmzi imzalanması kimi qəbul etdilər. Çünki ortada ABŞ prezidenti kimi nüfuzlu bir qarant var idi. Bu səbəbdən Azərbaycan və Ermənistan rəsmi şəkildə ATƏT-ə Minsk prosesi ilə bağlı qurumların ləğv olunması təklifi ilə müraciət etdilər. Və bu ləğvolunma prosesi əvvəlcə Minsk konfransının yaradılması ilə bağlı qərarı qəbul edən ATƏT-in Nazirlər Şurasında müzakirə edildi və qərar qəbul olundu. Bu günlərdə ATƏT son qərarını verərək, Minsk prosesi ilə bağlı bütün qurumların ləğv olduğunu elan elədi. Bu, ilk növbədə Ermənistanın Qarabağ iddialarından əl çəkdiyini göstərən bir addım oldu. Paşinyan hökuməti açıq şəkildə bəyan elədi ki, Qarabağdan köçən ermənilər Ermənistan ərazisində yerləşəcəklər, onların geriyə qayıtmaq məsələsi qaldırılmayacaq. Baxmayaraq ki, ayrı-ayrı siyasətçilər, daha çox müxalifətçilər tərəfindən belə bir tələb tez-tez səsləndirilirdi ki, Qarabağ erməniləri kollektiv şəkildə geri qayıtmalıdırlar. Azərbaycan təbii ki, bunu qəbul etmədi. Ermənilərin qayıtmasına Azərbaycan etiraz eləmir, ancaq bu proses fərdi qaydada olmalıdır. Yəni hər bir erməninin müraciətinə fərdi qaydada baxıb, geri qayıtması mümükün olarsa, bu barədə qərara qəbul oluna bilər. Eyni zamanda, bu proses azərbaycanlıların da İrəvana qayıtması ilə paralel aparılmalıdır ki, bunu da ermənilər istəmirlər".

Uzun illər davam edən erməni separatizminə Qarabağda son qoyulduğunu vurğulayan ekspert qeyd edib ki, bu separatçılıq hərəkatı Azərbaycana çox böyük faciələr gətirdi. Ancaq Prezident İlham Əliyevin apardığı müdrik və qətiyyətli xarici siyasət xətti son nəticədə tariximizin ən böyük qələbəsinə nail olmağımıza gətirib çıxartdı.

A.Səmədov tarixi faktlara diqqət çəkərək deyib ki, 1988-ci ilin fevralında ermənilərin Stepanakert adlandırdığı Xankəndidə bu proseslər başlayanda və sonrakı illərdə bu günkü nəticələrə nail ola biləcəyimizə yəqin ki, inanan az adam olardı:

"Sonrakı illərdə də proses Azərbaycan üçün çox ağır keçdi. Böyük dövlətlərin təklif etdiyi layihələr Azərbaycanın xeyrinə deyildi - ya faktiki Qarabağ ermənilərinin müstəqilliyini tələb edir, ya da hüquqi cəhətdən Qarabağı Azərbaycandan ayırmağa yönəlmişdi.
Azərbaycan bax bu cür ağır sınaqlardan keçərək bugünkü nəticəyə nail olub. Ancaq arxayınlaşmaq çox tezdir. Çünki qarşıdan Ermənistanda keçiriləcək parlament seçkiləri gəlir. Rusiyayönümlü qüvvələrin hamısı birləşiblər, seçkini udmaq üçün əllərindən gələni edirlər və edəcəklər. Bunun qarşılığında Qərbdən hələ elə bir fəallıq çox təəssüf ki, görünmür. Bu da həm Ermənistan hakimiyyətini, həm Paşinyanın qalib gəlməsini istəyən hər kəsi narahat etməlidir. Əgər rusiyayönümlü qüvvələr qalib gələrsə, şübhə yox ki, yenidən Qarabağ məsələsi qaldırılacaq, sülh sazişi imzalanmayacaq, yeni konstitusiyanın qəbulu prosesi dayanacaq, Zəngəzur dəhlizinin açılması prosesi dayanacaq. Yəni çox böyük problemlər yaranacaq. Bu səbəbdən Paşinyanın qalib gəlməsini istəyən bütün qüvvələr ən azı Rusiya qədər fəallaşmalı və əllərindən gələni etməlidirlər ki, Paşinyan seçkidə qalib gəlsin, bölgədə baş verən çox böyük geosiyasi dəyişikliklərin dönməzliyi təmin olunsun, Rusiyanın bölgəni tərk etməsi prosesi bir az da sürətlənsin".

Tahirə Qafarlı