ABŞ prezidenti Donald Tramp İsrailin Qərbi Qüdsdəki parlament binasına rəsmi səfəri zamanı Qəzza zolağında “müharibə bitdi” mesajını təkrarlayıb. Ben Qurion hava limanında keçirilən rəsmi mərasimdən sonra Tramp Qərbi Qüdsə yola düşüb və İsrail parlamentinə gəlib. Onu orada İsrailin baş naziri Binyamin Netanyahu və parlamentin sədri Əmir Ohana qarşılayıb. Qarşılanma mərasimindən sonra Tramp parlamentin xatirə kitabını imzalayaraq, “Bu mənim üçün böyük şərəf və gözəl bir gündür - yeni başlanğıcdır” sözlərini yazıb.
Hafta.az-ın yazdığına görə, Tramp parlamentin girişində mətbuatın suallarını da cavablandırıb. Əldə edilən razılaşmaya görə bu günü əlamətdar gün olaraq xarakterizə edən Tramp, İsrailə yola düşərkən təyyarədə verdiyi açıqlamanı təkrarlayaraq, Qəzzada müharibənin bitdiyi mesajını təkrarlayıb və Həmas-ın razılaşmaya əməl edəcəyini bildirib. Trampın Netanyahunun iştirakı ilə “müharibə bitdi” bəyanatı diqqət çəkib. Dünən axşam verdiyi açıqlamada Netanyahu isə “Qəzzaya hücumların hələ bitmədiyini” iddia edib.
Qəzza hökumətinin mətbuat xidmətindən verilən açıqlamada atəşkəs və məhbus mübadiləsi razılaşması çərçivəsində İsrail həbsxanalarından buraxılacaq fələstinlilərin qarşılanması üçün hazırlıqların davam etdiyi bildirilib.
Azad ediləcək fələstinli məhbusları qarşılamaq üçün 7 mindən çox adamın çalışdığı, uzun müddətdir İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslara səhiyyə və digər xidmətlərin göstərilməsi üçün lazımi hazırlıqların görüldüyü bildirilib.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada, işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah yaxınlığındakı Ofer həbsxanasından xəstə bir məhbusu çıxarmaq üçün bir qrup göndərdikləri bildirilib. Həmas atəşkəs və məhbus mübadiləsi razılaşması çərçivəsində Qəzzada ikinci təhvil məntəqəsində 13 israilli məhbusu Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib və sağ qalan bütün israilli məhbusları azad edib.

İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Həmas israilli məhbusları Qəzza zolağının cənubundakı Xan Yunisdə Qırmızı Xaç nümayəndə heyətinə təhvil verib.
Həmas-ın 13 israilli məhbusu Qırmızı Xaç nümayəndə heyətinə təhvil verməsi ilə Qəzza zolağında sağ qalan 20 israilli məhbusun hamısı azad edilib.
Səhər saat 8:00 radələrində Həmas yeddi israilli məhbusu Qırmızı Xaç qruplarına təhvil verib. İsrail ordusu məhbusların Qırmızı Xaç tərəfindən götürüldüyünü və sərhədi keçdiyini açıqlayıb. Sərbəst buraxılanların 7 nəfərin adları belədir: Eitan Mor, Alon Ohel, Ziv Berman, Gali Berman, Guy Gilboa-Dalal, Omri Miran və Matan Angrest. Qızıl Xaç nümayəndə heyəti tərəfindən təhvil verilərək İsrailə yola salınan məhbusların tibbi müayinədən keçiriləcəyi bildirilib.
Ümumiyyətlə, Həmas-ın sərbəst buraxdığı 20 israilli məhbusun adları belədir: Elkana Bohbot, Matan Angrest, Avinatan Or, Yosef-Haim Ohana, Alon Ohel, Evyatar David, Guy Gilboa-Dalal, Rom Braslavski, Gali Berman, Ziv Berman, Eitan Mor, Segev Kalfon, Nimrod Koen, Eytan Mayker, Maksim Hörnq, Maksim Xerkin, Bar Kuperşteyn, David Cunio, Ariel Cunio və Omri Miran.
İsrail mediası elan edilən siyahının Təl-Əviv hökumətinin gözləntilərinə uyğun olduğunu bildirib.
Fələstinli Əsirlərin Media İdarəsi atəşkəs və əsir mübadiləsi çərçivəsində İsrail tərəfindən ömürlük həbsə məhkum edilmiş 250 fələstinlinin və 2023-cü ilin oktyabr ayından Qəzzada saxladığı 1718 fələstinlinin adlarını açıqlayıb. Açıqlamada ömürlük həbs cəzasına məhkum edilən fələstinlilərdən 143-nün azadlığa buraxılacağı qeyd olunub.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada atəşkəsin tətbiqi ilə İsrailin aylarla davam edən blokadasından sonra humanitar yardım axınında əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib. BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisindən (OCHA) verilən açıqlamada, İsrailin humanitar yardım axınının qarşısını alan və aylardır davam edən blokada səbəbiylə aclıq elan edilən Qəzzada oktyabrın 10-da qüvvəyə minən atəşkəsin yardımlara təsiri diqqətə çatdırılıb.

Bəyanatda məcburi köçkün ailələrinə paylanacaq ərzaq, dərman və çadır axınının artdığı qeyd edilib və ümumilikdə 190 ton humanitar yardımın paylanması üçün lazımi icazələrin alındığı bildirilib.
Bəyanatda vurğulanıb ki, BMT Qəzzada xilasedici xidmətlərə ehtiyacı olan hər kəsə çatmaq üçün atəşkəsin ilk 60 günündə humanitar yardım fəaliyyətlərinin əhatəsini genişləndirməyi planlaşdırır.
İsrail ordusu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəsmilərinin Qəzza zolağının şimalında əsir mübadiləsi çərçivəsində təhvil-təslim məntəqəsinə yollandığını açıqlayıb. Ordunun bəyanatında, “Alınan məlumata görə, Qırmızı Xaç Qəzzanın şimalındakı görüş nöqtəsinə doğru irəliləyir. Məhkumların bir hissəsi orada Qırmızı Xaça təhvil veriləcək” deyilib.