ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoymaq üçün 20 bəndlik planının nəticələrinin müzakirəsi davam edir. Plan beynəlxalq dəstək qazansa da, bəzi fələstinlilər buna şübhə ilə yanaşır.
Hafta.az-ın yazdığına görə, Trampın Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransından əvvəl paylaşılan plan Qəzza zolağının müvəqqəti olaraq texnokrat Fələstin komitəsi tərəfindən idarə olunmasını nəzərdə tutur. Onun fəaliyyətinə Trampın sədrlik etdiyi “Sülh Şurası” nəzarət edəcək.
Netanyahu tərəfindən də təsdiqlənən plana Britaniyanın keçmiş baş naziri Toni Bleyr də daxil olacaq. Planın formalaşmasında Bleyr və Trampın kürəkəni Jared Kuşner mühüm rol oynayıb.
Komitənin fəaliyyəti Fələstin Milli Administrasiyası “yenidən strukturlaşdırılana” qədər davam edəcək. Fələstin prezidenti Mahmud Abbas Trampın planını dəstəklədiyini və bunun “iki dövlətli həll yolunu quracağını” bildirib. Beynəlxalq Sabitləşdirmə Qüvvələri (ISF) regionda təhlükəsizliyə cavabdeh olacaq. Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və Misir kimi ölkələrdən dəstək alan plan İsrail ordusunun Qəzzadan mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur. Bunun müqabilində Həmas-ın silahları yerə qoyaraq girovları azad edəcəyi gözlənilir.
“The Wall Street Journal” qeyd edir ki, Tramp aylardır Həmas-a təzyiqləri artırıb və bazar ertəsi Fələstin təşkilatına ultimatum verib. Dünənki açıqlamasında Tramp 72 saat ərzində planı qəbul etmədiyi təqdirdə təşkilatın “aradan qaldırılacağı” ilə hədələyib: “Belə olan halda İsrail Həmas təhlükəsini aradan qaldırmaq missiyasını başa çatdırmaq üçün mənim tam dəstəyimi alacaq”.
Qeyd olunur ki, planda “iki dövlətli həll” termini qeyd olunmur.
Həmas hələlik bu təklifə münasibət bildirməyib. Bununla belə, “Əl-Cəzirə”nin məlumatına görə, Fələstin təşkilatı bu təklifi “məsuliyyətlə” dəyərləndirməyə söz verib.
“The Guardian” xəbər verir ki, ABŞ-ın keçmiş prezidentləri Co Bayden və Barak Obama administrasiyalarında çalışmış diplomatlar plana müsbət münasibət bildiriblər.
Obama administrasiyası dövründə ABŞ-ın İsraildəki səfiri vəzifəsində çalışmış Den Şapiro bir çox detalların hələ həll olunmadığını bildirsə də, Trampın planını “etibarlı” saydığını bildirib və əlavə edib: “Növbəti addım Həmas-ın planı qəbul etməsidir və bunun baş verməsi üçün Qətər və Türkiyə Həmas-a güclü təzyiq göstərməlidir.
Bu arada, bəzi qəzzalılar ABŞ-İsrail birgə planına şübhə ilə yanaşır. AFP-yə müsahibə verən İbrahim Cudə deyib: “Bu plan açıq şəkildə real deyil. ABŞ və İsrail bu təklifi Həmas-ın heç vaxt qəbul etməyəcəyini bildikləri şərtlərlə hazırlayıb. Bizim üçün bu, müharibə və əzabın davam edəcəyi deməkdir”.
Əbu Mazen Nassar da bədbinliyini ifadə edib: “Bütün bunlar manipulyasiyadır. Müharibənin bitməsi üçün rəsmi zəmanət olmadan bütün girovların azad edilməsini tələb etmək nə deməkdir? Həmas bizi itirdi və özünün yaratdığı seldə boğdu”.
Məhəmməd Beltaji adlı başqa bir fələstinli “Bunların hamısı bir oyundur, biz bunun əvəzini ödəyirik” deyərkən, Ənəs Surur adlı fələstinli gənc nikbinıiyini dilə gətirib: “Bu müharibədə yaşadığımız və itirdiyimiz hər şeyə baxmayaraq, hələ də ümidim var. Heç bir müharibə əbədi deyil. Bu dəfə çox optimistəm və Allahın izni ilə acılarımızı və əzablarımızı unutduracaq bir sevinc anını yaşayacağıq”.