Qırğızıstanda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd olunub

21:49 20.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Qırğızıstandakı səfirliyində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, Azərbaycan diasporunun üzvləri və ölkənin KİV təmsilçiləri iştirak ediblər. İştirakçılar əvvəlcə səfirliyin foyesində 20 Yanvar faciəsini əks etdirən fotostendlərlə və Qarabağ münaqişəsinə dair kitablarla tanış olublar. Onlara 20 Yanvar hadisələri ilə bağlı məlumatlar toplusu təqdim edilib. Tədbir iştirakçıları həmin guşənin qarşısına qərənfillər düzüblər.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov 20 Yanvar faciəsinin səbəblərini və o zaman hökm sürən ictimai-siyasi vəziyyətlə əlaqədar geniş məlumat verib. Bildirilib ki, ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Qeyd olunub ki, faciənin səbəbi Ermənistanın əsassız torpaq iddialarına etiraz edən Azərbaycan xalqını cəzalandırmaq idi. Lakin yüzlərlə mülki şəxsin öldürülməsi, yaralanması və həbs olunması xalqımızı qorxutmadı, əksinə, daha da sıx birləşdirdi. Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda sonacan mübarizə aparmağa qərar verdi. Bütün xalq anlayırdı ki, azadlığa və ərazi bütövlüyünə gedən yol yalnız müstəqillikdən keçir. Ulu öndər Heydər Əliyevin milli dövlət strategiyası və bu xəttin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz və xalqımız müstəqilliyini qoruyub saxlaya bilib. Həmin strategiya 8 Noyabr – Zəfər Günü ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə məntiqi nəticəsini tapıb.

L.Qəndilov bildirib ki, Ulu Öndər özünün və ailəsinin həyatını təhlükədə qoyaraq 20 Yanvar faciəsindən dərhal sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək qətliamı törədənləri qətiyyətlə ifşa edib, faciəyə siyasi qiymət verilməsini və cinayətkarların cəzalandırılmasını tələb edib. Vurğulanıb ki, o zaman 20 yanvar hadisələri barədə həqiqətləri dünya Heydər Əliyevin dilindən eşidib.

Səfir qeyd edib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Qırğızıstanın Əməkdar hüquqşünası Əzizağa Əliyev və diasporun üzvləri 20 Yanvar hadisələri ilə bağlı acı xatirələrini bölüşüblər, diasporun hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunu dəstəklədiyini ifadə ediblər.

Paytaxtdakı “Türkel” Media Qrupunun baş redaktoru Ramiz Məşədihəsənli xatırladıb ki, 1990-cı il yanvarın 19-da “Alfa” qrupu tərəfindən Azərbaycan televiziyasının enerji bloku partladılıb, Azərbaycan vətəndaşları informasiya almaqdan məhrum edilib.

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin, Ombudsmanın bəyanatları, o cümlədən səfirliyin bununla bağlı məlumatlar toplusu Qırğızıstan Xarici İşlər Nazirliyinə, bu ölkədə akkreditə olunmuş diplomatik missiyalara və beynəlxalq nümayəndəliklərə, eləcə də yerli kütləvi informasiya vasitələrinə gönrərilib.

Səfir iştirakçılara və çıxış edənlərə təşəkkürünü bildirib və şəhidlərin xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını deyib.

Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr edilmiş film göstərilib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı və səfirliyin hazırladığı material kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Eyni zamanda, keçirilən tədbir haqqında material Qırğızıstan İctimai Televiziya və Radio Yayım Korporasiyası və “STV” televiziya kanalında nümayiş olunub.

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar səfirliyin bayrağı yarıya qədər endirilib. Bu gün Bakı vaxtı ilə saat 12.00-da səfirlik əməkdaşları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Oxunma sayı 107