Qızıl rekord həddə bahalaşıb

19:32 02.03.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,2 faiz artaraq 2 043 ABŞ dollarına bərabər olub. Birja məlumatlarına əsasən, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,07 faiz artaraq 22,75 dollar təşkil edib. Qeyd edək ki, son illər dünya birjalarında qızıl və gümüşün bahalaşmasına baxmayaraq xüsusilə qızıla tələbat yüksəkdir. Hətta ötən il qlobal bazarda qızıla olan tələbat rekord səviyyəyə çatıb. Belə ki, Dünya Qızıl Şurasının (WGC) “Qızıl Tələb Trendləri 2023” hesabatında yer alan məlumata görə, qlobal qızıl tələbi keçən il 3 faiz artaraq, 4 min 898 tonu ötüb. Bu, rekord göstərici sayılır. Şuranın hesabatında ümumi qızıl tələbinin keçən il 2022-ci ilə nisbətən 3 faiz artaraq 4 min 898,8 ton rekord səviyyəyə çatdığı ifadə edilib. Hesabatda qeyd olunub ki, qlobal illik qızıl zərgərlik tələbi keçən il 2093 ton olub və əvvəlki ilə nisbətən əhəmiyyətli bir dəyişiklik baş verməyib. Texnoloji və elektron məhsullarda istifadə edilən qızılın miqdarı hesabatda ilk dəfə olaraq 4 faiz azalaraq illik 300 tondan (297,9 ton) aşağı düşüb.Bu gün Azərbaycanda qızıl bazarındakı qiymətlərdə xeyli artım müşahidə olunur.

Yeri gəlmişkən, daşınmaz əmlakdan sonra qızıl bütün dövrlərdə sərmayə yatırımı üçün ən etibarlı vasitə olub. Daşınmaz əmlaka yatırım etmək imkanında olmayan vətəndaşlar vəsaitlərini qızıla yatırım etməklə saxlamağa çalışırlar. Bəs, görəsən, Azərbaycanda qızıl bazarında vəziyyət necədir? Qızıla tələbat varmı? Vətəndaşlar daha çox hansı əyarda qızıl məmulatı almağa üstünlük verirlər?

Qeyd edək ki, Azərbaycana qızıl əsasən Türkiyə, İtaliya, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Rusiya, Hindistan, Tailand və digər ölkələrdən idxal olunur. Yerli bazarda təqdim olunan məmulatların təxminən 50-55 faizi Azərbaycan istehsalı, geri qalan hissəsi isə idxaldır. Qızıl satışı ilə məşğul olan sahibkarların sözlərinə görə, alıcıların əsas tələbatı Türkiyə və Rusiya istehsalı olan 585 əyarlı qızıllaradır. Bununla yanaşı, yerli müştərilər İtaliya qızıllarına da üstünlük verirlər.  Hazırda bazarda 585 əyarlı qızılın qiyməti 75-80 manatdan, 750 əyarlı məmulatların qiyməti isə 95-110 manatdan başlayır. Bu, qramla satılan qızıl məmulatları seqmentinə aiddir. İkinci seqment isə brend məmulatlardır. Onlarda tələbat əyarına və qramına görə deyil, brendin öz dəyərinə görə qiymət verilir.

Sahibkarlar qızıl bazarında bahalaşmanın olduğunu da təsdiqləyiblər və bildiriblər ki, bahalaşma dünya bazarında qızılın qiymətinin artması ilə bağlıdır.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov bildirir ki, ümumiyyətlə, son 10 ildə qızılın qiyməti davamlı şəkildə bahalaşıb: “Bunun da bəzi səbəbləri var. Məsələn, son 3-4 ildə qızıl bəzi ölkələrin ehtiyat yatırımı kimi diversifikasiya olunmuş və sığortalanmış alternativinə çevrilib. Yəni, öz ehtiyatlarını hansısa dönərli valyuta deyil, qızılda saxlamağa üstünlük verirlər. Əsasən də Türkiyə, Hindistan, Sinqapur və digər inkişaf yolunu tutmuş ölkələr öz qızıl ehtiyatlarını kəskin şəkildə artırmaqla məşğuldur. Ukrayna müharibəsi başlayandan sonra isə Rusiyanın maliyyə kapitalının xarici banklarda dondurulması da göstərdi ki, valyuta ilə ehtiyat saxlamaq təhlükəlidir. Bir neçə dövlət ABŞ dollarından imtina etmək üçün bu yoldan istifadə edir. Qızıl bazarında tələbin artması qiymətlərin bahalaşmasına birbaşa təsir edir”.

Ekspert onu da vurğulayır ki, əgər əvvəllər qiymətlər tələb və təklifə əsasən müəyyənləşirdisə, artıq vəziyyət dəyişib: “Bu gün qiymətlər “gözəgörünməz qüvvə” adlandırdığımız spekulyativ proseslərə əsasən tənzimlənir. Onlar bir anda proqnozların əksinə gedərək, qiymətləri yeni trendə daxil edirlər. Bununla belə, tələbat artarsa, qəfildən əks-trend baş verə bilər, yəni qiymət ucuzlaşa bilər. Hazırkı mühitdə bu məsələ istisna olunmur. Bir sözlə, qızıl bazarında vəziyyətin dayanıqlı olmaması gözləniləndir”.

Daxili bazarda qızılın qiymətinə gəlincə, ekspert hesab edir ki, bu sahədə müəyyən boşluqlar mövcuddur: “Ölkəmizə qızılın, əsasən, hazır məhsulun gətirilməsi ilə bağlı uçot işləri hələ də tam formalaşmayıb, yəni idxalının, zinət əşyalarının alınması və ölkədən çıxarılması, eləcə də ƏDV ilə bağlı dövriyyəsi, vergi öhdəlikləri lə bağlı rəsmi uçotu aparılmır və şəffaflaş mənzərə yoxdur. Məndə olan məlumata görə, zərgərlər İqtisadiyyat Nazirliyi ilə bu məsələnin reallaşması üçün danışıqlar aparırlar qanunvericlik bazası əsasında hansısa bir optimal formada idarə etməyə çalışırlar. Amma buna baxmayaraq daxili qızıl bazarında vahid uçot sistemi yoxdur”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, dünya birjalarında qızılın qiymətinin qalxması qlobal maliyyə bazarındakı vəziyyətlə bağlıdır: “Son illər ərzində, xüsusən də ötən ildən başlayaraq dünyanın maliyyə bazarlarında vəziyyət qeyri-müəyyəndir. Ona görə də, inverstorlar öz vəsaitlərini qiymətli metallara yatırmağa daha çox üstünlük verirlər. Bu da qızılın qiymətinin artması ilə nəticələnib. Təbii ki, belə hallar periodik olaraq müşahidə edilməkdədir və indiki vəziyyətdə müvəqqəti xarakter daşıyır. Dünya maliyyə bazarlarında “sabun köpüyü” yoxa çıxdıqdan sonra, bir çox şeylər aydınlaşacaq, bundan sonra qiymətli metalların və qızılın qiyməti sabitləşməyə başlayacaq”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, yerli sahibkarlar bu məhsulları ölkəyə gətirən zaman satış qiymətlərini maya dəyəri əsasında müəyyənləşdirməyə çalışırlar. Onun sözlərinə görə, dünya bazarlarında qiymət dəyişiklikləri kiçik diapazonda olduğundan, onun orta və uzunmüddətli perspektivdə Azərbaycanın qızıl bazarına təsiri gözlənilmir: “İlk növbədə onu qeyd edim ki, Azərbaycan bazarı qlobal qızıl bazarlarına zəif inteqrasiya olunub. Bu əmtəə növü investisiya aləti kimi geniş istifadə olunmadığı üçün qiymətlərə də nisbətən zəif reaksiya verir. Azərbaycanda qızıldan daha çox zinət əşyası kimi istifadə olunur. Dünya bazarlarında qızılın qiymətində dəyişikliklərin kiçik diapazonda olduğunu nəzərə alsaq, bu halda onun orta və uzunmüddətli dövrdə Azərbaycan qızıl bazarına təsirini gözləmirik. Xüsusilə də gündəlik qiymət dəyişikliyi daha çox xam qızılın alışı və satışında baş verir. Bu məhsulların Azərbaycanın bazarından çıxarılması və daxil olması intensivliyi zəifdir. Ona görə də gündəlik qiymət dəyişikliyinə birbaşa uyğunlaşmanı həyata keçirmək mümkün olmur. Qızılın, sadəcə, zinət əşyası kimi alışı və satışı zamanı bu dəyişikliklərin heç bir təsiri hiss olunmayacaq. Buna təsir edən amillərdən biri ölkədə ümumi dövriyyənin kiçik olmasıdır. Sahibkarlar bu məhsulları ölkəyə gətirən zaman satış qiymətlərini maya dəyəri əsasında müəyyənləşdirməyə çalışırlar. Yəni sahibkarlar qiymətlər bahalaşanda, məhsulun satış qiymətlərini artırır, ucuzlaşdıqda isə zərərə uğramamaq üçün əvvəlki qiymətlərə qayıdırlar”.