Dünya üzərində qida məhsullarının qiymətində mərhələli şəkildə artım müşahidə edilir. BMT-in ərzaq təhlükəsizliyi ilə bağlı verilən hesabatında bu haqda məlumat verilib. Ölkəmizdə qiymət artımı vətəndaşların büdcəsinə kifayət qədər təsir edir.
Bu fikirləri hafta.az-a iqtisadçı ekspert Fuad İbrahimov deyib. Onun sözlərinə görə, bir çox ərzaq məhsulları artıq ilin əvvəlindən etibarən bahalaşıb:
"Bitki yağlarını burada xüsusi vurğulamaq olar. Şübhəsiz ki buna ilk təsir edən amil bazarlardakı rəqabətsiz mühitdir. Onu da nəzərə almaq lazımdır ki ölkəmizdə son dövrdə ticarətdə endirim siyasəti kampaniyalar üzərində qurulub. Bu hala isə ən çox iri ticarət mərkəzlərində rast gəlinir. Şəhər kənarı ərazilərdə isə ƏDV ödəyicisi olmayan, kiçik ticarət məntəqələrindən hər hansı əlverişli məhsul əldə etmək mümkündür. Hazırda qiymət artımına təsir edən ən əsas səbəb inhisarçılıq anlayışıdır. Fikrimcə bazara kəndlərdən məhsulların girişinə sərbəstlik yaratmaq lazımdır. İdxal amili ilə də qiymətlərə təsir etmək mümkündür”.